waplog

“USAID” və “IREX” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başlayıb


“USAID” və “IREX” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başlayıb.  “ICTnews” elektron xəbər xidmətinə bu barədə “USAID”-in Azərbaycan nümayəndəliyindən məlumat verilib. Qurumdan qeyd edilib ki, “IREX” tərəfindən “USAID”-in maliyyələşdirdiyi “Azərbaycan yeni media” layihəsi çərçivəsində Azərbaycanın 29 rayonunun kəndlərində icmalara internetə pulsuz çıxış imkanı verən 30 köşk quraşdırılıb: “Azərbaycanda internetə çıxış imkanları getdikcə artmasına baxmayaraq, internet xidmətləri xüsusilə rayonlarda baha olaraq qalır.

Əksər vətəndaşlar internetə yalnız internet-kafelərdə, internet-klublarda və ya iş yerlərində daxil ola bilirlər. 2012-ci ilin yanvarından mayına qədər “IREX”-in seçilmiş kəndlərdə keçirdiyi sorğu iştirakçılarının 46 faizi qeyd edirlər ki, onlar internetə daha çox telefonla daxil olurlar, amma onlar hesab edirlər ki, bu xidmət bahalı, sürət isə aşağıdır. Sorğuda iştirak edənlərin 54 faizi internetdən heç vaxt istifadə etmədiklərini, amma kəndlərində pulsuz internetin olmasını arzuladıqlarını bildiriblər. İştirakçıların 82 faizi isə internet kurslarına qatılmaq arzularını dilə gətiriblər, 19 faiz bildirib ki, onlar elektron poçtdan necə istifadə etməyi öyrənmək istəyirlər”.

Respondentlərin 27 faizi sosial media şəbəkələrindən istifadə, 50 faizi kompüter proqramları ilə maraqlanıb, 2 faizi isə onlayn vergi ödənişi etməklə maraqlandığını bildirib: “Bu ehtiyacları qarşılamaq üçün “USAID” və “IREX” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başlayıb və 30 poçt şöbəsində pulsuz internet-köşklər quraşdırıb. “USAID”-in dəstəyi ilə “IREX” lazım olan bütün avadanlıqları alıb, internetə çıxışı təmin edib. RİTN köşklərin poçt şöbələrində pulsuz yerləşdirilməsinə razılıq verib.

Bu köşklərin idarə edilməsi 2013-cü ildə nazirliyə təhvil veriləcək”.
Bundan başqa, qurumlar tərəfindən “Onlayn kənd” təşəbbüsü üçün də icmalar seçilib: “Seçilmiş hər bir icmanın əhalisi 3000-10000 nəfər arasındadır. Demək olar ki, bütün sakinlər -respondentlərin 96 faizi bildirib ki, onlar ödənişlər etmək və ya məktub yollamaq məqsədilə müntəzəm şəkildə yerli poçt şöbələrinə gedirlər. Köşklərdən istifadənin səmərəsini artırmaq üçün “IREX” poçt şöbələrinin işçilərinə köşklərdən istifadə etmək barədə təlim keçib.

Bundan başqa, köşk quraşdırılmış hər bir poçt şöbəsinə kompüterdən və internetdən necə istifadə etməyi addım-addım izah edən çap materialları paylanılıb”. Nümayəndəlikdən son iki il ərzində “Azərbaycan yeni media” layihəsi üzrə Bakıda beş universitetdə pulsuz “Wi-Fi” sisteminin quraşdırıldığı da qeyd edilib: “İndiyə qədər ölkənin 19 rayonunda İcma Məlumat mərkəzləri yaradıb, onları bütün lazımi avadanlıq və resurslarla təmin etdikdən sonra yerli tərəfdaşlara təhvil verib. 2012-ci ilin noyabrında isə “IREX-Azərbaycan” “USAID”-in maliyyə dəstəyi ilə reallaşdırdığı “Onlayn jurnalistika təhsili” layihəsinin təqdimat mərasimini keçirəcək”.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL