waplog

Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilib. İTİ-dən verilən məlumata görə, iclası Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

İclasda Yüksək Texnologiyalar Parkının yaradılması ilə əlaqədar AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərəfindən görüləcək işlərin müəyyənləşdirilməsi və 2012-ci ilin yekunları ilə bağlı məsələlər müzakirə edilib. AMEA Kibernetika İnstitutunun əməkdaşı, t.ü.f.d. Tofiq Babayev çıxış edərək bildirib ki, respublika prezidenti ölkədə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə 5 noyabr 2012-ci ildə Sumqayıt şəhərində "Yüksək Texnologiyalar Parkının ("YT Park") yaradılması haqqında" fərman imzalayıb.

Fərmanda əsasən "YT Park"da informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması nəzərdə tutulur. T.Babayev həmçinin, AMEA Rəyasət Heyətinin 21 noyabr 2012-ci ildə bu fərmanla əlaqədar sərəncam imzaladığını qeyd edib. AMEA Kibernetika və İnformasiya Texnologiyaları institutları tərəfindən yeni yaradılacaq "YT Park" ilə əlaqədar bir sıra təkliflər hazırlandığını diqqətə çatdırıb.

Sonra AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev rəhbərlik etdikləri institut tərəfindən 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə nəzərdə tutulmuş planlar haqqında ətraflı məlumat verdilər.

Sonda İ.İbrahimov "Azərbaycan Respublikasının müstəqillik illərində kibernetika və informatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər (1991-2011-ci illər)" adlı kitabın nəşri ilə bağlı məlumat verib. Bildirib ki, Problem Şurasının qərarı ilə çapa hazırlanmış kitabda Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi ili ərzində kibernetika və informasiya texnologiyaları üzrə əldə edilən nailiyyətlər, o cümlədən, mühüm elmi nəticələr, elmi tədqiqatların praktiki tətbiqi, elmi nəşrlər və keçirilən beynəlxalq konfranslar, elmi kadrların hazırlanması və təltiflər haqqında məlumat verilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL