Teleradio məkanında ədəbi dilin qorunması araşdırılıb
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2012-ci ilin avqust-sentyabr aylarında monitorinqlər aparılıb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib. Şuradan bildirilib ki, monitorinq əsasən ANS, ATV, “Lider”, “Space” TV, “Xəzər” TV kanallarında aparılıb. Bu müşahidələr əsasən 3 sahəni əhatə edib. Belə ki, fonetik səhvlərə – orfoqrafik, orfoepik qaydaların pozulması, vurğuların düzgün qoyulmaması və müxtəlif ləhcələrin istifadəsinə fikir verilib.
Qrammatik səhvlər – cümlələrdə söz sırasının, qrammatik qaydaların pozulması halları qeydə alınıb. Leksikoloji səhvlər – daha çox xarici sözlərin işlənməsi halları qeydə alınıb: “Xüsusilə qeyd etmək lazımdır ki, aparılan monitorinq zamanı, informasiya verilişlərinin, musiqili-əyləncəli verilişlərin, şou, tok-şou və dublyajlar izlənilib və səhvlər qeydə alınıb.
İlk olaraq “Xəzər” televiziyasının “Xəbərlər” informasiya proqramının yayımı zamanı kifayət qədər orfoqrafik səhvlər aşkar edilib. Bunların bəziləri texniki səhvlərdir. Lakin bəzi səhvlər televiziyada Azərbaycan dilinin orfoqrafik qaydalarına riayət edilməməsi barədə təəssürat yaradır. Ən çox durğu işarələrinin düzgün qoyulmaması (defis, vergül və s.), sözlərin düzgün yazılmaması hallarına rast gəlinir. “Lider” TV-də informasiya verilişlərinin dili, demək olar ki, qənaətbəxş hesab edilə bilər.
Amma şou verilişlərinin və əyləncə proqramlarının dili heç də ürəkaçan deyil”. “Space” kanalında isə aparıcılar dilimizin normalarına kifayət qədər riayət etsələr də, bəzi istisnalar olur. Bu istisnalar da əsasən fonetik, qrammatik və əlbəttə ki, leksik normaların pozulması ilə özünü göstərir: “ANS telekanalı aparıcılarının fərqli danışıq tərzi ilə seçilir. Diqqət etdiyimiz məqam daima rus ləhcəsi və müxtəlif bölgələrin ləhcələrindən istifadə edilməsidir. Düzdür, informasiya verilişlərinin dili qənaətbəxş olsa da, diqqət ediləsi məqamlar da var.
Bundan başqa ANS TV-də müxtəlif əyləncə verilişlərində xarici və loru sözlərin işlənməsi hallarına da rast gəlmək olar. Qeyd etmək lazımdır ki, bunlar daha çox rus, türk sözləridir”. “Azad Azərbaycan” kanalında informasiya verilişlərinin aparıcılarının dili qənaətbəxşdir. Sözlər düzgün tələffüz olunur, xarici sözlər işlənmir, cümlələr aydın və düzgündür. Lakin əyləncə verilişlərinin aparıcıları öz rus və türk ləhcələri ilə, bol-bol xarici sözlər işlətməkləri ilə seçilir.
MTRŞ dublyajların vəziyyətini də təhlil edib: “Aparılan müşahidələr onu göstərdi ki, dublyajlar qənaətbəxş hesab edilə bilər. Lakin bir neçə məqama diqqət etmək lazımdır. Bəzən hərfi tərcümə edilir, halbuki Azərbaycan dilində elə ifadələr yoxdur. Bu zaman dilimizdə yad və çətin başadüşülən sözlər ortaya çıxır”. Layihə çərçivəsində verilişlərin adları da araşdırılıb: “Lider” TV-də “Bizim aşçıdan dadlar” verilişi diqqət çəkib.
Belə ki, Azərbaycan dilində aşçı sözü yoxdur və bu söz türk sözü olub Azərbaycan dilində “aşpaz” deməkdir. Ümumiyyətlə, bu verilişin adının mənasını anlamaq olmur. Bundan başqa, “Kommers” verilişi də ingiliscə adlandırılıb, baxmayaraq ki, veriliş Azərbaycan dilindədir. “Xəzər” TV-də “Starlife” - ulduzların həyatı daha aydındır və söhbət Azərbaycan şou-biznes nümayəndələrindən gedir. ATV-də “Futbol Time”, “Free zone”, “Şarm” kimi veriliş adlarını misal göstərmək olar.
Veriliş Azərbaycan tamaşaçıları üçün nəzərdə tutulsa da, ingiliscə adlandırılıb. Ümumilikdə Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların ortaya çıxarılmasına gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək olacaq”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL