waplog

“Məktəblərdə informatika otaqlarının təşkili şagirdlərin İKT-yə marağını daha da artırır”


Cəmiyyətimizin informasiya cəmiyyətinə doğru sürətlə irəliləməsi və "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin in­formasiya-kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı"nın uğurla hə­yata keçirilməsi nəticəsində Azərbaycanın demək olar ki, bütün ümumtəhsil məktəbləri kompüterlə təchiz edilib və məktəblərdə informatika otaqları təşkil olunub.

Bu barədə "Rabitə dünyası"na məlumat verən ümumtəhsil müəssisələri üçün nəzərdə tutulan "İnformatika" dərsliyinin həmmüəlliflərindən biri, informatika müəllimi Naidə İsayevanın sözlərinə görə,  "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda da bu işlər davam etdirilib.
 
Materialları daim yenilənən "Kompüter xəbərləri"nə ehtiyac var
 
N.İsayeva məktəblərdə kompüter siniflərinin 2005-ci ildən etibarən yaradıldığını deyir: "Hal-hazırda məktəblərdə iki cür sinif otaqları var: "nazik müştəri"(tonkiy klient) adlanan kompüter sinfi - onda adətən 18 terminal və 1 server olur və adi lokal şəbəkəyə bağlanan fərdi kompüterlər. İnformatika otaqları məktəbdə şagirdlərin informatika fənnini və digər İKT ilə keçirilən dərsləri aparmaq üçün nəzərdə tutulur. Bu otaqların olması şagirdlərin İKT-yə marağını daha da artırır, kompüterlərin olması isə  bilikləri praktiki dərslərdə bacarıqlara çevirməyə kömək edir.  İnformatika kabinetində tədrisi daha faydalı və zəngin etmək üçün stend, plakat və digər əyani vəsaitlər olmalıdır". Belə ki, kabinetdə materialları daim təzələnən "Kompüter xəbərləri" divar qəzeti fəaliyyət göstərməlidir. Burada internetdən, qəzet və jurnallardan informasiya texnologiyalarına aid seçilmiş maraqlı materiallar yerləşdirilməlidir.

N.İsayevanın sözlərinə görə, Azərbaycanda İKT uzun illər Sovet İttifaqının analoji sahəsinin tərkib hissəsi olaraq inkişaf edib: "Artıq 70-ci illərdə Azərbaycanda elektronika sənayesi formalaşmışdı. Şübhəsiz ki, informatika elminin dünya səviyyəsinə yüksəlişində, cəmiyyətin informasiyalaşması sahəsindəki irəliləyiş və uğurlarda, həmçinin hesablama vasitələri və onların proqram təminatını yaradan alim və mütəxəssislərin xidmətləri böyükdür". Təbii ki, bu baxımdan, "Kompüter xəbərləri"ndə sözügedən sahənin inkişafı üçün xidmətləri olan insanlarla bağlı məlumatların yer alması da məqsədəuyğundur: "Mən hesab edirəm ki, hamıya - şagirdlərə, müəllimlərə, tələbələrə və İKT sahəsində çalışan hər bir mütəxəssisə belə, Azərbaycanda hesablama texnikasının və informatika elminin yaranmasında və inkişafında xüsusi xidmətləri olan şəxslər barədə, onların həyat və fəaliyyəti haqqında məlumat almaq çox vacibdir".
 
İnformatika kabineti üçün "Texniki təhlükəsizlik qaydaları" da vacibdir

İnformatika kabinetində "Texniki təhlükəsizlik qaydaları" və kompüter otağında davranış qaydalarına dair plakatlar da asılmalıdır: "Kabinetdəki kitab şkafında informatika dərslikləri, nəzəri məqalələr, metodik vəsaitlər, praktiki məşğələlər üçün nəzərdə tutulmuş paylama materialları, qiymətləndirmə vasitələri və digər didaktik materiallar yerləşdirilməlidir. İnformatika kabinetində müxtəlif yarış, müsabiqə və intellektual oyunlar təşkil etmək olar. Bütün bu işlər şagirdlərin informatika fənninə maraqlarını artırmağa xidmət edir".
İnformatika otağında texniki təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyinə də toxunan N.İsayeva şagirdlərə diqqətli və intizamlı olmağı, müəllimin göstərişlərini dəqiq yerinə yetirməyi tövsiyə edir: "Müəllimin icazəsi olmadan işin yerinə yetirilməsinə başlamayın.

Öz iş yerinizdə kompüterləri, materialları, avadanlıqları elə yerləşdirin ki, onların düşmə və yıxılma halları olmasın. Müəllimin icazəsi olmadan iş yerini tərk etməyin. Gərginlik altında olan elektrik qurğularında nasazlıq aşkar etdikdə təcili surətdə elektrik mənbəyini ayırın və müəllimə məlumat verin. İş qurtardıqdan sonra kompüterləri söndürmək yaddan çıxmasın".
 
İnformatika kabinetində iş zamanı dəqiq temperatur (20°+5 C°) olmalıdır
 
Müəllim rütubətin, suyun, eləcə də günəş şüalarının düşməsinin qarşısının alınmasını da məsləhət görür: "İldırım çaxan zaman işləməyin. Kimyəvi zəhərlərin düşməsinin qarşısını alın. Maqnit lentli kasetləri, diskləri paramaqnitli əşyaların yaxınlığında qoymayın. Heç vaxt çalışmayın ki, diski əyəsiniz. Kompüterlər işləyən zaman onu söndürmək, xətdən çıxartmaq və ya yenidən qoşmaq olmaz".

Bundan başqa, iş zamanı dəqiq temperatur ( 20°+5 C°) olmalıdır: "Heç vaxt çalışmayın ki, kompüteri özünüz düzəldəsiniz, hətta o sönmüş olanda da ehtiyatlı olun. Qızdırıcı əşyaları kompüterin qarşısına qoymayın. Monitora əl ilə toxunmayın. Kompüterin qarşısında qida məhsullarının qəbulu qadağandır. Yaş paltarla və çirkli əllərlə otağa daxil olmayın. Kompüterdən 50-60 sm məsafədə əyləşin. Müəllimin, laborantın icazəsi olmadan otağa daxil olmayın və kompüteri açmayın. 45 dəqiqə kompüterdə işlədikdən sonra 15 dəqiqə fasilə olmalıdır. Dərs zamanı yerindən qalxmaq və sinifdə gəzmək olmaz".
 
İnformatika fənni üzrə laborant bilməlidir ki...
 
N.İsayeva İnformatika fənni üzrə laborantın vəzifələrinə də aydınlıq gətirib: "Laborant texniki işçilər kateqoriyasına aiddir. Laborant vəzifəsinə orta peşə təhsili olan və ixtisas üzrə ən azı 2 il iş stajı olan şəxslər qəbul olunur. Vəzifəyə təyin və işdən azad olma həmin müəssisənin direktorunun əmri ilə həyata keçirilir. Laborant müvafiq normativ sənədləri, informasiya daşıyıcılarının işə yararlı olmasının yoxlama üsulları, müxtəlif testləşdirmə qaydalarını, kompüterlərdə quraşdırılmış  proqram təminatı haqqında müxtəlif bilgilər, texniki sənədləşdirməyə aid qüvvədə olan tələbləri və standartları bilməlidir".

Bundan başqa, laborantın məktəbdə istifadə olunan kompüter şəbəkəsinin növünü və oradakı kompüter avadanlıqları barədə məlumat, şəbəkədə olan kompüterlərə informasiyanın daxil və xaric edilməsinin üsul və vasitələrini, kompüter texnikasının istismar qaydalarını, informatika kabinetinin iş rejimini, kompüter otağında davranış qaydalarını, əməyin müdafiəsinin normaları, təhlükəsizlik və yanğına qarşı müdafiə qaydalarını  bilməsi də vacibdir.
 
İnformatika kabinetində laborantın cavabdehliyi
 
N.İsayevanın sözlərinə görə, laborant bilavasitə informatika müəlliminə tabe olur. Laborant iş yerində olmayanda (məzuniyyət, xəstəlik və s.) onun  vəzifəsini rəsmi qaydada təyin edilmiş şəxs icra edir. Bu şəxs laborantın müvafiq vəzifələrini icra edir və onların icrasına məsuliyyət daşıyır. Laborantın vəzifələrinə gəlincə, o, dərs başlamamışdan öncə kompüter avadanlığını hazırlayır, onun ilkin yoxlamasını və yüklənməsini həyata keçirir, dərsin sonuna yaxın sistemin işi düzgün başa çatdırmasına nəzarət edir və kompüterlərin söndürülməsini həyata keçirir. Laborant həmçinin dərs ilinin əvvəlində şagirdləri təhlükəsizlik texnikası qaydaları ilə tanış edir: "Tənəffüs və dərs zamanı kompüter otağında davranış və kompüterdə iş qay­da­la­rı­nın şagirdlər tərəfindən icrasına nəzarət edir.

Dərsdə, yaxud istifadəçilər kompüter otağında sərbəst işləyən zaman kompüterlərə qoşulan daşıyıcılarda virusların mövcudluğunu yoxlayır və onları aşkar edərək məhv edilməsini həyata keçirir, daşıyıcıların arasında və lokal şəbəkədə informasiya  mübadiləsi üzrə müxtəlif işləri yerinə yetirir. Şagirdləri dərs məşğələsi zamanı lazımi paylama materiallarla təmin edir. Tədbirlərdə, yarışlarda, viktorinalarda kompüter texnikasından istifadə edilərsə, yaxından köməklik göstərir. Kompüter avadanlığının saz vəziyyətini izləyir, onun artıq proqram və viruslardan təmizlənməsini həyata keçirir".
 
Kompüter otağında olan işçi jurnallarında qeydlərin aparılması da laborantın üzərinə düşür
 
Kompüter otağında olan işçi jurnallarında reqlamentə uyğun olaraq qeydlərin aparılması da laborantın üzərinə düşür: "Müxtəlif fənn müəllimləri tərəfindən hazırlanmış tədris materiallarını internetdə yerləşdirir. Sistemdə baş verən xətalar barədə jurnalda qeydlər aparır və bilavasitə müdirə xəbər verir. Kompüterdə tədris prosesində lazım olan müxtəlif hesablamaları aparır, mətnləri yığır və qrafik işləri yerinə yetirir. Öz rəhbərinin digər xidməti tapşırıqlarını yerinə yetirir".

İnformatika kabinetinin iş planına gəlincə, ilboyu fənn müəllimlərinin elektron dərslərinə köməklik edilməli, müəllimlərə, şagirdlərə internetdə işləmək üçün köməklik göstərilməli, hər sinif üzrə qovluq yaradılaraq, şagirdlərin bütün işləri müvafiq qovluqlarda saxlanılmalıdır. Hər yarımillikdə bütün kompüterlərə baxış keçirilməli, lazım olmayan şəkillər, sənədlər, proqramlar silinməlidir və s.
 
 Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL