waplog

YAP gəncləri yeni internet aksiyası keçirdi


Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının gəncləri 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə bağlı internet aksiyası keçirib. Bu barədə partiyadan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, aksiyadan əvvəl «dəyirmi masa» keçirilib. Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı müzakirələr aparan gənclər vurğulayıblar ki, bu gün respublikamızda insanların fundamental hüquq və azadlıqları yüksək səviyyədə qorunur, təmin edilir.

Qeyd edilib ki, 1998-ci ilin fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilib.


Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan prezidentinin 1998-ci ilin 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib.

2006-cı il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib.

2011-ci il dekabrın 27-də Azərbaycan Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Proqramı isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Bildirilib ki, Azərbaycanın Konstitusiyasında, eləcə də, qanunvericilik səviyyəsində təsbit olunmuş hüquq və azadlıqlar vətəndaş cəmiyyətinin sürətli inkişafına, həmçinin, vətəndaş-dövlət münasibətlərinin keyfiyyətcə mükəmməlləşməsinə gətirib çıxarıb. Xüsusi olaraq diqqətə çatdırılıb ki, Azərbaycanda mövcud olan geniş hüquq və azadlıqlardan, demokratik şəraitdən sui-istifadə edən radikal müxalifət nümayəndələri ölkəmizin imicinə xələl gətirmək niyyətindədir.

Gənclər deyiblər ki, müxtəlif ölkələrin səfirlərilə və nümayəndələrilə görüşlər keçirən radikal müxalifət təmsilçiləri Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyətilə bağlı deyil, yalnız korporativ maraqları naminə cəhdlər göstərirlər.

Müzakirələrdən sonra YAP Nizami rayon təşkilatının gəncləri müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatların və media qurumlarının elektron ünvanlarına Azərbaycanda hüquq və azadlıqların təmin və qorunması, həmçinin, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyətilə bağlı materiallar göndəriblər.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL