Fuad Ələsgərov: “2012-ci ilin əlamətdar hadisələrindən biri də ilk “ASAN xidmət mərkəzinin açılmasıdır”
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi
- 2012-ci ilin yekunlarını necə qiymətləndirirsiniz?
- Yola saldığımız 2012-ci il mühüm sosial-iqtisadi inkişafla, beynəlxalq aləmdə Azərbaycanın uğurları ilə, dövlət orqanlarında bir sıra əhəmiyyətli islahatlarla, institusional dəyişikliklərlə, yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yadda qaldı. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 iyul və 5 sentyabr tarixli fərmanlarını xüsusi qeyd etmək istəyirəm. Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Agentliyin və ilk "ASAN" mərkəzinin açılışını etdi. - Mərkəzin fəaliyyətində əsas məqsəd nə olacaqdır? - Hər iki Fərmanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin məqsəd və prinsipləri qeyd edilmiş, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir.
"ASAN xidmət" mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. Cənab Prezident bu mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini tapşırmışdır. Yəni, xidmət operativ və şəffaf həyata keçirilməli, etik davranış qaydalarına ciddi əməl edilməli, vəzifələrin icrasına məsuliyyətlə yanaşılmalı və xidmətdən yararlanan vətəndaşın maksimum rahatlığı təmin edilməlidir.
Bir sözlə, dövlət orqanı vəzifələrini yerinə yetirərkən vətəndaş məmnunluğunu təmin etməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ASAN xidmət" mərkəzinin açılışı zamanı xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində əlavə tapşırıqlar vermiş və vətəndaşların sorğularının yüksək səviyyədə təmin olunmasını əsas vəzifə kimi müəyyən etmişdir.
- "ASAN" mərkəzlərində xidmətlərin göstərilməsində hansı yeni texnologiyalardan, metodlardan istifadə ediləcəkdir?
- Bu, ilk "ASAN" xidmət mərkəzidir və o, yanvar ayının 15-də fəaliyyətə başlayacaqdır. Bakının bir sıra rayonlarında və regionlarda analoji mərkəzlərin açılması da nəzərdə tutulur. "ASAN xidmət" mərkəzində vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutan bir sıra işlər görülmüşdür. "ASAN xidmət" mərkəzində qəbul elektron növbə əsasında həyata keçiriləcəkdir. Mərkəzdə yerləşdirilmiş elektron lövhələr və işarələr məlumat əldə edilməsini asanlaşdıracaqdır.
Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş və burada bütün növ elektron xidmətlərdən yararlanmaq üçün şərait yaradılmışdır. Mərkəzdə quraşdırılmış data mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilmişdir ki, bu da xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədləri vətəndaşdan tələb etmədən, həmin sənədlər barədə informasiyanın dövlət orqanlarının məlumat bazaları vasitəsilə əldə edilməsinə imkan verir.
Bundan əlavə, mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - uşaq əyləncə mərkəzi, tibb xidməti, qan analizləri laboratoriyası, kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir və xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə pay point, bankomat aparatları yerləşdirilmişdir. Agentlikdə yaradılmış "Çağrı" (Call Center) mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. "Çağrı" mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcəkdir. Bu mərkəzin fəaliyyətə başlaması yanvar ayının sonu üçün nəzərdə tutulmuşdur.
Agentlikdə yaradılmış innovasiyalar mərkəzi dövlət xidmətlərinin sadələşdirilməsi ilə əlaqədar araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini, eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət orqanlarının əməkdaşlarına treninqlərin keçirilməsini təmin edəcəkdir.
- Bəs korrupsiya hallarının istisna edilməsi üçün hansı tədbirlər görülmüşdür?
- Bilirsiniz ki, dövlət orqanı ilə vətəndaş arasında birbaşa təmasın minimuma endirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədi ilə cənab Prezident tərəfindən elektron xidmətlərə keçidin sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verilmişdir. İnnovasiyalar mərkəzi dövlət orqanları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyəti həyata keçirəcəkdir.
Avropada e-govenment konsepsiyası öz yerini mobile-govenment konsepsiyasına təhvil verməkdədir. Bir sıra qabaqcıl Avropa dövlətlərində yeni konsepsiyanın həyata keçirilməsinə başlanılmış, müsbət nəticələr əldə edilmişdir. İnnovasiya mərkəzində mobile-govenment konsepsiyasının ölkədə tətbiqi ilə bağlı layihə işlənilərək bir sıra xidmətlərdə tətbiq ediləcəkdir. Mərkəzdə korrupsiya hallarının qarşısının alınması məqsədi ilə hər bir xidməti pəncərələrdə xidmət proseduru fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaqdır.
Agentlik mərkəzdə həyata keçirilən xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və xidmətlər üzrə qiymətləndirmələr aparacaq, qiymətləndirmələrin nəticələri və aşkar olunan mənfi hallar barədə Azərbaycan Respublikasının Prezidentinə daim məlumat verəcəkdir. Sonda onu da qeyd etmək istərdim ki, "ASAN xidmət" müasir innovativ konsepsiya olaraq artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatların diqqətini cəlb etmişdir və onun fəaliyyəti ilə yaxından tanış olmağa ciddi maraq göstərirlər.
AzərTAc
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL