Bakı Metropolitenində ən müasir optimal sistemlər tətbiq olunacaq
Sərnişin axını və onun gələcək artımı nəzərə alınaraq, Bakı Metropolitenində yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək, stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq, ventilyasiya ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq, eskalatorlardan əlavə, liftlər və travilatorlar quraşdırılacaq. Sərnişinlərə, xüsusən də fiziki cəhətdən qüsurlu olanlara, metrodan istifadə üçün rahat şərait yaradılacaq, yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən (BM) məlumat verilib. BM-dən bildirilib ki, metropolitenin mövcud stansiyalarının yenidən qurulması, vaqon parkının mütəmadi modernləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə müxtəlif maşın, mexanizm və avadanlıqların alınması, habelə dünyanın aparıcı ölkələrinin təcrübələrinə uyğun olaraq, müasir texnologiyalar əsasında Bakı Metropoliteni obyektlərində təhlükəsizlik şəbəkəsinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, paytaxt üzrə sərnişindaşımanın 30 faizi yeraltı nəqliyyatın payına düşür. İllik sərnişindaşıma 200 milyon, orta gündəlik sərnişindaşıma isə 500 mindən artıqdır. Bu gün metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min nəfərə yaxın sərnişin daşınır. Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən, müvafiq tədbirlər görülmədiyi halda, bu rəqəm 2016-cı ildə kritik həddə - 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər.
Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 m2-də 6 nəfər sərnişin daşınmalıdır. Bu gün Bakı Metropoliteni vaqonlarında günün gur saatlarında 1 m2-də 8-10 nəfər sərnişin daşınır. Aparılmış təhlillərə əsasən, Beynəlxalq Konsorsium tərəfindən perspektiv sxem üzrə hazırlanmış 14 potensial variantdan 5-i seçilib.
Həmin variantlardan biri yekun konseptual inkişaf sxemi kimi təsdiq edilib və müvafiq təşkilatlarla razılaşdırılıb. Təqdim olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 km xətdən ibarət olacaq. Yəni 53 yeni stansiya və 84,3 km yeraltı xəttin inşası nəzərdə tutulub.
Həmçinin, təqdim olunmuş variantda yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində sərnişin nəqliyyatının digər növləri ilə multifunksional nəqliyyat kompleksi ilə inteqrasiya və uzlaşdırma məsələləri də nəzərə alınıb. Belə ki, layihələndirilən yeni stansiyaların giriş-çıxışları şəhərin mövcud yeraltı keçid şəbəkəsi ilə inşa edilən avtodayanacaqlar və iri ticarət mərkəzləri ilə birləşəcək.
Konseptual inkişaf sxeminə görə Bakının mərkəzi hissəsi tam əhatə olunacaq və əhalinin daha sıx məskunlaşdığı ətraf ərazilərə də metro xətləri çəkiləcək. Bu isə sərnişin daşınmasını optimal həddə çatdırmaqla yanaşı, həm də sərnişinlərin şəhərdaxili hərəkətində rahatlığı və çevikliyi təmin edəcək. Xətlərin layihələndirilməsi zamanı məhz sərnişin axınının istiqamətləri, bir xətdən digər xəttə optimal keçidi nəzərdə tutulub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL