BDU-nun hesablama riyaziyyatı kafedrası 100-dək kompüter, 5 elektron lövhə və digər müasir avadanlıqlarla təchiz olunub
BDU-da universitetin fundamental elm mərkəzlərindən, müasir elmi tələblərlə səsləşən kafedralarından biri olan Hesablama riyaziyyatı kafedrasının yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Universitetdən bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov kafedranın yaranma və fəaliyyət tarixindən, əldə etdiyi uğurlardan bəhs edib. Deyib ki, kafedra riyaziyyat elminin yeni istiqamətlərindən biri olan hesablama riyaziyyatının respublikada inkişaf etdirilməsi, bu elm sahəsinin nailiyyətlərinin istehsalata tətbiqi məqsədilə yaradılıb və mövcud olduğu illər ərzində geniş fəaliyyət göstərib.
1965-ci ildə, o zamanlar Voronej Dövlət Universitetində işləyən professor Yəhya Məmmədov kafedraya rəhbərlik etmək üçün Bakıya dəvət olunub, 1965-ci ildən ömrünün sonuna - 2000-ci ilədək kafedraya rəhbərlik edib. Bu illər ərzində hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf etmiş və respublikada onun məktəbi yaranmışdır. Hazırda kafedraya professor Qalina Mehdiyevanın rəhbərlik etdiyini deyən rektor son illərdə əldə edilmiş uğurlardan da bəhs edib.
Sonra Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva kafedranın yarım əsrlik inkişaf tarixi mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərindən məlum olub ki, hesablama riyaziyyatı kafedrası dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, kafedranın əməkdaşları nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxışlar edib, Azərbaycan elmini ləyaqətlə təmsil edərək sertifikatlar alıblar. Son zamanlarda kafedranın maddi-texniki bazası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub, belə ki, onun nəzdində 100-dək kompüter, 5 elektron lövhə və digər müasir avadanlıqlarla təchiz olunub, 6 auditoriyada yerləşən hesablama laboratoriyaları fəaliyyət göstərir.
Tələbələr kafedrada mövcud olan elektron kitabxana vasitəsilə bir çox qabaqcıl universitetlərin tədris proqramlarına uyğun dərs vəsaitlərini əldə edə bilirlər.2011-2012 tədris ilində kafedra əməkdaşları 30 proqram, 100-ə yaxın elmi məqalə çap etdiblər.
Almaniyanın tanınmış nəşriyyatlarından olan “LAP LAMBERT Academic Publishing” nəşriyyatı kafedranın əməkdaşlarının kitablarının çap olunmasını və onların satışını təşkil etməyi təklif edib. Kafedra əməkdaşları elmi araşdırmalarla yanaşı, təhsil prosesinin inkişafı sahəsində də böyük işlər görüblər. Dünyanın bir çox aparıcı universitetlərinin (Mançestr Universiteti, Praqa Universiteti, Bolonya Universiteti və s.) tədris proqramları öyrənilərək, tədris prosesinə tətbiq olunub, bu universitetlərdə istifadə olunan 17 ədəd dərs vəsaitləri, mühazirə mətnləri götürülərək, tələbələrin ixtiyarına verilib.
Kafedranın nəzdindəki laboratoriyalarda yerləşdirilmiş çoxsaylı müasir kompüterlər tədris prosesinin effektivliyini artırmağa, tələbələrin kompüter şəbəkəsi vasitəsilə lazımi informasiyanı alması üçün şərait yaratmağa imkan verir. Kafedra əməkdaşları təkcə 2011-2012 tədris ilində elmi işlərin nəticələrinə görə 9 sertifikatla və Londonda yerləşən “Inernational Academy of Sciences and Higher Education. London, Great Britain” (Ali təhsil və Beynəlxalq elmlər Akademiyası) tərəfindən “Elmin inkişafı” diplomu ilə təltif olunub.
Təhsil naziri, professor Misir Mərdanov isə kafedranın ilk rəhbəri Yəhya Məmmədovla bağlı xatirələrindən danışıb, kafedranın bugünkü nailiyyətlərində professor Qalina Mehdiyevanın xidmətlərini xüsusilə qeyd edib.
Sonra Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov, Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Nazirlər Kabineti Aparatının Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Tibb Universitetinin kafedra müdiri Rəna Əliyeva da çıxış ediblər. Tədbirdə canlı bağlantılar vasitəsilə də təbriklər olub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL