Əlyazmalar İnstitutu ən qədim və nəfis Quran nüsxələrinin elektron variantını əldə edib
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu fondunu zənginləşdirir. Belə ki, institutun direktoru vəzifəsini icra edən, filologiya elmləri doktoru Paşa Kərimov ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan və Şərq əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə edib.
Buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsinin "Şahnamə"si, Nizami, Ə.Nəvai, Ə.X.Dəhləvinin "Xəmsə"lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Ə.Cami, Babur, Əssar Təbrizi və başqalarının əsərlərinin gözəl xətlə köçürülmüş miniatür əlyazmaları daxildir. Xüsusilə, Nizaminin "Xəmsə"sinin nüsxələri nəfisliyi ilə diqqəti cəlb edir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, "Xəmsə"nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var.
Kolleksiyada Nizami "Xəmsə"sinin yeddi, Əssar Təbrizinin "Mehr və Müştəri" poemasının iki nüsxəsi vardır. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş "Yusif və Züleyxa" poemasına çəkilmiş səkkiz miniatür Təbriz miniatür məktəbinə məxsusdur.
Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr – xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Buradakı çoxsaylı orta əsrlərə aid cildçilik sənəti nümunələri də nəfisliyi ilə fərqlənir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL