Bakıda yüksək texnologiyalara dair beynəlxalq konfrans keçirilib
10-11 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Böyükmiqyaslı tədqiqat layihələri - 2012: yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir AMEA Fizika İnstitutunun, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və AR Dövlət Neft Şirkətinin dəstəyi ilə baş tutub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbiri AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd institutda yerinə yetirilən pilot qrant layihələri və digər elmi-tədqiqat işləri üzrə nəticələrin müzakirə olunması, mövcud elmi əlaqələrin gücləndirilməsi və yeni əlaqələrin yaradılmasıdır.
Bu ilin noyabrın 5-də ölkə başçısı tərəfindən “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” fərmanın imzalandığını diqqətə çatdıran akademik institutda aparılan işlərin, yaradılan elmi-tədqiqat infrastrukturunun, qrant layihəsi çərçivəsində alınmış yeni cihazların və əldə olunmuş nəticələrin Yüksək Texnologiyalar Parkının gələcək fəaliyyəti üçün əlverişli zəmin yaradacağını qeyd edib.
Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev çıxış edərək respublikada son illərdə bütün sahələr üzrə sürətli inkişafın elmi tərəqqinin genişlənməsinə böyük təsir göstərdiyini qeyd edib.
Elmi-tədqiqatların aparılması və mühüm elmi nəticələrin əldə olunmasında innovativ texnologiyaların tətbiqinin müasir dövrdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd edən natiq dünyanın nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıq və cihazların alınması istiqamətində həyata keçirilən işlər haqqında da məlumat verib. Bildirib ki, layihə çərçivəsində instituta xarici ölkələrdən gətirilmiş cihazlar vasitəsilə mühüm elmi-tədqiqat işləri aparılıb və bir sıra uğurlu nəticələr əldə edilib.
AMEA Fizika İnstitutunun direktor müavini, professor Nazim Məmmədov təmsil etdiyi qurumda EİF-in dəstəyi ilə yerinə yetirilmiş, böyük maliyyə həcmli pilot layihə xarakterli “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” və maddi-texniki təminat xarakterli “Yüksək texnologiyalar üçün interkalyasiya olunmuş nanostrukturlu laylı yarımkeçirici materiallar” mövzularında layihələrin yekunları barədə hesabatla çıxış edib.
Sonra konfrans “Topoloji izolyatorlar”, “Ferroiklər”, “Nanofotonika və fotovoltaika üçün materiallar, biokompozitlər”, “Böyükmiqyaslı tədqiqat layihələrinin yeni elm sahələrinin və qabaqcıl texnologiyaların inkişafındakı rolu” adlı dörd bölmə üzrə işini davam etdirib.
İclasda Azərbaycan alimləri ilə yanaşı, Yaponiya, Almaniya, Fransa və ABŞ-dan dəvət olunmuş aparıcı alim və mütəxəssislərin məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL