waplog

Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirildi


Bu gün Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti - üçüncü iclası keçirilmişdir. Qeyd edək ki, 2010-cu il may ayının 3-də Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir.

Eyni zamanda sərəncamda Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə Şuranın yaradılmasına dair verilmiş tapşırığa uyğun olaraq müvafiq şura yaradılmışdır. İclasda Şuranın sədri akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər aidiyyətli qurumların nümayəndələri iştirak etmişlər.

Eyni zamanda Şuranın budəfəki iclasında Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik Roald Saqdeyev də iştirak etmişdir. Kosmik Məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev iştirakçıları salamlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və bu istiqamətdə aparılan işlərə dair öz fikirlərini bildirmişdir. "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat vermiş, kommunikasiya peykinin artıq orbitə çıxarılması üçün tam hazır vəziyyətə gətirildiyini qeyd etmiş və həyata keçirilən aşağı orbitli peyk sistemlərinin yaradılması ilə bağlı hesabat vermişdir.

Azərbaycan Diplomatik Akademiyasının məzunu Taleh Ziyadov "Azərbaycan Avrasiyada nəqliyyat və loqistika mərkəzi kimi" mövzusunda çıxış edərək, ölkənin qeyri-neft sektorunun, o cümlədən nəqliyyat və informasiya texnologiyalarının inkişafını vurğulamış, gələcəkdə Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzinə çevrilə biləcəyi ilə bağlı araşdırmanı təqdim etmişdir. Cıxış və müzakirələrdən sonra Şuranın sədri, akademik Arif Paşayev iclası yekunlaşdırmış, növbəti iclasda müzakirə olunacaq məsələlərlə bağlı fikir və tövsiyələrini bildirmişdir.

Sonda anadan olmasının 80 illiyi və Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə respublika prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunması münasibətilə akademik Roald Saqdeyev təbrik edilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL