İsveçrədən gətirilən elmi tədqiqat avadanlığı ilə Azərbaycanda radonun qarşısını almaq üsulları təyin olunacaq
Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar layihənin ikinci mərhələsinə başlayıblar. "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" adlı layihənin tədqiqatları İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır, ölkədə radonun miqdarının anomal olduğu ərazilər təyin olunur.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib. İnstitutdan bildirilib ki, Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi tərtib olunub. Xəritəyə görə ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub: "Layihədən məqsəd tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən "Radon Scout Plus" adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir.
Evlərdə radon qazı aşkar olunarsa, ventilyasiya, havaçəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq". Geologiya İnstitutunun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyevin sözlərinə görə, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar.
Tədqiqatlar zamanı radonun qarşısını almaq üsulları təyin olunacaq.
Qeyd edək ki, radon Yer kürəsində geniş yayılıb. O, əsasən yerin dərinliklərindəki tektonik çatlar vasitəsilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq, orada toplanır. Bu qaz normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL