waplog

KİV rəhbərlərinə elektron imza kartları təqdim olundu


Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin, tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupuna elektron imza kartlarının təqdimetmə mərasimi keçirilib.
 
Toplantı həmçinin elektron imza barədə ətraflı məlumat məqsədi daşıyıb. Mətbuat Şurasında baş tutmuş tədbirdə Şura sədri Əflatun Amaşov elektron imzanın xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, bu xidmətdən istifadə bütün vətəndaşlar kimi, media təmsilçilərinin də iş səmərəliliyinin artırılması, vaxta qənaət və digər üstünlüklər baxımından xüsusi əhəmiyyət daşımaqdadır. Dünyanın müxtəlif ölkələrində jurnalistlərin elektron imzadan istifadə edərək həyata keçirdikləri yaradıcılığın konkret nümunələrindən söhbət açan Ə.Amaşov bu günkü mərasimlə Azərbaycanın KİV təmsilçilərinin də vacib prosesə qoşulmalarına bir növ, start verildiyini vurğulayıb.
 
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə çıxışında ölkəmizdə elektron hökumət quruculuğu sahəsində aparılan işlər barədə məlumat verib. O bildirib ki, elektron imzanın tətbiqi layihəsi "Elektron imza və elektron sənəd haqqında" 9 mart 2004-cü il tarixli qanuna uyğun olaraq həyata keçirilir.

Xidmətin pullu olduğunu diqqətə çatdıran nazir müavini məbləğin heç də yüksək olmadığını deyib. Hüquqi şəxslər və biznes qurumlarının, dövlət müəssisələrinin əməkdaşlar üçün fərqli qiymətlərin tətbiq edildiyini diqqətə çatdıran E.Vəlizadə həmçinin bildirib ki, qanuna əsasən e-imza kağız daşıyıcı sənəddə əl imzasına bərabərdir və elektron sənədi imzalayan şəxsin autentifikasiyası üçün nəzərdə tutulub.
 
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov çıxışında elektron imza layihəsinin gerçəkləşməsi prosesindən danışıb. O, eyni zamanda xüsusi təqdimatla çıxış edib.

Təqdimatda yer almış slaydlar vasitəsilə elektron imzanın ayrı-ayrı xüsusiyyətlərinə ətraflı aydınlıq gətirib, mövcud istiqamətdəki sualları cavablandırıb.Tədbirin sonunda 30-dan çox KİV rəhbərinə elektron imza kartları təqdim olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL