Dövlət Gömrük Komitəsinə elektron gömrük xidmətlərini təmin edən 18 ədəd informasiya köşkü təqdim olunub
1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsi uğurla davam edir.
Layihə çərçivəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) yaradılması gömrük xidmətinin inkişafına olduqca müsbət təsir göstərir. Belə ki, avtomatlaşdırılmış sistem informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaradır, gömrük prosedurlarının və potensialının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən işlərə, bu sahədə İKT-nin geniş tətbiqinə dəstək verilir: "BMT İnkişaf Proqramı tərəfindən "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə elektron gömrük xidmətlərini təmin edən 18 ədəd informasiya köşkü də təqdim olunub.
Bu da bu iki qurum arasında mövcud əməkdaşlığın daha bir təzahürüdür. Gömrük Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri davam etdirilir, hazırda bütün gömrük keçid məntəqələri yenidən qurulub və istifadəyə verilib. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir".
Komitədən qeyd edilib ki, hazırda "e-Gömrük" layihəsi "Elektron Azərbaycan" dövlət proqramının tərkib hissəsi olaraq DGK-nın fəaliyyətinin əsas prioritet istiqamətlərdən birini təşkil edir: "Ölkədə daha dinamik, səmərəli və biznes yönümlü gömrük mühitinin formalaşdırılması məqsədilə e-Gömrük təşəbbüsləri çərçivəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə yanaşı, "Bir pəncərə" və digər mühüm layihələr həyata keçirilib.
Bu məqsədlə gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, son illər ərzində komitə sədri tərəfindən İKT-nin tətbiqi və elektron xidmətlərin təşkili ilə bağlı 60-dən çox daxili əmrin imzalanması və gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə bir çox sənədlər ləğv edilib".
Hazırda DGK tərəfindən vətəndaşlar üçün bir sıra elektron xidmətlər - gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi (GÖÖEN), ilkin məlumatlandırma, gömrük orqanlarına xidmətə qəbul, idxal-ixrac əməliyyatları, nəqliyyat vasitəsi üçün uyğunluq sertifikatı, "e-Sərnişin Bəyannaməsi" və s. kimi elektron gömrük xidmətləri təqdim olunur. Bununla yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə DGK hal-hazırda xarici iqtisadi fəaliyyət iştirakçılarına təqdim etdiyi elektron xidmətlərin sayını artırır və geniş şəkildə ən yaxşı beynəlxalq təcrübələri öyrənir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL