Elmir Vəlizadə: “Azərbaycanda İKT sahəsinə investisiya qoymaq üçün çox yaxşı imkanlar var”
Azərbaycanda İKT sahəsinə investisiya qoymaq üçün çox yaxşı imkanlar var. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “AmCham”ın üzv şirkətlərinin rəhbərləri və əməkdaşları ilə keçirilən görüşdə bildirib.
Amerika Ticarət Palatasının ev sahibliyi etdiyi və aylıq işgüzar nahar çərçivəsində keçirilən tədbirdə nazir müavini noyabr ayında İKT sahəsi üzrə bır sıra əlamətdar tədbirlərin, o cümlədən, 20-yə yaxın ölkənin milli pavilyonla təmsil olunacağı 18-ci “Bakutel” sərgi-konfransının, 1500-dən artıq qonağın qatılacağı İnternet İdarəçiliyi Forumunun (İGF), həmçinin Regional Rabitə Birliyinin (RRB) 47-ci iclasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə “AmCham Azərbaycan”ın birgə təşkil etdiyi ilk “ABŞ-Azərbaycan İKT Forumu”nun keçiriləcəyini qeyd edib. Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu islahatlardan da söz açan E.Vəlizadə aparılan işlər nəticəsində sözügedən sahədə artım tempinin yüksəldiyini və bu artımın ötən illə müqayisədə İKT sektorunda 17,8 faiz təşkil etdiyini vurğulayıb.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin xüsusi diqqət mərkəzində olduğunu da nəzərə çatdıran nazir müavininin sözlərinə görə, hədəf qeyri-neft sektorunu daha da inkişaf etdirməklə, 2020-ci ilə qədər ÜDM-nin iki dəfə artırılmasıdır: “Bu məqsədlərə nail olmaq üçün artıq bizim planlarımız da var. Belə ki, ölkədə icrası davam etdiriləcək və gələcəkdə icra olunacaq bir sıra regional və milli layihələr, o cümlədən kosmik sənayenin inkişafı, texnoparkların yaradılması, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Avropa-Yaxın Şərq informasiya magistralı” (EPEG - “Europe Persia Express Gateway”) layihələri qoyulan hədəflərə çatmaq üçün təkan verəcək”.
Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycanda biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan “AmCham Azərbaycan”ın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir: “Biz Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edirik.
Bizim sahə komitələri vasitəsilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. “AmCham” üzvləri, şirkətləri və təşkilatları üçün Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanı təmin edilir”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL