Həyatımızı dəyişdirəcək 6 mühüm texnologiya
Cari il yanvarın əvvəlində ABŞ-ın Las-Veqas şəhərində keçirilən və artıq başa çatmış "Consumer Electronic Show" (CES) sərgisində məişət elektronikası dünyasının yaxın gələcəyi ilə bağlı qurğular təqdim edilib. "Forbes" sərgidə təqdim edilmiş qurğular arasından 2013-cü ilin əsas texnoloji tendensiyalarını əks etdirən cihazları seçib.
Planşet formasında fərdi kompüterlər
Birinci hal: kompüter ekranlarının hamısı sensor xüsusiyyəti əldə edir. İkinci hal: böyük yer tutan sistem bloklarını bazardan sıxışdırıb çıxaran monobloklar getdikcə daha da nazikləşir. Üçüncü hal: "Windows 8" əməliyyat sistemi (ƏS) kompüter və planşetlərdə işləyir. Bu üç hal dördüncünü yaratdı: monoblok və planşetlər arasındakı sərhəd yoxa çıxır. Güman ki, tezliklə istənilən kompüteri masa üzərinə qoymaq və onu barmaqla idarə etmək mümkün olacaq.
"CES" sərgisində üç məhsul təqdim edilib. Birincisi, "Panasonic" şirkətinin "Windows" ƏS-i ilə işləyən 20 düymlü ekranla təchiz edilmiş planşetidir. Şirkət əmin edib ki, bu planşet dizaynerlərə gərəkli olacaq. İkincisi, "Lenovo"-nun 27 düymlü kompüteridir, onu döşəmə üzərinə də qoymaq olar. Üçüncüsü, "ViewSonic"-in təqdim etdiyi 24 düymlü qurğudur: onu monitor qismində sistem bloka qoşmaq olar, həm də "Android" platforması sayəsində avtonom işlətmək olar.
Yeni oyun konsolları
Ötən ilədək oyun konsolları bazarı "Microsoft", "Sony" və "Nintendo" şirkətləri arasında bölüşdürülürdü. "CES" sərgisində eyni anda iki şirkət oyun konsolu nümayiş etdirib. Videokartları sayəsində qeymerlərin sevimlisinə çevrilmiş "NVIDIA" şirkəti "Android" platforması ilə işləyən "Project Shield" adlı yığcam qurğu, "Razer" isə "Windows 8" ƏS-i ilə işləyən oyun planşeti istehsal edib.
İnternetə çıxış imkanına malik məişət texnikası
Hər bir ev predmetini kompüterləşdirmək ideyası yeni səviyyəyə qədəm qoyub. Buna səbəb planşetlərin inkişafıdır: istənilən qurğuya planşet quraşdırmaqla onu təkmilləşdirmək mümkündür. Məsələn, "Samsung T9000" soyuducusu "Evernote" tətbiqini dəstəkləyir. "Dacor"-ın istehsal etdiyi yeni soba isə "Android" mobil əməliyyat sistemi ilə işləyir və ona "Google Play" onlayn mağazasındakı tətbiqlər quraşdırmaq olar. Sobanı "ağıllı" telefona quraşdırılmış xüsusi tətbiq vasitəsilə idarə etmək olar və o, təyin edilmiş vaxt bitdikdə bu barədə telefona xəbərdarlıq göndərəcək.
Qol saatı
"Pebble" "ağıllı" saatları "ağıllı" telefonla sinxronlaşa bilir və ona tətbiq quraşdırmaq mümkündür. İstehsalçılar layihəni "Kickstarter"-ə təqdim edərək saatın kütləvi istehsalı üçün onlara 100 min dollar lazım olduğunu yazmışdılar. Nəticədə 10 milyon dollardan çox ilkin sifariş topladılar. Bu nümunə digər istehsalçıları da ruhlandırdı. "Casio" şirkətinin təqdim etdiyi "G-Shock GB5600A" cihazı görünüşcə 1990-cı illərdəki qol saatlarını xatırladır, lakin o, "iPhone"-un sahibini tanıya, cavab vermədiyi zənglərin sayını və hansı saat qurşağında yerləşdiyini bilir. "Toshiba"-nın təqdim etdiyi prototipin ekranı böyük olduğuna görə onda xəritəyə baxmaq mümkündür, o, həmçinin nəbzi də ölçə bilir.
Yeni televizorlar
Bir vaxtlar 1920x1080 piksel (1080p) təsvir ölçüsünə "Full HD" marketinq adı vermişdilər: o dövrdə məişət bazarında ən böyük televizorlar "Full HD" xüsusiyyətinə malik idi. Hazırda 10 düymlü "iPad" planşetinin təsvir ölçüsü "Full HD"-yə bərabərdir. Buna görə də televizorların təsvir ölçüsünü artırmaqda qəribə heç nə yoxdur. Yeni "4K" standartının təsvir ölçüsü 3840x2160 piksel təşkil edir. Bu göstərici əvvəlki standartla müqayisədə həm şaquli, həm üfüqi 2 dəfə çoxdur.
"4K" təsvir ölçüsünə malik televizorlar haqqında əvvəllər də danışılırdı, lakin "CES" sərgisində yeni dalğanın gəldiyi aydın oldu: eyni anda 8 şirkət öz modellərini təqdim etdi. Lakin onların kütləvi hal almasına hələ bir qədər var. Birincisi, belə televizorların əksəriyyətinin qiyməti hazırda 10 min dollarlarla ölçülür. İkincisi, hazırda "4K" təsvir ölçülü məzmun çox azdır. Lakin televiziya işçiləri yeni standartla maraqlanıblar. Buna görə də yeni televizorların imkanlarından istifadə üçün ehtimal ki çox gözləmək lazım gəlməyəcək.
Ənənəvi əşyalar yeni forma alır
Məsələn, "HAPIfork" çəngəli sahibinin düzgün qidalanmasına nəzarət edir. Çəngəlin topladığı informasiyanı "USB" konnektor vasitəsilə yükləmək mümkündür. Bu, düzgün həyat tərzi keçirmək üçün heç də yeganə qurğu deyil.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL