waplog

Avropa İttifaqının yeni “bulud” strategiyası 2,5 milyon iş yerinin yaranmasına gətirib çıxaracaq


Avropa Komissiyasının təqdim etdiyi "bulud" hesablamaların inkişaf strategiyası Avropanın biznes fəaliyyəti və dövlət sektorunun səmərəliliyinin artırılmasına hədəflənib. "Avropada "bulud" hesablamaların potensialının açılması" adlı strategiya 2020-ci ilədək Avropa ərazisində 2,5 milyon əlavə iş yeri yaratmalı və il ərzində 250 milyard avro həcmində ÜDM təmin etməlidir.

Avropa İttifaqının proqram sənədinə əsasən, yeni strategiya bir neçə inkişaf istiqamətini nəzərdə tutur. Onların arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, dəqiq texniki standartların hazırlanması yolu ilə verilənlərin daşınması və ilkin vəziyyətə qayıtması; "bulud" xidmətlərinin etibarlı tədarükçülərinin ümumavropa sertifikatlaşdırması; "bulud" sazişləri üçün "təhlükəsiz və ədalətli" şəraitin inkişaf etdirilməsi; dövlət sektorunun alıcılıq qabiliyyətinin artırılması və Avropa "bulud" bazarının yaradılması üçün Avropa İttifaqına daxil olan ölkələrin hakimiyyət orqanlarının "bulud" sənayesi ilə əməkdaşlığı.

Mərkəzləşdirilmiş idarəetməyə doğru

Avropa İttifaqında "bulud" xidmətlərinin ən böyük sifarişçisi dövlət sektorudur. Bu fakt ona səmərəlilik, təhlükəsizlik, qarşılıqlı əlaqələr, daşınma və "bulud" xidmətləri keyfiyyətinin digər aspektləri ilə bağlı tələblər diktə etməyə imkan verir. Avropa İttifaqının bir neçə üzv dövləti artıq öz ərazisində "bulud" xidmətlərinin nizamlanması və məqsədyönlü satınalması üçün yerli təşəbbüslərə start verib. Məsələn, Fransada "Andromede", Almaniyada "Trusted Cloud" və Böyük Britaniyada "G-Cloud".

Dövlətlər onlayn səhiyyə xidmətləri və açıq məlumat anbarı kimi "elektron hökumət" xidmətləri yaratmaq üçün İT sektor xidmətlərinə üz tutur. Avropa Komissiyası "Avropa Bulud Əməkdaşlığı" təsis etməklə bu ölkələrin təşəbbüslərini bir araya gətirmək niyyətindədir.

Nizamlılıqdan inkişafa doğru

"Avropa Bulud Əməkdaşlığı" ilk növbədə artıq "bulud" sənayesi ilə işləyən dövlət qurumlarını bir araya gətirmək fikrindədir.

Avropa Birliyinin rəhbər şurası birgə səylərlə dövlət satınalması üçün "bulud" məhsullarına texniki tələbləri hazırlayacaq və bundan sonra bir neçə ilk nümunələri satın alacaq. Bura ilk növbədə səhiyyə üçün həllər, hökumət məlumatlarının nəşrləri və artıq mövcud olan "elektron hökumət" xidmətlərinin "bulud"a daşınması aiddir.

Avropa İttifaqının hesablamasına görə "bulud" həllərin dövlət satınalması həm şirkətlər, həm də dövlət sektorundakı müştərilər üçün bir sıra irəliləyişlərə gətirib çıxarmalıdır. 2012-ci ildə "IDC" analitik şirkətinin Avropa Komissiyası üçün hazırlanmış tədqiqatına əsaslanan Avropanın hakimiyyət orqanları iddia edir ki, "bulud" həllərinə keçid dövlət idarələrinin 80 faizinə İT sahəsinə sərf olunan xərcləri 10-20 faiz azaltmağa imkan verəcək.

Lakin ən mühüm odur ki, "bulud" məhsullarının "yuxarıdan" sifariş edilməsi İT biznesi üçün yeni imkan və bazarlar yaradacaq. "IDC"-nin proqnozuna görə, 2015-ci ilədək "bulud" bazarından əldə olunan gəlirlər 3 dəfə artaraq 73 milyard dollar təşkil edəcək.

Biznesdən əmək bazarının inkişafına doğru

"Bulud" biznesinin regionlarda inkişaf etməsi yerli İT mütəxəssisləri üçün iş yerləri yaratmağa imkan verəcək.

"IDC"-nin daha bir tədqiqatına əsasən, "bulud" sənayesi 2015-ci ilədək dünyada təxminən 14 milyon vakansiya yaradacaq. Bu iş yerlərinin təxminən 50 faizindən çoxu kiçik və orta müəssisələr tərəfindən yaradılacaq və onların əksəriyyəti dünyanın ucqar ərazilərində yaradılan bazarlarda işləyəcək. Yaranacaq 14 milyon vakansiyanın 26,3 faizi dövlət sektoru üçün "bulud" məhsullarının hazırlanmasına aid olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL