Azərbaycan dilinin qloballaşma şəraitində qorunmasında İKT-nin rolu
Hər bir xalqın ana dili onun milli varlığı, milli kimliyidir. Bu səbəbdən də dilin yad ünsürlərdən qorunması, inkişaf etdirilməsi, problemlərinin həll olunması olduqca vacibdir.
Dünya qloballaşdıqca, sərhədlər aradan qalxdıqca və xarici ölkələrlə mədəni, iqtisadi əlaqələr genişləndikcə, informasiya texnologiyaları sürətlə inkişaf etdikcə dillərə də yeni-yeni sözlər, terminlər daxil olur. Bir çox hallarda bu sözlərin dilin daxili imkanları hesabına ekvivalenti, qarşılığı tapılıb istifadə edilir, digər hallarda isə alınma sözlər olduğu kimi leksikonumuza daxil olur. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlaya bilib. Üstəlik, zaman-zaman inkişaf edərək bölgədə aparıcı dillərdən birinə çevrilib.
Azərbaycanda dövlət dili Azərbaycan dilidir və dilimiz geniş bir areala yayılmışdır. Təsadüfi deyil ki, XVIII əsrdə Qafqaza gələn A.Düma öz qeydlərində yazırdı ki, Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir.
Ümummilli liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin də dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O, ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Müdrik rəhbərin diqqət və qayğısı nəticəsində hələ Sovet dönəmində Azərbaycan dili ölkəmizdə dövlət dilinə çevrilmişdi. Milli lider ana dili haqqında deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". Heydər Əliyevin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən hər il 1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilinin mövcudluğuna yeni nəfəs, yüksəliş verdi.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. Dövlət başçısının bu yaxınlarda imzaladığı iki sərəncam onun bu sahəyə olan yüksək diqqətinin təzahürü kimi dəyərləndirilir. 23 may 2012-ci il tarixdə verilən birinci sərəncam "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" adlanır. Sərəncamın adından da göründüyü kimi, söhbət təkcə Azərbaycan dilinə qayğıdan getmir, həm də diqqəti çəkən digər əsas məsələ ölkəmizdə bu elm sahəsinin inkişafı ilə bağlı tədbirlərdir. 29 may 2012-ci il tarixdə imzaladığı ikinci sərəncam "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" adlanır. Dilimiz və dilçiliyimiz sahəsində ciddi dönüş yaratmaq, onun inkişafını daha da sürətləndirmək üçün, əlbəttə ki, müasir tələblərə cavab verən maddi-texniki baza lazımdır. Bu baxımdan da sözügedən fərman dilçi alimlər tərəfindən olduqca böyük rəğbətlə qarşılanıb.
Artıq Azərbaycan alimləri dilimizin qorunması və inkişafı üçün təkliflər hazırlayırlar. Bu barədə «Rabitə dünyası»na danışan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərovun sözlərinə görə, düzgün tələffüz qaydalarının müəyyənləşdirilməsi üçün orfoepiya lüğətinin hazırlanması, həmçinin Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılması təklif olunub: «Yaxşı olar ki, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları ilə bağlı elektron baza yaradılsın və insanlar hətta internetdə işlədikləri vaxt rahat şəkildə hansı sözlərin necə yazıldığını və necə tələffüz olunduğunu asanlıqla öyrənə bilsinlər".
"Texnologiyanın inkişafı nəticəsində Azərbaycan dilinə bir sıra sözlərin daxil olduğunu və onların dilimizdə qarşılığının axtarılıb tapılmasını» isə millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov təklif edib. Onun sözlərinə görə, ingilis dilində olan adları olduğu kimi götürmək və bəzi sözlərin qarşılığı ola-ola həmin sözlərdən istifadə etmək yolverilməzdir.
Baş redaktor bildirib ki, mətbuatda sözlərin düzgün yazılmasında böyük problemlər var: "Bütün televiziyaların xəbər verilişlərində gedən titrlərdə hər gün səhvlər olur. Oradakı sözlər necə danışılırsa, elə də yazılır. Qəzetlərdə isə vəziyyət daha da ağırdı.
Qəzetlərdə korrektura demək olar ki, ləğv olunub. Orfoqrafik səhvlər çoxdur". O bildirib ki, KİV-də dilimizə nəzarətlə bağlı qurum yaradılmalıdır: "Bu qurum dilimizdə gedən proseslərə operativ müdaxilə edib son sözü deməlidir. Orfoqrafik lüğətlər mütəmadi çap olunmalı, yenilənməlidir. Hazırda ölkəmizdə "elektron hökumət" qurulur. Hesab edirəm ki, E-hökumətin Azərbaycan dilinin qorunmasında və inkişaf etdirilməsində böyük rolu olacaq".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Slavyan Universitetinin rektoru Kamal Abdulla isə Azərbaycan dilinin qorunmasında dilçi alimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəsi etməsini təklif edir.
O bildirib ki, Azərbaycan alimlərinin İKT-dən effektli istifadəsi üçün mexanizm işlənilib hazırlana bilər: «Necə edək ki, sabah Azərbaycan dilinin bu və ya başqa hala düşməsi ayrı-ayrı şəxslərdən, ayrı-ayrı qurumlardan, ayrı-ayrı kütləvi informasiya vasitələrindən asılı olmasın. Bu, bir mexanizmlə tənzimlənsin və bu mexanizmlərin hazırlanması layihədə nəzərdə tutulub və əlbəttə ki, burada informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından da geniş istifadə qarşıya məqsəd kimi qoyulub. Dilin qorunmasında İKT-dən istifadə ən müxtəlif istiqamətlərdə də ola bilər. Bu, elmi və tədris istiqamətində də ola bilər. Azərbaycan dili ilə bağlı normativ sənədlərin hazırlanmasında da özünü göstərə bilər».
Azərbaycan Mətbuat Şurası da "Media və ana dilindən istifadə xüsusiyyətləri" adlı layihəni həyata keçirir. MŞ sədri Əflatun Amaşov qəzetimizə bildirib ki, layihənin məqsədi ölkənin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirməkdən, konkret meyilləri izləməkdən, qarşıya çıxan problemləri qruplaşdırmaqdan, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.
Mövcud istiqamətdəki başlıca fəaliyyət isə aylıq monitorinqin keçirilməsi olub. Onun sözlərinə görə, elektron KİV-də də ana dilinin normalarının qorunmasına böyük diqqət yetirilməlidir: «Çünki bu günün gəncliyi saytlardan, xəbər portallarından, eləcə də sosial şəbəkələrdən geniş istifadə edir. Xəbər portalları bəzən sözləri səhv yazanda gənclər də elə bilirlər ki, həmin ifadələr məhz o cür yazılmalıdır. Bu da bir sıra hallarda problemlər yaradır».
Millət vəkili, Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı da qəzetimizə bildirib ki, Azərbaycan dili dünyanın ən qədim dillərindən biri olduğu və Avrasiya məkanında geniş yayıldığı üçün onun assimilyasiyaya uğraması mümkün deyil. «Amma bununla bərabər elə məsələlər var ki, müstəqil dövlətdə həmin məsələlər həll olunmalıdır. Yəni Azərbaycan Respublikası Azərbaycan dilinə dövlət dili statusu qazandırıb. Hərçənd ki, sovet dövründə də bizim konstitusiyada Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğu qeyd olunurdu. Lakin ona əməl olunmurdu» - deyən millət vəkili bildirib ki, bu gün Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilidir, rəsmi dairələrdə, beynəlxalq görüşlərdə həm də beynəlxalq səviyyədə işlək dillərdən birinə çevrilib.
Belə olan halda dilin ümumi zənginləşmə və özünüqoruma, özünütəmizləmə sistemləri dilin işlənmə arealına, işlənmə masştabına uyğun olmalı olduğunu önə çəkən deputat söyləyib ki, ölkəmiz müstəqil və açıq olduğu üçün hər tərəfdən Azərbaycana qonaqlar gəlir, görüşlər keçirilir, insanlar və mədəniyyətlər bir-birinə qarışır: «Bu halda dilə də çoxlu axınlar olur. Ona görə dildə bir süzgəc, bir təmizlənmə mexanizmi olmalıdır. Belə olmasa müəyyən müddətdən sonra yabançı sözlərdən qorunmaq ağırlaşa bilər. Bundan əlavə, qanunların dilinin qorunması, texnologiyanın inkişafı ilə əlaqədar olaraq alınma sözlərin çoxluğu, xarici dillərdən tərcümə edərkən Azərbaycan dilində qarşılığı olan müəyyən sözlərin işlədilməməsi bəzən dili gərəksiz sözlərlə doldurur. Terminologiya məsələlərinə olduqca mühüm diqqət yetirilməlidir.
Hansısa sözlər, terminlər məneəsiz şəkildə dilimizə daxil olur». Millət vəkili qeyd edib ki, Azərbaycana gələn şirkətlər, firmalar özlərinin brend adları ilə yanaşı, öz ölkələrinin sözlərini Azərbaycan dilinə gətirirlər və bu da dilimizdə inkişafla yanaşı, müəyyən problemlər yaradır: «Məişətdə bizim müqavimətsizliyimizə görə bəzən ictimaiyyət arasında qarışıq bir dildə danışanların sayı artır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı verdiyi sərəncam da çatışmazlıqların və problemlərin aradan qaldırılması üçün münbit şərait yaradır və bu sərəncamdan da olduqca səmərəli şəkildə istifadə etmək lazımdır».
S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda informasiya texnologiyaları çox böyük inkişaf yolu keçib və artıq insanlarımız özlərini bilgisayarsız və internetsiz təsəvvür etmirlər. Bu zaman texnologiyaların yeni nailiyyətləri ilə yanaşı, dilimizə alınma sözlər də gəlir: «Həmin sözlərin Azərbaycan dilində qarşılığı tapılıb işlədilməlidir. Klaviatura sistemləri dəqiqləşdirilməlidir. Sosial şəbəkələrdə öz hərflərimizi olduğu kimi yazmalıyıq. Yəni insanlarımız öz dillərinə qarşı xüsusi həssaslıqla yanaşmalıdırlar. Vətəndaşlarımız «ə», «ş» hərfləri əvəzinə «e» və «sh» yazmamalıdır. Bu problem artıq çoxdan həll olunub və sadəcə olaraq klaviaturada dili dəyişməklə öz ana dilimizdə, öz hərflərimizlə yazmalıyıq. Yəni vətəndaşlarımız özləri fikirləşməlidir ki, mən nə üçün fikrimi başqa hərflərlə çatdırım, əgər bilgisayarda Azərbaycan hərfləri ilə yazmaq mümkündürsə.
Yəni demək istəyirəm ki, dil elə bir mühüm əhəmiyyət daşıyan mirasdır ki, onu təkcə dövlət qorumamalıdır. Çünki bu, təkcə dövlətin işi deyil. Dili həm də cəmiyyət qorumalıdır. Cəmiyyət, xalq öz dilinə olduqca həssaslıqla yanaşmalı, hər gələn sözü yaxın buraxmamalıdır. İndi elə etmək lazımdır ki, «ə» və «ş» yazanda dünyanın hər yerində oxunsun. Azərbaycana gətirilən bilgisayarlar və mobil telefon şirkətləri ilə danışıqlar aparılmalı və onlara elə zavoddaca Azərbaycan dili yüklənməlidir. Menyu da Azərbaycan dilində olmalıdır. Onu da bildirim ki, xəbər saytları, rəsmi internet səhifələri yaydıqları məlumatların mətninin redaktəsinə cavabdehdirlər və onlar informasiyanın dilinə də nəzarət etməlidirlər».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL