waplog

Görkəmli alimin memorial-muzeyi ən yeni texnologiyalarla təchiz edilərək istifadəyə verilib


AMEA Neft-Kimya Prosesləri İnstitutunda böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim, neft-kimya elminin banilərindən biri, akademik Yusif Məmmədəliyevin memorial-muzeyi əsaslı təmirdən sonra istifadəyə verilib. Muzey tam şəkildə təmir olunub, ən yeni texnologiyalarla təchiz edilərək istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan qeyd edilib ki, akademik Y.H.Məmmədəliyevin memorial-muzeyi hələ 1985-ci ildə, görkəmli alimin 80 illik yubileyi münasibətilə açılıb: “Bu illər ərzində baxımsız vəziyyətə düşən muzeyin təmiri ilə əlaqədar işləri ARDNŞ öz üzərinə götürüb və cari ilin iyun ayından etibarən əsaslı təmir-bərpa işlərinə başlanılıb. Memorial-muzeyin yeni dizaynı müasir standartlara cavab verir.

Muzey iki bölmədən ibarətdir. Birinci bölmədə alimin həyat və yaradıcılığını əks etdirən çoxsaylı fotolar, akademikin yazı masası, kitab şkafı, şəxsi əşyaları yerləşdirilib. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyat fəaliyyəti və elmi yaradıcılığı haqqında hazırlanmış videomateriallar xüsusi telelövhələrdə təqdim olunur.

Xüsusi texnologiyalarla hazırlanmış ayrı bir stenddə akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom yer alıb”. İkinci bölmədə isə alimin elmi yaradıcılığı illərində neft-kimya sahəsində əldə etdiyi uğurları əks etdirən stendlər yerləşdirilib. Bundan əlavə, ikinci bölmədə akademikin raket yanacağının ixtira hüququnu təsdiqləyən patentləşdirmə sənədi, orden və medalları, Dövlət Mükafatı laureatının döş nişanı yerləşdirilib.

Muzeyin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə AMEA prezidenti, akademik Mahmud Kərimov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, İnsan hüquqları üzrə müvəkkil, professor Elmira Süleymanova, akademikin qızı AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, AMEA-nın müxbir üzvləri Rəfiqə Əliyeva, Fəzilə Səmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev, AMEA Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, ölkənin elmi və mədəni ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Mahmud Kərimov Yusif Məmmədəliyevin elmi fəaliyyətindən danışaraq bildirib ki, o, xalqımızın tarixinə böyük alim, görkəmli ictimai-siyasi xadim kimi daxil olmuş, elmi fəaliyyəti, əsərləri və ixtiraları ilə Azərbaycan elminin inkişafına təkan verib, xüsusən dünya neft kimyası elminə böyük töhfələr verib. AMEA-nın əsasını qoyan Y.Məmmədəliyev iki dəfə bu qurumun prezidenti olub.

Onun təşəbbüsü ilə akademiya şəhərciyi salınmış, elmi institutlar yaradılıb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu onun strateji təşəbbüslərindən biri olub. Tədbir iştirakçıları alimin iş kabineti əsasında təşkil olunmuş muzeyə baxış keçirib, burada aparılmış əsaslı təmir işlərindən sonra yaradılmış şəraitlə tanış olublar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL