Elektron formada sığorta fəaliyyətinə lisenziyanı necə almaq olar?
Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir. “ICTnews.az” elektron xəbər xidməti bildirir ki, sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər də lisenziyanı elektron qaydada ala bilər. Bununla əlaqədar olaraq nazirliyə ilkin müraciət üçün elektron müraciət göndərilməlidir. E-müraciət forması Maliyyə Nazirliyinin rəsmi internet səhifəsinin (maliyye.gov.az) «Elektron xidmətlər» bölməsində yerləşdirilib.
Nazirlik bildirir ki, bu formanı doldurub göndərəndən sonra şəxsin göstərdiyiniz e-poçt ünvana yoxlama məktubu göndəriləcək. Həmin məktubda şəxs tərəfindən daxil edilən məlumat dərc olunacaq. Sığorta fəaliyyəti göstərmək istəyən kəs e-ünvana gələn məlumatı təsdiqləməlidir, ya da səhv tapılarsa, forma yenidən doldurulmalıdır. Sığorta fəaliyyəti göstərmək niyyətində olan şəxslər lisenziya almaq üçün ilkin müraciətində VÖEN, təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, faktiki telefon nömrəsi, e-poçtla bağlı olan suallara dolğun, dəqiq və lakonik cavabları nazirliyin saytında göstərilən abzaslarda qeyd etməlidir.
Müraciətə əlavə olunacaq elektron sənədlər
Elektron qaydada lisenziya almaq istəyən şəxslər bir sıra sənədləri nazirliyə internet vasitəsi ilə təqdim etməlidir. Nazirlik sənədləri elektron fayl şəklində doc (docx), «pdf» ya da «jpg» (jpeg) formatlarında və hər birinin həcmi 2 Mb-dan artıq olmamaq şərtilə qəbul edir. MN xahiş edir ki, bu zaman göndərilən fayları adlandıranda, faylın adına müəssisənin adını əlavə etmək lazımdır. Məsələn: “müəssisəninadı_ərizə.doc”, “müəssisəninadı_vergiuçotu.pdf” və s.
Lisenziya verilməsi ilə bağlı müraciət məktubu (sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət) da əlavə olunan sənədlər siyahısındadır.
Sığortaçının təsisçisi olmaq istəyən şəxslərin elektron təsdiqi
Sığortaçının təsisçisi olmaq istəyən şəxslərlə bağlı nazirlik tərəfindən müəyyən edilmiş məlumatları təsdiq edən sənədlər də elektron qaydada MN-in saytında xüsusi ayrılmış abzasda yüklənməlidir. Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün bir sıra tələblərə cavab verməlidir. Bura «müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu» daxildir. Eləcə də nazirlik bildirir ki, yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir: qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.
- Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir: öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu; fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi; son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrar sığorta fəaliyyətini həyata keçirməsi; beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması.
Açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti də nazirliyə təqdim olunmalıdır.
Hüquqi və fiziki şəxslər üçün
Maliyyə Nazirliyi bildirir ki, hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar da təqdim olunan sənədlər sırasındadır. Eyni zamanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti, son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları, nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti də saytda yaradılan xüsusi bölmələrə yüklənməlidir.
Fiziki şəxs olan təsisçilərin isə şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər də skaner edilmiş formada MN-ə göndərilməlidir. Üstəlik, şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd, təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar da göndərilən sənədlər içərisində öz əksini tapmalıdır.
Elektron biznes-plan
Elektron qaydada lisenziya almaq istəyənlər ən azı növbəti 3 il bir sıra məlumatları əks etdirən biznes-plan hazırlamalıdırlar. Bu siyahıya təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği, fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği, sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər, marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları, təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı, təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz, auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat, biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi, istifadə ediləcək ofis binasının, kompyuter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompyuter proqramlarının təsviri, daxili nəzarət mexanizmlərinin təsviri daxildir.
Sonda rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri skan edilmiş variantda nazirliyin «e-xidmətlər»ində ayrılmış bölmədə yerləşdirilməlidir.
Təkrarsığorta fəaliyyəti üçün lisenziyanın elektron qaydada alınması
Maliyyə Nazirliyinin göstərdiyi «e-xidmətlər»ə təkrarsığorta fəaliyyəti üçün lisenziyanın elektron qaydada alınması da daxildir. Burada da şərtlər və tələb olunan sənədlər yuxarıda sadalananlarla eynidir. Təkrarsığorta fəaliyyəti üçün elektron qaydada lisenziya almaq istəyən şəxslər nazirliyin rəsmi internet səhifəsinə daxil olaraq «Elektron xidmətlər» bölməsini seçməlidir. Bu zaman açılan pəncərədən «Xüsusi razılıqlar», «Sığorta fəaliyyəti» və «Təkrarsığorta fəaliyyətinə lisenziya» bölmələrinə daxil olmaqla ilkin müraciət formasını doldurmaq lazımdır.
Sığorta fəaliyyətinə müddətsiz lisenziyanın alınması
Maliyyə Nazirliyi sığorta fəaliyyətinə müddətsiz lisenziyanın alınması üçün edilən müraciətləri elektron qaydada da qəbul edir. Bu zaman VÖEN, təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, faktiki telefon nömrəsi, e-poçt ünvanı nazirliyə təqdim olunmalıdır. Bundan əlavə, ərizə, dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti, lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (bank qəbzi) skan edilmiş formada sayt vasitəsi ilə nazirliyə təqdim olunmalıdır.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL