Telman Əliyev: “Məlumatları 100 faiz dəqiqliklə demək üçün stansiyaların sayının artırılması vacibdir”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə AMEA Kibernetika İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkarlamağa və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində gözlənilən zəlzələlərin təxminən harada baş verə biləcəyini artıq növbəti ilin birinci yarısında demək mümkün olacaq.
Son zamanlar stansiyanın fəaliyyəti nəticəsində bu barədə verilmiş məlumatlar öz təsdiqini tapıb, buna baxmayaraq, məlumatları 100 faiz dəqiqliklə demək üçün stansiyaların sayının artırılması vacibdir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. Onun sözlərinə görə, zəlzələlərin lap dəqiq koordinatlarının müəyyənləşdirilməsi üçün uzun vaxt tələb olunacaq:
"Hazırda Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndə stansiyalar fəaliyyət göstərir. Yaxın günlər ərzində AMEA-nın Naxçıvan bölməsinin iştirakı ilə Naxçıvanda anomal seysmik proseslərin başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən sayca 6-cı stansiyanın quraşdırılmasına başlanacaq. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında - Sədərəkdə, Böyük düz adlanan ərazidə, Nehrəmdə 3 stansiyanın quraşdırılması planlaşdırılır. Naxçıvanda ilk stansiya Sədərəkdə quraşdırılacaq".
Bununla yanaşı, bir stansiyanın Zaqatala-Qax-Balakən zonasında, birinin Astarada, digərinin isə Qazaxda quraşdırılması nəzərdə tutulur:
"Yeni stansiyaların bir hissəsinin quraşdırılmasının gələn ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır. Stansiyanın sayı artdıqdan sonra biz çox böyük dəqiqliklə deyə biləcəyik ki, hansı regionda 20 saatdan sonra zəlzələ olacaq. Biz zəlzələnin dəqiq yerini müəyyən edəndən sonra onun maqnitudasını da tapa biləcəyik. Quraşdırılmış stansiyalar Azərbaycan, Təbriz də daxil olmaqla, İranın cənubu, Türkiyənin cənubu, Xəzər dənizi, ona yaxın ərazilər, o cümlədən Türkmənistanın müəyyən hissəsində anomal seysmik proseslərin monitorinqini aparmağa imkan verir".
Qeyd edək ki, institut tərəfindən gözlənilən zəlzələlərin maqnitudlarının minimal qiymətlərinin təyin edilməsi üçün model və texnologiyalar yaradılıb. Eləcə də, müəyyən öyrətmə (təlim) mərhələsindən sonra, həm axtarılan koordinatların, həm də zəlzələnin maqnitudunun təyininin dəqiqliyini korreksiya etməyə imkan verən texnologiyalar yaradılıb. Hər bir stansiya zəlzələdən 10-20 saat əvvəl 300-500 km radiusunda 100 faiz etibarlılıqla ASP monitorinqini həyata keçirir.
Lakin onların hər biri ayrı-ayrılıqda ASP ocağının koordinatlarını təyin etməyə imkan vermir. ASP ocağının koordinatlarının təyin edilməsi üçün, dörd və daha çox stansiyadan alınan seysmoakustik siqnalların sinxron analizinin aparılması lazımdır. Bu baxımdan da, stansiyaların sayının artırılması zərurəti yaranıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL