waplog

Avropa Birliyi tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni strategiya hazırlayıb


Avropa Birliyi (AB) Komissiyası müxtəlif istiqamətlərdə tədqiqatların aparılması üzrə proqramlar maliyyələşdirir.

İştirakçı ölkələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində ekspertlərini məsləhətləşmələr aparmaq üçün bir araya gətirərək, AB ilə elmi-texnoloji tədqiqatlar sahəsində dialoqun genişləndirilməsi və yeni səviyyəyə qaldırılması məqsədinə qulluq edən layihələrdən biri də 2011-2014-cü illəri əhatə edən "PICTURE" (Policy dialoguein ICT to an Upper levelfor Reinforced EU-EECACooperation) layihəsidir.

Azərbaycan, digər Cənubi Qafqaz və Orta Asiya ölkələri, Rusiya, Belarus, Ukrayna və Moldovanın iştirak etdiyi "PICTURE" layihəsi gələcək əməkdaşlıq imkanlarını araşdırır, yeni AB proqramlarında adı çəkilən ölkələrin iştirakı perspektivlərinə dair tövsiyələr hazırlayır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru, AB-nin Azərbaycanda İKT Milli əlaqələndiricisi Tofiq Babayev məlumat verib. Onun sözlərinə görə, bu layihələrdə Azərbaycanı Regional İnnovasiya Texnologiyaları Akademiyası təmsil edir: "EXTEND", "PICTURE" və digər bu kimi layihələrin nəticələri növbəti 2014-2020-ci illər üçün nəzərdə tutulmuş proqramın işlənib hazırlanmasında Avropa Birliyi ekspertləri tərəfindən əsas götürülür.

Tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə AB Komissiyası 2014-2020 illər üçün yeni strategiya işləyib hazırlayıb. Bu strategiya, ilk növbədə Avropa Birliyinin strateji prioritetlərini nəzərə almaqla yanaşı, eyni zamanda AB tədqiqatlarına Avropadan kənar ölkələrin cəlb edilməsi, Avropanın tədqiqat və innovasiya baxımından ən əlverişli məkana çevrilməsi üçün şərait yaradır.

Yeni strategiya 2014-cü ildən başlayaraq, 7-ci Çərçivə Proqramının davamı olan "HORİZON 2020" tədqiqat və innovasiya proqramı vasitəsilə həyata keçiriləcək. "HORİZON 2020" beynəlxalq əməkdaşlığı tam dəstəkləyərək sosial problemlərin həllinə və sənaye texnologiyalarının inkişafına xüsusi diqqət yetirir:

"AB Komissiyasının üç saytında AB proqramlarına və layihələrinə dair ətraflı məlumat verilir. Avropa Birliyinin elmi tədqiqatların dəstəklənməsi sahəsində aparılan siyasəti, təşəbbüslər və xüsusi proqramlar barədə geniş ictimaiyyət üçün nəzərdə tutulmuş məlumat "Research&Innovation" saytında yerləşdirilib "http://ec.europa.eu/research".

"CORDIS" (http://cordis.europa.eu ) saytı AB tərəfindən maliyyələşdirilən uğurlu layihələr, onların nəticələri və nəticələrinin tətbiqi barədə məlumat verir. Cari layihələrin iştirakçıları üçün nəzərdə tutulmuş İştirakçı Portalında (http://ec.europa.eu/research/participants/portal ) layihələrə aid sənədlər, hesabatlar, onların hazırlanmasına dair təlimatlar və digər lazımi materiallar yerləşdirilir. Bu saytda həmçinin yeni müsabiqələr barədə, yeni layihələr təqdim etmək və ya onlara qoşulmaq qaydaları barədə məlumat verilir".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL