waplog

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanının xidməti birləşəcək


"ASAN xidmət" Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. Xidmətin təşkilində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dekabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

İnam Kərimov bildirib ki, "ASAN xidmət"in əsas üstünlüyü odur ki, burada müxtəlif dövlət orqanları vətəndaşlara vahid məkanda xidmət göstərəcəklər. Belə ki, "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçiriləcəkdir.

Qeyd edilib ki, 2013-cü ilin yanvarında əhaliyə xidmət göstərməyə başlayacaq mərkəzin fəaliyyəti üçün hər cür şərait yaradılıb. "ASAN xidmət" mərkəzlərində yaşayış yerindən asılı olmayaraq bütün vətəndaşlara xidmət göstəriləcəkdir. Burada vətəndaşlarla dövlət qulluqçuları arasında münasibətlərin etik davranış qaydaları əsasında qurulmasının təmin edilməsi məqsədilə "ASAN xidmət" əməkdaşları xüsusi etik davranış kurslarına cəlb olunublar. Mərkəzdə ödənişlərin birbaşa olmaması isə şəffaflığın təmin edilməsində mühüm rol oynayacaqdır.

Agentliyin sədri vurğulayıb ki, dekabrın 29-da açılışı olub 1 nömrəli "ASAN xidmət" mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə bu mərkəz paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Gələn ilin iyulunadək Bakı şəhəri üzrə, eləcə də Gəncə və Sumqayıt şəhərlərində "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti təmin olunacaqdır. Mərkəzdə əhaliyə xidmət saat 10:00-dan 20:00-dək göstəriləcəkdir.
İ.Kərimov "ASAN xidmət"in "Çağrı" mərkəzi ilə əlaqədar bildirib ki, vətəndaş "108" nömrəsinə zəng etməklə mərkəzə gəlmədən bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. "Çağrı" mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcəkdir. Sonra İ.Kərimov jurnalistlərin suallarını cavablandırıb.

Sonda KİV nümayəndələri "ASAN xidmət" mərkəzində yaradılmış şəraitlə və iş prosesi ilə yaxından tanış olublar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL