Azərbaycanda e-idarəçiliyin monitorinqi və qiymətləndirilməsi üzrə metodologiya hazırlanır
Dövlət Gömrük Komitəsində “Azərbaycanda e-idarəçiliyin monitorinqi və qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması” layihəsi çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit üzrə mütəxəssisi Laura Kondemi və Estoniya E-İdarəçilik Akademiyasının nümayəndələri İvar Tallo və Mari Pedakla görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsindən Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvü, gömrük xidməti general-mayoru İqbal Babayev və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə DGK-nin məlumatında deyilir.
Qonaqları səmimiyyətlə salamlayan İ. Babayev e-İdarəçilik sahəsində Estoniya Respublikası ilə faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə etmiş, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.
İ. Babayev həmçinin Azərbaycanda e-hökumət quruculuğu sahəsində cari vəziyyətin qiymətləndirilməsi və monitorinqi ilə bağlı metodologiyanın işlənib hazırlanması təşəbbüsünü yüksək qiymətləndirib və nümayəndə heyətinə son illər ərzində Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlər sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Qeyd edilib ki, “e-Gömrük” layihəsi “Elektron Azərbaycan” dövlət proqramının tərkib hissəsi olaraq DGK-nın fəaliyyətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir və ölkədə daha dinamik, səmərəli və biznes yönümlü gömrük mühitinin formalaşdırılması məqsədilə e-gömrük təşəbbüsləri çərçivəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi, “Bir pəncərə” və digər mühüm layihələr həyata keçirib.
Bu məqsədlə gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes-proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, son illər ərzində komitə sədri tərəfindən İKT-nin tətbiqi və elektron xidmətlərin təşkili ilə bağlı 60-dan çox daxili əmrin imzalanması və gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə bir çox sənədlərin ləğv edilməsi barədə məlumat verilib.
Qonaqların nəzərinə o da çatdırılıb ki, hazırda DGK tərəfindən vətəndaşlar üçün bir sıra elektron xidmətlər - gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi (GÖÖEN), ilkin məlumatlandırma, gömrük orqanlarına xidmətə qəbul, idxal-ixrac əməliyyatları, nəqliyyat vasitəsi üçün uyğunluq sertifikatı, e-Sərnişin Bəyannaməsi və s. kimi elektron gömrük xidmətləri təqdim olunur. Bununla yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə DGK hal-hazırda xarici iqtisadi fəaliyyət iştirakçılarına təqdim etdiyi elektron xidmətlərin sayını artırır və geniş şəkildə ən yaxşı beynəlxalq təcrübələri öyrənir.
Öz növbəsində, Estoniya E-İdarəçilik Akademiyasının nümayəndələri planlaşdırılan layihənin məqsədləri barədə məlumat verib və elektron xidmətlərin təşkili sahəsində DGK tərəfindən həyata keçirilmiş işləri yüksək qiymətləndiriblər.
Görüş zamanı qonaq nümayəndə heyətinə elektron xidmətlərin iş prinsipi əyani şəkildə nümayiş etdirilib və qonaqları maraqlandıran suallar cavablandırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL