Mərkəzləşdirilmiş elektron xidmətlər sayəsində saysız kabinetlərin qapılarını döymək, kilometrlərlə yol ölçmək məcburiyyətində qalmayacağıq
"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb. "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
Mərkəzlər işə düşdükdən sonra vətəndaşlar əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana - "ASAN xidmət" mərkəzinə müraciət edərək ala biləcəklər. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumatlara görə, paytaxtda birinci "ASAN xidmət" mərkəzinin yaradılması üzrə sürətlə hazırlıq işləri görülür.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması yeni ildə vətəndaşlar üçün əsl bayram hədiyyəsi olacaq. Belə ki, "ASAN xidmət" mərkəzləri vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi ilə bağlı öyrəşdiyimiz ənənəvi qaydaları kökündən dəyişəcək. Daha saysız kabinetlərin qapılarını döymək, astagəl məmurların diqqətini gözləmək, bir idarədən o birisi idarəyə kilometrlərlə yol ölçmək məcburiyyətində qalmayacağıq.
"ASAN xidmət" mərkəzləri vətəndaşların dövlət xidmətlərindən istifadəsini təsəvvür etmədiyiniz qədər asanlaşdıracaq.
Mərkəzlər axşam saat 20:00-dək fəaliyyət göstərəcəklər
"ASAN xidmət" mərkəzləri vətəndaşlar üçün əlverişli iş qrafiki, xidmət standartları, zamana qənaət və məmurlarla birbaşa təmasın olmaması ilə rahatlıq təmin edəcək. Mərkəzlərdə məlumat köşkü fəaliyyət göstərəcək.
Vətəndaş bura müraciət edərək əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyəcək. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunla müəyyən edilmiş müddətlərdə götürə bilər.
Mərkəzlərdə rahat gözləmə zalı, kafelər və uşaqların oynaması üçün ayrıca yerlər olması nəzərdə tutulub. Mərkəzlərdə xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilməli və təqvimin bütün günlərində fasiləsiz vətəndaşlara açıq olmalıdır.
Mərkəzlər axşam saat 20:00-dək fəaliyyət göstərəcəklər.
Mərkəzlərdə 23 xidmət göstəriləcək
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı doğumun qeydə alınması ölümün qeydə alınması;
nikahın qeydə alınması;
nikahın pozulmasının qeydə alınması;
övladlığa götürmənin qeydə alınması;
atalığın müəyyən edilməsinin qeydə alınması;
adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
notariat fəaliyyəti; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; məhkumluq barədə arayışların verilməsi;
daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
kommersiya hüquqi şəxslərin və vergiödəyicilərinin qeydiyyatı;
hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi; gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; əmək pensiyalarının təyin edilməsi;
dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Əldən-ələ pul ödənilməyəcək
"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydalarına müvafiq olaraq, xidmət üçün qanunla müəyyən edilmiş ödənişlər yalnız bank şöbələri, ödəmə nöqtələri və ya internet vasitəsilə ödənilməlidir. Yəni vətəndaş nağd şəkildə əldən-ələ pul ödəməyəcək. Mərkəzlərdə xidmət aparılan otaqların divarları şəffaf (şüşədən) olacaq. Xidmət göstərilməsi prosesi fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaqdır.
Vətəndaşlar evindən çıxmadan da mərkəzlərin xidmətlərindən istifadə edə biləcəklər. Bunun üçün onlar əlavə xidmət haqqı ödəməklə mərkəzlərin səyyar xidmətindən istifadə edəcəklər. Çağırış əsasında mərkəz əməkdaşları mənzilə, ofisə gələrək zəruri xidməti göstərəcəklər. Mərkəzlərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşlar bütün növ elektron xidmətlərdən yararlana biləcəklər.
Evdən çıxmadan növbə tuta, məlumat ala biləcəksiniz
"Çağrı" mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər. Həmçinin, "www. asanxidmet.az" saytı vasitəsilə ətraflı məlumat əldə edə biləcəklər. "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərə xidmət haqqı dəyişməyəcək.
Qanunvericilikdə hansı məbləğ nəzərdə tutulubsa, qüvvədə qalacaq. Vətəndaş artıq müxtəlif bürokratik əngəllər yaratmağa meyilli, hər zaman məşğul və acıqlı bürokratlarla, məmurlarla deyil, alqoritmlərlə işləyir. "ASAN" elə bir sistemdir ki, burada əsas rolu konkret insanlar (məmurlar) deyil, prosedurlar, standartlar və alqoritmlər oynayır.
Vətəndaş cəmiyyəti ilə müsbət əməkdaşlıq praktikası
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin yaradılması prosesində vətəndaş cəmiyyəti institutlarının fəal iştirak etməsi də diqqət çəkdi. "Konstitusiya" Araşdırmalar Fondunun Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun "Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi" Proqramı üzrə həyata keçirdiyi "Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması" layihəsi çərçivəsində fondun ekspert qrupu layihə çərçivəsində "vahid pəncərə" modeli əsasında dövlət xidmətlərinin göstərilməsi sahəsində 9 ölkənin təcrübəsi öyrənilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin işinin qurulması ilə bağlı Təkliflər Paketi hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Fondun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi statusu, fəaliyyət sferası və səlahiyyətləri, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət Qaydaları, xidmətlər və onların göstərilməsi qaydaları, mərkəzlərin fəaliyyətinin təşkili, İKT-dən istifadə olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqla bağlı təklifləri nəzərə alınıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL