waplog

“ASAN” mərkəzlərinin fəaliyyəti, göstərdiyi xidmətlər barədə internet sayt və çağrı mərkəzi ilə məlumat almaq, növbəyə yazılmaq mümkün olacaq


“Konstitusiya” Araşdırmalar Fondu, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və QHT-lərin Antikorrupsiya Şəbəkəsinin təşkilati dəstəyi ilə “ASAN (Azerbaijan Service and Assessment Network) xidmətləri necə təşkil olunmalıdır?” mövzusunda “dəyirmi masa” keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbir Avrasiya Əməkdaşlıq Fondunun  “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı üzrə həyata keçirdiyi “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində təşkil edilib. Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun  prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, layihə çərçivəsində “Vahid pəncərə”  modeli əsasında dövlət xidmətlərinin göstərilməsi sahəsində 9 ölkənin təcrübəsi öyrənilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin işinin qurulması ilə bağlı Təkliflər Paketi hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Fondun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi statusu, fəaliyyət sferası və “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət  qaydaları, xidmətlər və onların göstərilməsi qaydaları, Mərkəzlərin fəaliyyətinin təşkili, İKT-dən istifadə olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqla bağlı təkliflər nəzərə alınıb.

Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Zümrüd İsmayılovanın sözlərinə görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin işinin qurulması ilə bağlı  “Konstitusiya” Araşdırmalar Fondunun təkliflərinin bir çoxu nəzərə alınıb və bu, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq nöqteyi-nəzərindən olduqca əhəmiyyətli addımdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri İnam Kərimov isə qeyd edib ki, agentliyin ilk görüşünün vətəndaş cəmiyyəti institutları ilə keçirilməsi təsadüfi deyil. Agentliyin, “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun təklifləri nəzərə alınıb və gələcəkdə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq ediləcək.

Eyni zamanda tədbirdə səslənən təkliflər və fikirlər də nəzərdən keçiriləcək. 
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibliyinin əməkdaşı Vüsal Hüseynov qeyd edib ki, dövlət başçısı tərəfindən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib: “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərinin yaradılması və fəaliyyəti bu fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcək”.

“ASAN xidmətlər” necə təşkil olunmalıdır?” mövzusunda məruzə ilə çıxış edən İ.Kərimov bildirib ki, “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilk növbədə vətəndaşın vaxtına qənaət edilməsinə, vətəndaşların rahat, nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsinə hesablanıb: “Mərkəzlər nahar fasilələri olmadan, şənbə-bazar günləri də daxil olmaqla təqvimin bütün günləri işləyəcəklər.  

Həmçinin, onların iş saatı saat 18:00-da yox, 20:00-da bitəcək. Vətəndaşlar işdən çıxdıqdan sonra mərkəzlərin xidmətlərindən yararlana biləcəklər. Mərkəzlərin fəaliyyəti, göstərdiyi xidmətlər barədə internet sayt və çağrı mərkəzi ilə məlumat almaq, növbəyə yazılmaq mümkün olacaq. Mərkəzlər həmçinin, səyyar xidmət göstərəcəklər. Mərkəzlərin fəaliyyətinin əsas kredosunu xidmətlərdən istifadə edən vətəndaşların razı qalması prinsipi təşkil edəcək”.

“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı dünya təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Tədbir iştirakçılarına Braziliya, Almaniya, Yunanıstan, Rusiya və Qazaxıstan təcrübəsi barədə məlumat verilib. O, həmçinin “ASAN xidmət” mərkəzlərinin gələcək fəaliyyətinin inkişafı ilə bağlı fond tərəfindən hazırlanmış təkliflərin bir hissəsini diqqətə çatdırıb.

Bildirib ki, Konstitusiya” Araşdırmalar Fondu “Dövlət xidmətləri haqqında” qanunun qəbulunu, vətəndaşlara və hüquqi şəxslərə göstərilən dövlət və bələdiyyə xidmətlərinin vahid reyestrlərinin hazırlanmasını, vətəndaşlara və hüquqi şəxslərə göstərilən dövlət xidmətlərinin müasir standartlar əsasında və “Bir pəncərə” modeli üzrə tətbiqi perspektivi nəzərə alınmaqla yenidən təşkili, prosedurların sadələşdirilməsi, elektronlaşması ilə xidmətlərin keyfiyyətinin artırılması işinə İSO keyfiyyət standartlarının tətbiqini təklif edir.

O,  həmçinin, “ASAN xidmət” mərkəzləri ilə bağlı beynəlxalq təcrübə və Təkliflər Paketi ilə tam həcmdə fondun saytında (www.kafondu.com) yerləşdirildiyini bildirib. 

Müzakirələr zamanı QHT rəhbərləri və ekspertləri öz təklif və fikirlərini səsləndiriblər. Səslənən təklif və fikirlərə münasibət bildirən, sualları cavablandıran  İ.Kərimov qeyd edib ki, ilkin olaraq pilot layihəsi kimi bir neçə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Daha sonra isə Bakı şəhərində və regionlarda da mərkəzlər yaradılacaq. Mərkəzlər üçün müvafiq standartlara cavab verən ayrıca binalar tikiləcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirəcəyi test imtahanları ilə seçiləcək. Hazırda agentliyin strukturunun formalaşması ilə bağlı işə başlanılıb və bu proses başa çatdıqdan sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiya imtahanlar haqqında elan verəcək.

Agentlik sədri bildirib ki, rəhbərlik etdiyi qurum dövlət xidmətlərinin optimallaşdırılması, sadələşdirilməsi, elektron xidmətlərin təqdim edilməsi prosesinin sürətləndirilməsi ilə bağlı iş aparacaq və bu, əsas vəzifələrdən biri kimi nəzərdən keçirilir. O, agentliyin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq barədə səslənən fikirlərlə bağlı qeyd edib ki, QHT-lər bu barədə özləri təşəbbüslə çıxış etməlidirlər. Agentlik isə bu təşəbbüsləri dəyərləndirəcək və əməkdaşlıq modeli ilə bağlı QHT-lərlə birgə müzakirələr aparılaraq müvafiq addımlar atılacaq.
 
Həqiqət İSABALAYEVA
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL