waplog

Bakı Metropolitenində rabitə vasitələrində müasir standartların tətbiqi davam etdirilir


Bakı Metropolitenində rabitə vasitələrində müasir standartların tətbiqi davam etdirilir. Hazırda yeraltı yolların bütün xətlərində rabitənin müxtəlif növləri tətbiq olunur. Buraya qatar-dispetçer rabitəsi, qatar-radio rabitəsi, tunel rabitəsi, elektrik dispetçeri, elektromexanika dispetçeri, eskalator dispetçeri, dispetçerlərin qəza-bərpa dəstələri ilə rabitə əlaqəsi, yolayrıcı rabitəsi, metropoliten üzrə müşavirələr rabitəsi, polis rabitəsi, dispetçer məntəqələri ilə İMB, avtomatika, telemexanika obyektləri ilə xidməti rabitə, inzibati-təsərrüfat və məlumat rabitəsi daxildir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Qurumdan bildirilib ki, park yollarında qatar maşinistləri ilə manevr rabitəsi tətbiq olunmalıdır: “Təlimata görə, dispetçer rabitə vasitələri ilə aparılan danışıqlar lentə alınmalıdır. Stansiyalarda, qatarların dönmə və əyləmə yollarında olan işçilərə, eləcə də stansiyadakı sərnişinlərə lazımi məlumatı çatdırmaq üçün ucadandanışan qurğular sistemi tətbiq olunur. Son illərin əsas yeniliklərindən biri də videomüşahidə sistemidir. Bundan başqa, stansiya və xidməti otaqlar elektrik və ya elektron saatlarla təchiz edilir. Vaxtı saniyə ilə göstərən belə saatlar stansiyalarda qatarların hərəkət istiqamətində quraşdırılır”.

Ümumiyyətlə, Bakı Metropoliteninin rabitə sistemləri yarım əsrə yaxın istismar dövrünü əhatə edir və hal-hazırda genişmiqyaslı yenilənməyə ehtiyacı var: “Rabitə təsərrüfatının yeniləşdirilməsi uzun müddət və böyük vəsait tələb edən prosesdir və metropolitendə bu proses artıq bir neçə ildir ki, başlayıb”.

Bu işlər sırasında müasir standartlara cavab verən ATS-i, stansiyalardakı interval saatlarını, elektrik dispetçer rabitəsində dispetçer paylayıcı tonal stansiya (DPTS) dayaqlarının tətbiqini, stansiyaların “Kaskad” tipli kommutatorlarla təchiz edilməsini, dispetçer rabitə xətlərində yeni gücləndiricilərin qurulmasını, dispetçerlərin (qatar, elektrik, sanitariya texnikası və eskalator) selektorlarının yeniləşməsini göstərmək olar. DPTS çağırışların tonal siqnallarını xəttə ötürür. Bunun üçün 7 tezlikdən istifadə olunur və Hər bir abonentə fərdi və qrup çağırışları üçün kombinasiyaya verilir.

“Dispetçerlərin bütün abonentlərlə rabitəsi bu stansiyaya oturdulur. Gələcəkdə qatar rabitəsində 3 pultun – 2 xətt və bir baş dispetçer pultunun tətbiqi də mümkün olacaq. Belə ki, bu gün baş dispetçer idarəetməyə qoşulmaq üçün öz otağını tərk edib, birinci və ya ikinci dairə dispetçerinin pultu arxasına keçməlidir. Amma DPTS dayağının tam tətbiqi nəticəsində baş dispetçerin özünün ayrıca pultu olacaq. Bu sistemin bir üstünlüyü də ondadır ki, bir xəttə bir neçə – 5-6 abonenti oturtmaq olur və onlar hərəsi öz kodundan istifadə etməklə bir-birinə mane olmadan danışa bilirlər”.

Qurumdan qeyd edilib ki, metropolitendə rabitənin keyfiyyətinin yüksəldilməsində UD-3 tipli gücləndiricilərin də xüsusi rolu var: “Estetik baxımdan daha müasir, texniki cəhətdən yüksək keyfiyyətli bu gücləndiricilər bütün dispetçer mərkəzləşmə məntəqələrində quraşdırılıb.

Gücləndiricilər uzaq məsafələrə ötürülən siqnallar üçün də nəzərdə tutulub. Bundan başqa, elektrik təchizatı xidmətinin rabitə qurğuları aralıq məsafələrə ötürülən xüsusi siqnalların gücləndiriciləri ilə də təmin olunublar”.

Bundan başqa, hazırda metropolitendə öz texniki göstəricilərinə və iş prinsiplərinə görə əvvəlkilərdən üstün olan “Orion” tipli radiostansiyalar da quraşdırılıb: “Onlar daha davamlı, daha keyfiyyətli, efir maneələrinə qarşı yüksək müqavimətli rabitəni təmin edirlər. Hər radiostansiyanın özünün xidmət diapazonu var. Rabitə vasitələrinin təkmilləşdirilməsi prosesi bütün metropoliten xidmətlərini əhatə edir”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL