Balakəndə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib
“İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda növbəti tədbir İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə sentyabrın 18-də Balakən rayonunda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak etmişlər.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev paytaxt Bakı ilə yanaşı, regionlarda da informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndiyini, bu sahədə işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Nazirlikdə qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini vurğulayan Zaur Qasımov elektron xidmətlərin tətbiqinin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinin “http://www.economy.gov.az/” internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümimiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı videoəlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan onlayn rejimində videotəlim sistemi, “http://www.icazeler.gov.az/” icazələrin elektron informasiya portalı, “http://www.b2b.az/” elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun direktoru Vüqar Əhmədov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərin tətbiqinin xüsusi əhəmiyyətini vurğulamış, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Yunis Əbdülkərimov isə elektron xidmətlərin sahibkarlarla icra strukturları arasında əlaqələrin keyfiyyətinin daha da yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına xidmət etdiyini vurğulayıb.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdiriblər.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL