“İntel” gələcək planlarını açıqlayıb
"İntel" korporasiyası ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES 2013" sərgisində bir neçə mühüm bəyanat verərək 2013-cü ildə mobil qurğular sahəsi üzrə seçdiyi strategiyada həlledici olacağını anlatmağa çalışıb. Şirkətin istiqaməti əvvəlki kimi saxlanılacaq: çiplərinin enerji səmərəliliyini artırmaq və "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulmuş "Atom" prosessor platformasını inkişaf etdirmək.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "İntel" "CES" çərçivəsində keçirilən mətbuat konfransında "Atom Z2460" (kod adı "Medfield"dir) mobil prosessorlar xəttinə daha çox diqqət ayırıb. Şirkətin məlumatına əsasən, bu platforma dünyada uğurla satılan 7 "ağıllı" telefonun əsasını təşkil edir. Lakin həmin telefonların heç biri ABŞ-da satılmır.
"İntel" inkişaf etməkdə olan bazarları ələ keçirmək üçün "Atom" platformasına əlavə olaraq "Z2420" (Lexington) modifikasiyasını istehsal etmək niyyətindədir. "Z2420" sələfi kimi eyni "Saltwell" arxitekturasında 1,2 qiqahersə qədər takt tezliyində işləyən prosessordur. "Lexington" HD formatlı (1080r) videonu saniyədə 30 kadr sürətlə yaza, dərhal şəkil çəkə, həmçinin "HSPA+" standartı ilə işləyən şəbəkələrə qoşula biləcək. Yeni prosessor "Android" tətbiqlər üçün optimallaşdırılacaq, həmçinin "microSD" yaddaş kartları üçün konnektora, FM radioya və monitorlara simsiz qoşulma imkanına malik olacaq. "Z2420" əsasında işləyən "ağıllı" telefonlar 2 "SİM" kart taxmaq üçün slotla təchiz ediləcək və bu, inkişaf etməkdə olan ölkələr üçün mühümdür.
Güclü "ağıllı" telefonlar üçün yeni nəsil çiplərə gəlincə, onlar "İntel" korporasiyasının slaydlarında "yeni nəsil" məhsulu kimi təqdim edilir. Şirkət hələlik yalnız 22 nanometr texnoloji proses üzrə hazırlanmış "Atom" mikroarxitekturasının adını – "Silvermont" açıqlayıb. "Clover Trail Atom" platformasında işləyən planşetlər, həmçinin uğurla inkişaf edir.
"İntel" idarəediciləri qeyd edib ki, bu platforma "Windows 8" əməliyyat sistemi (ƏS) ilə işləyən təxminən 10 planşetdə istifadə olunub. O, enerji sərfiyyatı və məhsuldarlıq imkanlarına görə "ARM" arxitekturasından heç də geri qalmır. Şirkət "Clover Trail" platformasının davamı olaraq 22 nanometr texnologiya norması üzrə hazırlanmış "Bay Trail"-i istehsal etmək niyyətindədir. Bu dördnüvəli çip 2 dəfə daha güclü olacaq və yalnız "Windows 8" ilə deyil, həmçinin "Android" platforması ilə işləyən planşetləri dəstəkləyəcək. Onun istehsalı 2013-cü ilin sonuna nəzərdə tutulub.
"İntel"in daha bir bəyanatı "Ivy Bridge"-in aşağı enerji sərfiyyatına malik versiyası ilə bağlıdır. "MacBook Air" noutbuklarında və "Windows" planşetlərində istifadə edilən prosessor modifikasiyası 17 əvəzinə cəmisi 7 vatt enerji sərf edəcək. Şirkət artıq bu çipləri tərəfdaşlarına tədarük etməyə başlayıb. 2013-cü ildə "İntel"in mobil çip sahəsindəki strategiyası tam şəkildə formalaşacaq.
Şirkət rəhbərliyi əmin edib ki, mağazalarda sürətə, batareya müddətinə və qiymətinə görə "ARM" qurğularından geri qalmayan "x86" arxitekturasında işləyən noutbuk, planşet və "ağıllı" telefonlar tapmaq mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL