Əfsanəvi kompüterlərin memarı
O, baş konstruktor və “IBM 704”, “709”, “7030”, “7090” əfsanəvi kompüterlərinin istehsalçısı və “IBM/360” üçüncü nəsil kompüter ailəsinin memarı kimi kompüter tarixinə düşüb. Cin Amdal XX əsrin kompüter sistemlərinin ən böyük layihələndiricisi hesab olunur.
Tez-tez onu superkompüterlərin yaradıcısı Seymur Krey ilə müqayisə edirlər: hər iki ixtiraçı böyük kompüterlərin qurulması prinsipini dəyişdirmək istəyirdilər, nəticədə hər ikisi kompüter sənayesinə böyük təsir göstərdi. Amdal 1922-ci il, 16 noyabr tarixində Cənubi Dakota ştatının Flandro şəhərində doğulub. O, 1941-ci ilin payızından 1943-cü ilin yazına qədər ştat kollecində təhsil alıb.
1944-46-cı illərdə ABŞ ordusunun xüsusi tədris proqramı üzrə fizika və elektronikanı öyrənib. 1946-cı ilin payızında Cənubi Dakota ştat kollecinə qayıdan C.Amdal iki il sonra fizika mühəndisliyi üzrə bakalavr dərəcəsinə yiyələnir. Amdal Viskonsin Universitetində nəzəri fizika üzrə diplom işi yazır. 1950-ci ildə o, professorun tapşırığı ilə iki başqa məzunla birlikdə “Hissəciklərin nüvədaxili gücü üç ən sadə nüvə hissəciyi arasında son vəziyyəti əks edə bilərmi?” mövzusunda tədqiqat işi üzərində işləməyə başlayır.
30 gün ərzində Amdal və iki həmkarı iki ən əhəmiyyətli rəqəmi almaq və parametrlərin istənilən ölçüsü üçün ən aşağı energetika səviyyəsini hesablamaq üçün kalkulyatorla və loqarifm xətkeş ilə çalışırlar. Güman edilən nüvədaxili güc müvafiq olaraq nüvə vəziyyətini əks edə bilmirdi. Amdal anlayır ki, qısa hesablamalar üçün daha mükəmməl hesablama qurğuları lazımdır.
Nəticədə o, kompüter hazırlamağa qərar verir. Onun hazırladığı kompüter “VI 3C” (Viskonsin inteqral sinxronlaşdırılmış kompüter) adlandırılır. Onun doktorluq dissertasiyası bu kompüterin layihə və konstruksiyası haqqında hesabat idi. Amdal 1952-ci ilin fevralında Viskonsin Universitetində nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsi alır. Həmin ilin iyunundan “IBM” şirkətində çalışmağa başlayan görkəmli ixtiraçı əvvəlcə model tədqiqatlarının keçirilməsi və simvolların tanınması üçün maşınların planlaşdırılması üzərində işləyir.
“IBM 701” müdafiə kompüteri üzərində son tamamlanma işləri gedən zaman şirkətin Nyu-York ştatının Poukiops şəhərindəki zavoduna gəlir. “İBM” artıq bu cür 19 maşın satmışdı, bu səbəbdən də daha güclü və müasir bir kompüter yaratmaq istəyirdi. “IBM 701”-in sənaye elektron kompüteri 1952-ci ildə buraxıldı. O, özündə 4000 elektron lampa və 1200 silisium diodu əhatə edən paralel hərəkətin sinxron maşınını təşkil edirdi. “IBM 701”-in mükəmməlləşdirilmiş versiyası 1956-cı ilin yanvarında işə salındı. 1953-cü ilin noyabrında Amdal “IBM 704” kompüterinin əsas layihələndiricisi təyin olunur.
“IBM 704” yüksəksürətli işinə görə fərqlənirdi, onda indeks registrləri istifadə olunmuşdu və məlumatlar üzən vergüllər formasında təqdim edilirdi. Bu maşın ilk kompüterdir ki, onda “FORTRAN” ilk yüksəksəviyyəli proqramlaşdırma dili reallaşdırılıb. “IBM 704”-dən sonra Amdal növbəti maşının – “IBM 709”-un əsas istehsalçısı olur. Bu maşında ilk dəfə vasitəli ünvanlandırma tətbiq edilmişdi və giriş-çıxış kanalları var idi. “IBM 701” və “704” lampa maşınlarından sonra şirkət “IBM 7090” və “IBM 7094” kompüterlərini buraxır.
Bu maşınlar “704” və “709” kompüterlərinin yarımkeçirici analoqunu təşkil edirdi. Amdal rəhbərlik ilə fikir ayrılığına görə “IBM” şirkətindən gedir. 1956-cı ildən o, “Thomson Ramo Wooldridge” və “Aeronutronic Systems” firmalarında məlumatların işlənməsinin texnikası üzrə işlərin rəhbəri kimi çalışır. 1960-cı ildə Amdal “IBM” firmasının Nyu-York ştatının Yorktaun-Hayt şəhərində yerləşən tədqiqat mərkəzinə qayıdır. Burada eksperimental hesablama maşınları bölməsinin direktoru və “IBM/360” üçüncü nəsil meynfreymlərinin yaradılması üzrə işlərin rəhbəri olur.
1964-cü ilin aprelində “IBM” firması “IBM/360” (System 360) ailəsinin altı modelinin buraxılışını elan etdi. Şirkətin prezidenti Q. Uotson bu hadisəni firmanın tarixində ən əhəmiyyətli hadisə adlandırıb. “IBM/360” maşınlar ailəsi üçüncü nəsil kompüterlərinin yaranmasından xəbər verirdi. Şirkət 30, 40, 50, 60, 62, 70 modellərindən əlavə 19 yeni yaddaş sistemi və 26 giriş-çıxış qurğusunu buraxdı. “IBM/360” ailəsi mikroproqramlaşdırmanın tətbiq olunduğu ilk maşınlar idi.
60-cı illərin sonuna kimi “IBM” firması toplam olaraq “IBM/360” ailəsinin 20-dən çox modelini buraxdı. Model 85 birinci maşın idi ki, onda giriş sürətinin artımı üçün keş-yaddaş (cache fransız sözü olub, "gizli yer" mənasını ifadə edir) tətbiq edilmişdi. 195 modelində isə ilk dəfə olaraq monolit inteqral sxemlər işlənmişdi. “IBM/360” sistem ailəsi modellərinin yaradılması hesablama texnikasının inkişafına böyük təsir göstərdi. Belə ki, element bazasında bəzi dəyişikliklər edilməklə bu hesablama maşınların struktur və arxitekturasında bir sıra ölkələrdə kompüterlər istehsal olunmağa başlandı.
1965-ci ilin fevralında Amdal “IBM” elmi təşkilatının üzvlüyünə qəbul edilir və ona növbəti 5 il istədiyi layihələrin üzərində işləmək imkanı verilir. Həmçinin o, Perspektiv Kompüter Sistemləri Laboratoriyasının direktoru olur. Lakin 1969-cu ildə Amdalın böyük kompüterlərin yaradılması üzrə strategiyası “IBM” şirkəti tərəfindən qəbul olunmur. O, şirkətdən getməyə qərar verir: "Mən “IBM”-dən ikinci dəfəyə getdim, çünki mən böyük kompüterlərlə işləmək istəyirdim.
Əgər mən “IBM”-də qalsaydım, öz karyeramın istiqamətini dəyişdirməli idim”. Amdal 1970-ci ilin oktyabrında “Amdahl Corp.” şirkətinin əsasını qoyaraq, “IBM” konnektoruna uyğun meynfreymləri yaratmağa qərar verir. Amdal 1971-ci ilin sonundan böyük səylə “Amdahl 470” ailəsinin ilk hazırlaması üzərində işləməyə başlayır. “Amdahl 470 V/6” ailəsinin ilk maşını 1975-ci ilin ortasında çıxır və dərhal kompüter istehsalçıları və sifarişçiləri arasında böyük uğur qazanır.
Bu, dünyada yüksək məhsuldarlığa (saniyədə 5,4 milyon əməliyyat) malik ilk dördüncü nəsil kompüter idi. “IBM 370/168” maşını ilə müqayisədə bu kompüter 2 dəfə çox məhsuldarlığa və yaddaş həcminə malik idi və 3 dəfə daha az sahəni tuturdu. Ümumilikdə Amdalın firması 1977-ci ilədək 50 kompüter istehsal etdi. Firma “IBM” şirkətinin alıcıları onun meynfreymlərinin rəqiblərinə nisbətən daha ucuz olacağına inandırana qədər uğurla fəaliyyət göstərirdi.
Nəticədə, Cin Amdal firma üzərində olan nəzarəti itirdi. Amdal 1980-ci ilin avqustunda “Trilogy Systems” firmasının əsasını qoydu. “Trilogy” firması superkompüterləri layihələndirməli, hazırlamalı və satmalı idi. Həmçinin Amdal qiymət və məhsuldarlığa görə yeni sistem yaratmaq istəyirdi. Gələcək superkompüterin xarakteristikasının yanlış qiymətləndirilməsi ilə bağlı Amdal möhtəşəm planlardan ayrılmalı oldu. 1985-ci ildə “Trilogy”-nin “Elxsi” firmasına birləşdirilməsi barədə qərar qəbul olundu. 1987-ci ildən o, “Andor System” firmasında çalışmağa başlayır. 1994-cü ildə firma müflisləşdikdən sonra Cin Amdal üçüncü və sonuncu şirkəti olan “Commercial Data Servers”-i (CDS) yaradır.
Şirkət müəyyən alıcı qrupu üçün ucuz meynfreymlər hazırlayır. Bununla da kompüter nəhəngi “IBM”-ə rahat olmağa imkan vermir və onu daim təkmilləşməyə məcbur edir. “CDS” şirkətinin birinci hazırlaması olan “CDS 104” kiçik meynfreymi saniyədə 7 milyon əməliyyat məhsuldarlığa malikdir. Böyük meynfreymlərin layihələndiricisi hazırda da bu sahədə fəaliyyətini davam etdirir.
Cahangir Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL