Son texnologiyalara uyğun qurulan Mərkəzi Laboratoriyanın inşası yekunlaşır
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərində tikilən yeni Mərkəzi Laboratoriya binasının inşası yekunlaşmaq üzrədir. 2011-ci ildə Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində təməli qoyulan laboratoriya binasında son tamamlama işləri aparılır.
3500 kvadratmetr sahəsi olan obyektdə hazırda daxili infrastruktur qurulur. İçməli suyun və tullantı sularının tərkibinin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq. Bu məqsədlə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən beynəlxalq standartlara cavab verən laboratoriya cihazları alınaraq ölkəmizə gətirilmişdir və onların quraşdırılmasına hazırlıq görülür.
Son texnologiyalara uyğun cihazlarla işləmək üçün “Azərsu” ASC-nin kimyaçı və bioloqlardan ibarət mütəxəssisləri Türkiyədə təlimlərdə iştirak etmişdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
ASC-dən qeyd edilib ki, laboratoriya binasının cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur. Laboratoriya istismara verildikdən sonra “İSO-17025” akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.
“Azərsu” ASC-nin hazırda fəaliyyət göstərən Mərkəzi Laboratoriyasında suyun mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəriciləri, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin edilir və bu göstəricilər üzrə 36 parametri təhlil edilir. Yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL