waplog

Kibernetika və kompüterlərin urbanistik dünyasının qlobal şəxsiyyəti


Seymur Peypert dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim olaraq tanınır. S.Peypert 1928-ci il, 1 mart tarixində Cənubi Afrikada doğulub. Hələ məktəb illərində o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır.

Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır.

1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. "Bu 50-ci illərin sonu idi. Riyaziyyata dərin istəyimə baxmayaraq, mən yenə də fəlsəfə ilə maraqlanırdım. Hansısa bir dərin suallara cavabların axtarışları məni Jan Piajenin yanına gətirib çıxardı", - Peypert qeyd edir.

Məhz bu əməkdaşlıq onu uşaqların təlimi problemini anlaması üçün riyaziyyatdan istifadə ideyasına gətirib çıxardı. Sonra o, Avropadan Amerikaya köçür. Kibernetikanın və kompüterlərin urbanistik dünyasında Seymur Peypert yazır: "1964-cü ildə mən dünyamı başqa bir dünya ilə əvəz etdim. Əvvəl beş ildə İsveçrədə Alp kəndində yaşayırdım və Jan Piaje ilə birlikdə işləyirdim. Uşaqlar mənim diqqətimin predmeti idilər, onların düşüncə tərzi mənim üçün çox maraqlı idi. Mən Massaçusets Texnologiya İnstitutuna - kibernetikanın və kompüterlərin urbanistik dünyasına gəldim. Əvvəlki düşüncələrim məni tərk etməmişdi, lakin indi süni intellekt problemi məni daha çox maraqlandırırdı".

O, Massaçusets Texnologiya İnstitutunda riyaziyyat üzrə professor işləyir və Marvin Minski ilə birlikdə Süni İntellekt Laboratoriyasını təşkil edir. Bununla yanaşı, Peypert və Minski 1970-ci ildə "Perseptronlar" kitabını nəşr etdirirlər. Kitabda həmin dövrdə həyata keçirilən süni intellekt istiqaməti üzrə neyromodel tədqiqatlarının tənqidi analizi verilmişdi. Paralel olaraq o, kompüterlərin köməyi ilə uşaqların təlimi problemlərlə məşğul olan tədqiqatçılar qrupuna rəhbərlik edirdi. Məhz bu illərdə Seymur Peypert və onun həmkarı daha yaxşı anlayır ki, kompüter ən yaxşı qrafikaya və elastik proqramlaşdırma dilinə malik olmalıdır.

"1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda rəsmən Uşaq laboratoriyası təşkil edilmişdi. Mən uşaqlara əlçatan ola bilən proqramlaşdırma dilinin yaradılması haqqında düşünməyə başladım", - Peypert yazırdı.

S.Peypertin gərgin əməyi sayəsində bu dil yaradıldı: onu LOGO adlandırdılar. Məşhur LOGO proqramlaşdırma dili LOGO dilinin adı yunan sözü olan "loqos"dan götürülüb, tərcümədə "təfəkkür" mənasını ifadə edir. Bu dil 70-ci illərin əvvəllərində Massaçusets Texnologiya İnstitutunda hazırlanıb. LOGO-nun əsası kimi süni intellekt sahəsində tədqiqatlar üçün nəzərdə tutulmuş LISP dili götürülmüşdü. Onun genişlənmə qabiliyyəti LOGO-un çox əhəmiyyətli fərqləndirici xüsusiyyəti idi. Bu dildə müəllim özü fənninə uyğun olan bir sıra prosedurlar yaza və onları şagirdlərin leksikası ilə izah edə bilərdi. Bu halda yeni prosedurlar sintaksis olaraq inteqrasiya edilmiş komandalardan fərqlənmirdi.

LOGO dillər ailəsinin tipik xüsusiyyətlərinə funksionallıq və rekursiya aiddir. Beləliklə, bu dildə tamamilə elementar komandalar və funksiyalar kimi istifadə oluna bilən yeni komandaları və funksiyaları daxil etmək mümkündür. LOGO dilində proqramlaşdırmanın müasir sistemləri bütöv cədvəl strukturlarını təşkil edir, yəni onlar siyahılar daxil edilən cədvəl dillərini reallaşdırırlar.

Bu dilin variantlarından bəziləri qrafik proqramlaşdırmanı yüngülləşdirən paralel emalın və hərəkətin ölçüsünün elementlərini özündə saxlayır. Siyahılar kimi LOGO prosedurlarının təqdim olunması cədvəl strukturunun məhsuldar istifadəsinin nümunəsidir. Bu, prosedurlar LOGO-nun başqa prosedurlarını yaratmağa, dəyişməyə və daxil etməyə imkan verir.

Bu dilin sonrakı inkişafı "LOGOWRITER" oldu. Bu, ümumi mənada proqramlaşdırma haqqında təqdimatların formatlaşdırılmasına yönəldilmişdi və uşağa ayrı-ayrı addımları, həmçinin hədəfə nail olmaq üçün onların ardıcıllığını ölçüb biçməyə imkan verirdi. Beləliklə, uşaq özü təhsil prosesini idarə edir: məsələni qoyur və özü onun həlli yollarını tapır.

Həmçinin LOGO-nun musiqi versiyası reallaşdırıldı. Əsas musiqi anlayışları (tonallıq, oktava) burada prosedurlar şəklində reallaşdırılır, kompüterə gücləndirici və iki stereofon dinamikaya malik sintezator qoşulur. Ədalət naminə qeyd etmək lazımdır ki, sonradan bir sıra alimlər uşaqların təlimi ilə bağlı hazırlamaya - LOGO proqramlaşdırma dilinə öz töhfələrini verdilər. Belə ki, İrina Qoldşteyn təhsil prosesinin təsviri üçün anlayışlar sisteminin formalaşması kimi ən çətin problemin hazırlanmasında iştirak edirdi. Daha sonra Mark Miller bu işi davam etdirdi.

Bundan əlavə, Hovard Austin, Paul Qoldenberq, Cermann Qoldşteyn, Virciniya Qrammar, Endri Qrin, Ellen Hildret, Kioko Okamura, Neyl Rou və Dina Uattın da LOGO-nun inkişafı istiqamətində fəaliyyətləri olub.

Cinni Bamberqer musiqi və müəllimlərin qavramasının artırılma metodlarının öyrənilməsi vaxtı LOGO-dan istifadə metodlarını hazırlayıb. Məlumat üçün bildirək ki, "Windows", "DOS", "Linux", "Mac OS", "Unix" və s. kimi müxtəlif platformalar və əməliyyat sistemləri üçün bu proqramlaşdırma dilinin şərhçiləri mövcuddur. Həmçinin LOGO-nun bir çox obyekt yönümlü dialektləri (məs:Object Logo) var.

Sözsüz ki, bu gün əksər mütəxəssislər informasiya texnologiyalarının uşaqların təhsil prosesinə təsiri məsələsini Peypert kimi izah edə bilməz.

Onun maarifləndirici layihələri hazırda yalnız Avropa və Amerikada deyil, həm də inkişaf etməkdə olan ölkələrin kiçik kəndlərində belə istifadə olunmaqdadır. Hal-hazırda LOGO proqramlaşdırmanın ilkin təlim vaxtı geniş tətbiq edilir. Bir sıra nüfuzlu mükafatlarla təltif olunub Seymur Peypertin təhsil və informasiya texnologiyaları sahəsindəki fəaliyyəti çoxsaylı mükafatlarla qiymətləndirilib.

Belə ki, görkəmli alim Beynəlxalq Markoni mükafatı daxil olmaqla, Riyazi Təminat üzrə Naşirlər Assosiasiyasının, həmçinin təlimdə liderlik üzrə Smitsonian Kompüter Dünyası və digər nüfuzlu təşkilatların mükafatlarına layiq görülüb. Seymur Peypert Minski ilə birlikdə yazdığı kitabdan əlavə, "Şüurda çevriliş: uşaqlar, kompüterlər və məhsuldar ideyalar" (1980), "Uşaqlar üçün maşın: kompüter əsrində yeni düşüncəli məktəb" (1992) kitablarının və riyaziyyat, süni intellekt, təhsil və məntiq sahəsində çoxsaylı məqalələrin müəllifidir.

O, 1988-ci ildə təlim üzrə tədqiqatların LEGO-professoru adlandırılıb və onun üçün xüsusi olaraq kafedra yaradılıb.

Cahangir Atakişiyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL