“Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasında “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransın sədri Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti professor Ceyms Barber (Böyük Britaniya), fəxri sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cəlal Əliyevdir.
Hidrogen Enerjisi üzrə Beynəlxalq Assosiasiyanın prezidenti professor Necat Vəziroğlu və professor Qari Brudviq (hər ikisi ABŞ-dan) konfransın həmsədrləri, biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev (Rusiya) əlaqələndirici təyin olunmuşlar. Konfransa 40 ölkədən 260-a yaxın iştirakçı qatılıb. Beynəlxalq konfransı giriş sözü ilə açan Ceyms Barber belə bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb. C.Barbtr qeyd edib ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi iştirakçılara bu qədim ölkənin tarixini, mədəniyyətini, milli adət-ənənələrini daha yaxından öyrənməyə imkan verəcək. Fotosintezin çox geniş və dərin tədqiqat tarixi olduğunu vurğulayan alim bildirib ki, konfransda iştirak edən alimlərin əksəriyyəti bu sahənin öyrənilməsində mühüm rol oynayıb. Qarşımızda duran ən vacib məsələ Yer kürəsində durmadan artan əhalinin ərzaq problemini həll etməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirib ki, bu gün dünyanı üç qlobal problem ciddi narahat edir - enerji, ərzaq və ekoloji təhlükəsizlik problemləri. Siyasətçilər, iqtisadçılar, alimlər, ümumiyyətlə, dayanıqlı və xoşbəxt gələcək üçün düşünənlər bu məsələlərin həlli yollarını axtarırlar.
Nazir bildirib ki, enerji resurslarına olan müasir tələblərin təxminən 80 faizi karbohidrogen ehtiyatlarının hesabına ödənilir. Enerji qiymətlərinin durmadan artması və resursların məhdudluğu hamıya məlumdur. Bu gün alternativ enerji növlərindən, əsasən də günəş enerjisindən istifadə, o cümlədən fotosintez əsasında həyata keçirilən biotexnologiyalar vasitəsilə bioenerjinin alınması ümidverici istiqamətlərdəndir.
Fotosintezin klassik problemləri ilə yanaşı, stres biologiyası, süni fotosintez və yanacaq problemləri kimi vacib məsələlər də gündəlikdədir. Alimlərin Yer üzündə təbii ehtiyatların tükənməsini gözləmədən, cəmiyyətin 100-200 il sonrakı durumunu düşünməsi, bu istiqamətdə çalışması təqdirəlayiqdir. Bu məsələdə alimlərin üzərinə böyük məsuliyyət düşür və biz tam əminik ki, yaxın gələcəkdə siz bu işin öhdəsindən gələcəksiniz, elmi axtarışlarınız nəticəsində fotosintezin fundamental problemləri öz həllini tapacaq.
Konfransın Təşkilat komitəsinin tərkibinə dünyanın aparıcı ölkələrinin fotosintez tədqiqatları sahəsində çalışan nüfuzlu alimləri daxildir. Məhz belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, onun fotosintezin tədqiqi sahəsində, həmçinin yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlərin və qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsi ilə bağlıdır. Akademik Cəlal Əliyev məktəbinin dünya elminə verdiyi töhfələr fotosintez prosesinin molekulyar–genetik səviyyədən başlayaraq bitki və əkinə qədər bütün mərhələ və formalarında öyrənilməsini əhatə edir.
Xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycan hökumətinin elmin inkişafına verdiyi diqqət və qayğı Prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramında bir daha öz əksini tapıb. Ə.Abbasov vurğulayıb ki, dünya şöhrətli alimlərin qatıldığı bu beynəlxalq konfransdakı çıxışlar, müzakirələr fotosintez sahəsində yeni elmi nəticələrin əldə edilməsinə təkan verəcək.
Konfrans Azərbaycan elminin təbliğində, dünya elminə inteqrasiyasında çox önəmli rol oynayacaq, eyni zamanda elmin digər sahələrinin dinamik inkişafına böyük stimul yaradacaq. Açılış mərasimində çıxış edən alimlər Bill Rutherford (Fransa), Bob Blankenşip (ABŞ) və Süleyman Allahverdiyev (Rusiya) vurğulamışlar ki, belə konfranslar elmi biliklərin təkmilləşməsində və yeni təcrübə mübadiləsinin aparılmasında müstəsna rol oynayır.
İyulun 30-dək davam edəcək elmi forumda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə geniş müzakirələr aparılacaq, konfransın materialları beynəlxalq “Biochimica et Biophysica Acta (Bioenergetics)” və “Journal of Hydrogen Energy” jurnallarının xüsusi buraxılışlarında çap olunacaq. Plenar iclasla davam etdirilən tədbirdə məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL