ARDNŞ-ə işə qəbul imtahanı ilə bağlı Test Tapşırıqlarının Elektron Bazası formalaşdırılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) ARDNŞ-də müxtəlif vəzifə və peşələr üzrə müsabiqə əsasında həyata keçirilən işə qəbul prosesində şəffaflığın təminatı daim diqqət mərkəzindədir. Bu istiqamətdə davam etdirilən intensiv tədbirlər çərçivəsində müsabiqənin birinci mərhələsini təşkil edən test imtahanlarının keçirilməsi işinin təkmilləşdirilməsi məqsədilə Test Tapşırıqlarının Elektron Bazasının (TTEB) formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
“ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, İnsan Resursları Departamentində TTEB-nin formalaşdırılması istiqamətində aparılan işlərdə bu sahədə yüksəkixtisaslı mütəxəssislərin rəy və təklifləri nəzərə alınıb, respublikamızda əldə edilən qabaqcıl təcrübə öyrənilib, məlumatların məxfiliyinin qorunması prinsipi gözlənilib.
Hazırda ARDNŞ-in müəssisə və təşkilatları tərəfindən elan olunan vakansiyalar üzrə müraciət edən vətəndaşların bilik səviyyəsi şirkət üzrə test tapşırıqlarının tərtib və təsdiq edilməsi standartı (SOCARSS-014.2011) əsasında aparılan test imtahanında qiymətləndirilir. Keçirilən imtahanlarda ali təhsil tələb edilən vəzifələr (mühəndislər, mütəxəssislər, metodistlər, elmi işçilər və s.) üçün ixtisas üzrə 20, məntiqi təfəkkürün yoxlanılması üzrə 10, Azərbaycan və ARDNŞ-in fəaliyyət sahəsi üzrə 5, kompüter bilikləri üzrə 5 test tapşırığı olmaqla ümumilikdə 40 test tapşırığı verilir. Orta və ya orta ixtisas təhsili tələb olunan vəzifələr üçün isə testlər ixtisas üzrə 15, Azərbaycan və ARDNŞ-in fəaliyyət sahəsi üzrə isə 5 test tapşırığı olmaqla ümumilikdə 20 tapşırıqdan ibarətdir.
Vətəndaşlara 40 test tapşırığının cavablandırılması üçün 1 saat, 20 test tapşırığının cavablandırılmasına isə 40 dəqiqə vaxt verilir. Test imtahanına başlamazdan əvvəl nəzarətçilər tərəfindən imtahan iştirakçılarına test imtahanı və daxili nizam-intizam qaydaları haqqında giriş təlimatı verilir. Müraciət edənlər test imtahanından müvəffəqiyyətlə keçdikdən sonra növbəti mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanının nəticələri avtomatik olaraq vətəndaşın elektron poçt ünvanına göndərilir.
Xatırladaq ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər şirkətin “www.socar.az” korporativ veb-səhifəsinin “Karyera” bölümünün “İşə qəbul” bölməsinin “Vakansiyalar” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL