Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcəklər
Taylandın kurort məkanı Pattay iyulun 22-dən 29-dək kompyuter elmi sahəsində yüksək bilik və intellektual səviyyə nümayiş etdirmək əzmində olan gənc virtuozların mübarizə meydanına çevriləcək. Tədbirin təşkilatçıları Tayland Təhsil Nazirliyi, Elm və Texnologiyaların İnkişafı İnstitutudur. Bilik yarışında dünyanın 84 ölkəsindən olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. Olimpiadada ölkəmizi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Bakı Özəl Türk Liseyinin 9-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil edəcək. Qeyd edək ki, Azərbaycan məktəblilərinin bu il Taylandda keçiriləcək İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etməsi məqsədilə AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində Olimpiya Mərkəzi yaradılmışdır. AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə olimpiadaya hazırlıqlar 1 iyun tarixindən 17 iyuladək davam edib.
Komanda üzvlərinə informatikanın riyazi əsasları, alqoritmlərin işlənib hazırlanması və analizi, proqramlaşdırmanın əsasları, əməliyyat sistemləri, proqramlaşdırma texnologiyasının əsasları, hesablama metodları və modelləşdirmə, kompyuter şəbəkələri texnologiyaları sahəsinə dair bilik və bacarığın daha da artırılması, bu biliklərin mürəkkəb məsələlərin həllində qısa zamanda tətbiq edilməsi qabiliyyətinin formalaşması istiqamətində dərslər aparılıb. Treninqlər Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadənin rəhbərliyi altında İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılmışdır. İnformatika üzrə Beynəlxalq Olimpiada ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirilib. Artıq 22 ildir ki, keçirilən olimpiada bu il Tayland Krallığı tarixində ilk dəfə təşkil ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL