waplog

Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı mübarizə aparılması üçün elektron tədris sistemi hazırlanıb


Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlıq şəraitində müxtəlif dövlət və maliyyə təşkilatlarına özünün yeni elektron-tədris (e-tədris) sistemini təqdim edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, MMX bu sistemi "USAID"-in Azərbaycandakı missiyası ilə birgə işləyib hazırlayıb.

E-tədris sisteminin məqsədi çirkli pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) və onun tələbləri ilə bağlı məlumat və biliklərin daha geniş kütləyə daha səmərəli və effektiv metodlarla çatdırılmasıdır. Bununla bağlı keçirilən tədbirdə Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov qeyd edib ki, bütün ölkədə PY/TMM ilə bağlı ictimaiyyətin hüquqi mədəniyyətinin və institusional potensialın gücləndirilməsində bu qəbildən olan proqressiv alətlər əhəmiyyətli rol oynayır.

"USAID"-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin isə pulların yuyulmasına qarşı mübarizədə əsas elementlərdən biri kimi bilik əldə edilməsinin və onunla bölüşmənin vacib olduğunu vurğulayıb. O əlavə edib ki, e-tədris sistemi materialları öyrənmək üçün insanlara stimul yaradır və rəsmi təlimdən keçmək, sual-cavabda iştirak etmək və nəticə olaraq terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə ekspert olmaq imkanı verir.

Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin yaratdığı təhlükələr barədə verilən geniş məlumatlar və bu növ fəaliyyətlərin qarşısının alınmasında hökumətin rolu barədə izahat xarakterli təqdimatlardan əlavə, sistem PY/TMM qaydaları, beynəlxalq standartlar və qabaqcıl təcrübələri ilə bağlı, həmçinin Azərbaycanda qəbul edilmiş formal standartlar barədə məlumatı istifadəçilərə təqdim edir. Burada bankların müvafiq əməkdaşları PY/TMM ilə bağlı kurs keçərək MMX tərəfindən bu sahədə ekspert olduqlarını təsdiq edən sertifikat ala bilər. Kurs zamanı istifadəçilərin biliyini yoxlamaq üçün onlar bir sıra modullardan və kiçik yoxlamalardan keçir.

Bu zaman MMX hər bir istifadəçinin irəliləyişini izləyə bilər. Kursu uğurla bitirən istifadəçilər MMX tərəfindən aparılan imtahanda iştirak edə bilər. Sistemin digər faydaları ilə yanaşı, onun yardımı ilə PY/TMM qaydalarının tələbləri barədə istifadəçilərin biliyinin artırılması potensial olaraq pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilən tranzaksiyalar barədə maliyyə təşkilatlarının könüllü şəkildə hesabat verməsinə şərait yaradacaq.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL