O, XX əsrin ən böyük proqramçılarından biridir
XX əsrin 90-cı illərində "Sun Microsystems" şirkətinin aparıcı mühəndislərindən biri olan Ceyms Qoslinq orijinal proqramlaşdırma dilinin və virtual maşının istehsalçıları qrupuna başçılıq edirdi. Qrupa Bill Coy, Conatan Peyn, Riçard Kox və digər peşəkar mütəxəssislər daxil idi. Hazırlanan mükəmməl proqramlaşdırma dili 1995-ci ildə "Java" adını aldı.
Ceyms Qoslinq 1955-ci il, 19 may tarixində Kanadada dünyaya gəlib. Albert Universitetini bitirib və təhsilini 1983-cü ildə kompüter elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldığı Karnegi-Mellon Universitetində davam etdirib. C.Qoslinq 1984-cü ildə "Sun Microsystems" şirkətində çalışmağa başlayır.
O, proqramlaşdırma sahəsində xüsusi qabiliyyəti və istedadı sayəsində tezliklə kompaniyada nüfuz qazanır. 90-cı illərdə "Green Team" adı ilə tanınan "Sun" firmasının əməkdaşlarından ibarət qrupun tərkibində müxtəlif "ağıllı" məişət elektrik maşınları və cihazlarının proqramlaşdırılması üzərində işləməyə başlayır. Qoslinq o vaxta qədər artıq "UNIX" üçün pəncərə interfeysi – "cNacs" və "News" redaktorunu hazırlamışdı.
Ceyms Qoslinq və məşhur "Java" proqramlaşdırma dili
Nəhayət, Ceyms Qoslinq öz komandası ilə birlikdə xüsusi səylə hazırda "Java" adlandırdığımız proqramlaşdırma dilinin üzərində çalışmağa başlayır. "Sun Microsystems" şirkəti tərəfindən təqdim olunan obyektyönlü "Java" proqramlaşdırma dili struktur və sintaksisinə görə "C" proqram dilinə çox yaxın idi. Bu dil rəsmi olaraq 1995-ci il, 23 may tarixində təqdim olunub."Sun Microsystems" "Java" dilinin inkişafı üçün 1995-ci ilin aprelində veb-brauzer də təqdim edib.
C.Qoslinq sözügedən proqramlaşdırma dilini hazırlayarkən 5 prinsipi qarşısına məqsəd qoymuşdu:
1. dil sadə və obyektyönümlü, xüsusi təlim tələb etməyən;
2. sağlam və təhlükəsiz;
3. arxitekturalara neytral və daşına bilən (bütün sistemlərdə işləyə bilən);
4. yüksək göstəriciyə malik;
5. anlaşıla bilən, tərcümə olunması asan və dinamik olmalıdır;
Başlanğıcda bu dil Ceyms Qoslinq tərəfindən Oak ("palıd") adlandırılmışdı. Yeni hazırlanan OAK dili "ağıllı" ev təsərrüfatında tətbiq edilən məişət cihazları üçün nəzərdə tutulmuşdu. Daha sonra bu ad "Java" ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili "Java kofe" markasının şərəfinə adlandırılıb və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunub.
Qoslinqin yaratdığı dil proqramlaşdırmanın inkişafına nə verib?
Bu dilin yazılmasında əsas diqqət tətbiq asılığını azaltmağa yönəldilib. Tətbiq asılılığı deyərkən "Java"da yazılmış proqramların əməliyyat sistemindən asılı olmayaraq bütün kompüterlərdə eyni tərzdə çalışması nəzərdə tutulur. Hazırda "Java" ən populyar proqramlaşdırma dillərindən biri hesab olunur. Təsadüfi deyil ki, "Dice.com" (texnologiya mütəxəssisləri üçün ən böyük iş elanları saytı) saytının göstəricilərinə görə müxtəlif illərdə bazarda ən çox tələbat olan proqramlaşdırma dili "Java" olub. Kompüter proqramlarının proqramlamasından "veb-application" proqramlamaya qədər geniş tətbiq olunan bir dildir.
"C++" dilinin mürəkkəbliyi və obyekt orientasiyalı olmayan xüsusiyyətləri bu dilin üstünlük qazanmasına səbəb olub. Digər başlıca üstünlük hər hansı platformada kompayl edilən kodun başqa platformalarda da dəyişdirilmədən işlədilə bilməsinə olan ehtiyacdır. Dilin bu xüsusiyyəti "Java" virtual maşını sayəsində həyata keçirilir. "Java" dili mürəkkəbliyi aradan qaldırmaq üçün bir çox "C++" xüsusiyyətini – çox köklü irsiyyət, şablonlar (yeni versiyalarda şablonlar daxil edilib), pointerları özünə daxil etmir. Bundan başqa dildə "C++"- da olmayan tullantı təmizləmə mexanizmi mövcuddur.
"Java" texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə "saat", "qaçan sətir", digər animasiyalar və çat yaratmaq olar.
"Java"nın üstün cəhəti serverdə proqramın işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır.
"Java"nın mənfi cəhəti dilin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı veb-brauzerlərlə işləyən istifadəçilərin bu dildə yaradılmış obyektləri görə bilməməsidir.
"JavaScript" və "Java" – müxtəliflik
Məlumat üçün bildirək ki, "JavaScript" və "Java" arasında yaxınlıq yoxdur. "JavaScript" klient skriptləşdirmə dilidir. "JavaScript" internet səhifənin dinamik imkanlarını genişləndirmək məqsədi ilə istifadə olunur. "JavaScript" dilində yazılmış modul "HTML" faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə "HTML" kodunun uyğun sətrindən çağırılır. Veb-brauzerdə qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir.
"Java" isə "JavaScript"dən fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst tətbiq (proqram) kimi mövcuddur, elmi dildə desək, apletdir. Bu dildən istifadə edərkən aplet uyğun əmr vasitəsilə "HTML" faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.
Dahi ixtiraçı öz sevimli şirkətini tərk edir
C.Qoslinq "Sun Microsystems" şirkəti "Oracle" korporasiyası tərəfindən alındıqdan sonra 2 aprel 2010-cu il tarixdə şirkəti tərk edib. O, öz gedişini "Java" istehsalçılarına yeni rəhbərliyin pis münasibəti, həmçinin aylıq əməkhaqqının azaldılması ilə əlaqələndirib. 2011-ci ilin 28 martından Ceyms Qoslinq "Google" şirkətində işləməyə başlayıb. Bu kompaniyada az müddət işləsə də, bir neçə layihəyə imza atıb. Həmin ilin avqustundan etibarən "Liquid Robotics" şirkətində çalışır. "Liquid Robotics" şirkəti günəş batareyaları ilə işləyən üzən avtomat qurğuların istehsalı ilə məşğuldur.
Bu robotlar sutkalarla dəniz-okean səthində dayanaraq alim, ekoloq və başqa əlaqədar şəxslər üçün lazımlı informasiyanı toplaya bilər. Qoslinq bu şirkətdə aparıcı yaradıcı vəzifəyə malikdir, ona görə də sensor və naviqasiya sistemləri də daxil olmaqla, qurğuların bütün proqram təminatı üçün məsuliyyət daşıyır. Bundan başqa, onun vəzifələrinə aparatlar arasında kommunikasiyaların təkmilləşdirilməsi, həmçinin "bulud" xidmətinin yaradılması daxildir.
Məlumat üçün qeyd edək ki, Qoslinq proqramlaşdırma sahəsində səmərəli fəaliyyətinə görə 2007-ci ildə Kanadanın ən yüksək mülki mükafatı olan "Kanada Ordeni" ilə təltif olunub.
C.Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL