Azərbaycan Respublikası Prezidenti : “2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm”
"...Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki, investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq.
...Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir.
Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir.
Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. "ASAN xidmət" artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik.
...Nəhayət, bir məsələni də vurğulamaq istəyirəm. Artıq burada deyildi ki, gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir.
Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada.
Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik. Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır.
Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq".
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL