waplog

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldı


Azərbaycan Prezidenti İlham Əliyev İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

Müəyyən edilib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən qurumdur.

Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılıb ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görsün, dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirsin və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına müvafiq texniki və metodiki kömək göstərsin, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin, kriptoloji fəaliyyətin təkmilləşdirilməsini, elmi-texniki innovasiyaların tətbiqini təmin etsin, tədris və kadrların hazırlanması işini gücləndirsin.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə isə ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasını həyata keçirmək, onlara texniki və metodiki kömək göstərmək, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər görmək və Azərbaycan Prezidentinə vaxtaşırı məlumat vermək tapşırılıb.

Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsinin layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin, fərmanda göstərilən tədbirlərin həyata keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinə zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL