waplog

“Vətəndaşların Elektron sağlamlıq kartı”nın təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparılacaq


Respublikada “Elektron hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil-təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

Hazırda bu sahədə aparılan işlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron sağlamlıq kartı” (VESKS) - elektron informasiya sistemidir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən sözügedən nazirlikdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyir ki, VESKS-nin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

Belə ki, yeni texnologiyaların tətbiqinə qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə aparılırdı. Amma Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir.

Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Elektron xidmətlərin genişlənməsi ilə bağlı “Elektron səhiyyə”də növbəti addım təcili tibbi yardım maşınları ilə bağlıdır.

Belə ki, “Vətəndaşların Elektron sağlamlıq kartı”nda olan informasiyalar xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda oxunmaqla yanaşı, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə də oxuna və dəyişdirilə biləcək: “Kartların sayı artdıqca onların tibbi yardım maşınlarında da istifadə olunması nəzərdən keçirilir. Bu yaxınlarda belə bir sınaq aparılacaq.

Nəzərdə tutulur ki, tibbi yardım maşınlarında təchiz edilmiş elektron oxuyucularla elektron kartların oxunması mümkün olsun. Məqsəd internet olmayan yerdə, kompüterin şəbəkəyə qoşulmadığı zaman, bazadan məlumatların oxunmasının mümkün olmadığı şəraitdə kartların üzərindəki çiplər vasitəsilə onların oxunmasıdır. Hər hansı fövqəladə hallar zamanı, vətəndaşın özü barədə və ya valideynin uşaqla bağlı məlumat verə bilmədiyi hallarda kart onun köməyinə çatacaq.

Kartı tibb maşınlarında quraşdırılmış oxucuya salaraq, bütün lazımi məlumatları anında  əldə etmək mümkün olacaq. Bu da xəstəyə qısa zamanda operativ diaqnoz qoyulmasına, müalicə-müayinə təyin edilməsinə, vaxtında yardım edilməsinə imkan verəcək”. Nəzərdə tutulan proqram təminatının yekunlaşması isə oktyabrın sonuna planlaşdırılır: “Bu ayın sonuna proqramçılar tərəfindən bitirildikdən sonra onu test edəcəyik”. Əgər proqram təminatı sınaqdan uğurla keçərsə, onun tətbiqinə başlanılacaq: “Proqram təminatı təhvil verilən kimi bu istiqamətdə testlərə başlayacağıq. Test zamanı yeni problemlər ortaya çıxa bilər. O zaman bununla bağlı yeni

düzəlişlər, təkmilləşdirmələr  aparılacaq”. “Vətəndaşların Elektron sağlamlıq kartı”nın təcili tibbi yardım maşınlarında oxunması cari ilin sonunda reallaşa bilər: Ümid edirik ki, ilin sonunda onun real istifadəsinə başlaya biləcəyik. Artıq proqram təminatı bitmək üzrədir. İlkin olaraq, Bakı üzrə təxminən 30-50-yə yaxın təcili tibbi yardım maşınında onun test edilməsini nəzərdə tuturuq”.
Qeyd edək ki, “Vətəndaşların Elektron sağlamlıq kartı”nın üstündəki şifrə ilə elektron portala daxil olandan sonra sistemdə yerləşdirilən bütün informasiyaları əldə etmək də mümkündür.  
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL