waplog

2012-ci ildə rabitə müəssisələri 1.4 milyard manatlıq rabitə xidməti göstərib


Dövlət Statistika Komitəsi 2012-ci ildə «Statistik işlər proqramı», «2012-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı» və «İqtisadi təhlil» üzrə iş planlarında nəzərdə tutulmuş bütün işləri, «2008-2012-ci illərdə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsinə dair» Dövlət proqramını tam həcmdə və nəzərdə tutulmuş vaxtda yerinə yetirib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında danışıb. Komitə sədri bildirib ki, bütün bunlarla yanaşı, ötən il əsas diqqət beynəlxalq səviyyədə ölkə təcrübəsinin yayılmasına, rəsmi statistikanın rolunun artırılmasına, ölkə səviyyəsində istifadəçilərin məlumatlarla təmin olunması işinin gücləndirilməsinə, respondentlərə düşən statistik yükün azaldılmasına və statistik məlumatların keyfiyyətinin daha da yüksəldilməsinə yönəldilib.

Onun sözlərinə görə, il ərzində komitə tərəfindən 76-sı hesabat formalarının tərtibinə, 27-si isə statistika tədqiqatlarının keçirilməsinə, hesablamaların aparılmasına, göstəricilər sisteminin tərtib olunmasına və digər məsələlərə həsr olunmaqla 103 metodoloji iş yerinə yetirilib. Respondentlərə düşən yükün azaldılması məqsədilə 8 hesabat forması ləğv edilib, 61 hesabat formasının dəyişildiyini deyən A.Vəliyev söyləyib ki, rəsmi statistik məlumatların təqdim edilməsi üzrə xidmət onlayn rejiminə keçirilib: «Müvafiq proqram təminatı hazırlanıb, mərkəzləşmiş şəkildə təqdim edilən hesabatlardan başqa, bütün statistik hesabatların elektron sənəd formasında təqdim olunması imkanları yaradılıb. 2013-cü il yanvarın 1-nə olan vəziyyətə görə, orta və iri sahibkarlıq subyektlərinin demək olar ki, hamısı, kiçik sahibkarlıq subyektlərinin isə hər ikisindən biri aylıq hesabatları elektron qaydada, yerli statistika orqanlarına gəlmədən təqdim ediblər.

Rəsmi statistika hesabatlarının elektron sənəd formasında toplanmasına görə Dövlət Statistika Komitəsi MDB ölkələri arasında birinci yeri tutur». A.Vəliyev bildirib ki, komitənin veb-səhifəsində elektron xidmətlər bölməsi yaradılıb. Onun sözlərinə görə, bu xidmətlər sırasında rəsmi statistik hesabatların təqdim edilməsi, statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi, statistik məlumatların (göstəricilərin) verilməsi, statistik nəşrlərin (kitabların) onlayn satışı və statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi kimi xidmətlər də vardır: «Komitənin yeni internet səhifəsi hazırlanıb. Yeni saytın əsas menyusuna qanunvericilik, statistik nəşrlər, metaməlumatlar, elektron kitabxana, statistik lüğət kimi irihəcmli bölmələr əlavə edilib.

Bununla yanaşı, keyfiyyətin idarə olunması, fəaliyyətlə bağlı illik hesabatlar, bütün nəşrlərin elektron versiyaları, regionlar üzrə elektron xəritə və sairə səhifədə öz əksini tapıb. Veb-səhifə əsas etibarilə istifadəçilərin tələbatına yönəldilib, metaməlumatlar, statistik lüğət, məlumat bazası, təsnifatlar və sair əsas bölmələr aktiv rejimə keçirilib. 2012-ci ildə internet səhifəsindən hər gün orta hesabla 1310 istifadəçi bəhrələnib, hər gün baxılan səhifələrin orta sayı isə 2011-ci illə müqayisədə 2 dəfə artıb. Ötən il statistik məlumatların dərc olunması və yayılmasında informasiya vasitələrindən, radio və TV kanallarından geniş istifadə olunub».

A.Vəliyev bildirib ki, beynəlxalq səviyyədə rəsmi statistika orqanları öz fəaliyyətini genişləndirib, mili hesablar sisteminə dair məruzə BMT-nin enerji statistikası vəsaitinə daxil edilib. O qeyd edib ki, ötən il DSK həmçinin 10 beynəlxalq təşkilatın elektron informasiya bazalarında ölkəmizə aid statistik məlumatların uyğunluq monitorinqini keçirib və bu zaman həmin təşkilatların göstəriciləri ilə DST-nin rəsmi məlumatları arasında 327 göstərici üzrə uyğunsuzluq halı aşkar edilib.

Bu sahədə aparılan davamlı fəaliyyət nəticəsində bir sıra uyğunsuzluqlar aradan qaldırılıb, ölkə həqiqətlərinin dünya birliyinə düzgün əks etdirilməsinə nail olunub. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanın rəsmi statistikasında da keyfiyyətin təmin olunması son illərin ən aktual məsələlərindən birinə çevrilib: «Dövlət Statistika Komitəsi keyfiyyətin təmin olunması sahəsində öz məqsəd və siyasətini bəyan edib, fəaliyyət planı tərtib olunub, keyfiyyət üzrə nümayəndə təyin edilib, işlərin yaxşı əlaqələndirilməsi üçün şura və müstəqil struktur bölmə yaradılıb.

Bunun nəticəsində statistika orqanlarının fəaliyyətinin standartlaşdırılması, istehsal mexanizminin vahid istiqamətdə formalaşdırılması və idarəetmədə xətaların minimuma endirilməsinə nail olunub. Əsas göstəricilər və bütün hesabatlar üzrə məlumatlar yazılaraq komitənin veb-səhifəsinə yerləşdirilib, bütün şöbələrdə keyfiyyətin təmin olunması standartları müəyyənləşdirilib». 15 yerli statistika orqanında məlumat şəbəkələrinin yenidən qurulduğunu önə çəkən A.Vəliyev deyib ki, məlumatın mübadilə yolu ilə artırılması imkanları ilə yanaşı, statistika sistemində çalışan bütün mütəxəssislərin sürətli internetə çıxışı təmin edilib.

Sədr deyib ki, elektron sənəd dövriyyəsi sisteminin imkanları artırılıb, yeni nəzarət mexanizmləri həyata keçirilərək məlumat mübadiləsinin sürətinin yüksəldilməsi və icraya nəzarətin təşkili işlərinə xüsusi diqqət yetirilib: «Tətbiq edilmiş sistemin üstünlüklərini nəzərə alaraq komitənin veb-səhifəsində «E-sənəd dövriyyəsi sistemi» bölməsi yaradılıb, digər dövlət idarəetmə orqanlarının da bu sistemə qoşula bilməsi imkanları yaradılıb.

Bu sahədə qarşıda duran vəzifələri daha keyfiyyətli yerinə yetirmək və texniki bazanı gücləndirmək məqsədilə 2012-ci ildə 4 ədəd server, mərkəzi aparatın və yerli statistika orqanlarının texniki imkanlarının artırılması üçün 131 ədəd kompüter, 25 ədəd çap, skayner və surətçıxarma qurğusu alınaraq quraşdırılıb». A.Vəliyev bildirib ki, Azərbaycanın iqtisadi və sosial həyatında son illər müşahidə olunan inkişaf 2012-ci ildə də davam edib.

Onun sözlərinə görə, ölkənin inkişafını xarakterizə edən əsas makro-göstərici - ümumi daxili məhsul istehsalı 2.2 faiz və ya müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 54.0 milyard manata çatıb. Ümumi daxili məhsulun 1.7 faizi rabitədə yaradılıb.

Qeyd olunub ki, emal bölməsində istehsal olunmuş məhsul sənayenin ümumi məhsulunun 18.9 faizini təşkil edib və kompüter və digər elektron avadanlıqların istehsalı 8.0 dəfə artıb. A.Vəliyev daha sonra deyib ki, 2012-ci ildə rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1.4 milyard manatlıq rabitə xidməti göstərib və 2011-ci illə müqayisədə 15.9 faiz artıb. Rabitə xidmətlərinin 859.9 milyon manatı və ya 12.2 faizi mobil rabitənin payına düşüb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL