İİN-də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı Tədbirlər Planı hazırlanacaq
Uğurla yola saldığımız 2012-ci ildə ÜDM 2,2% artıb, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil edib. ÜDM-nin artımına qeyri-neft sektoru hesabına nail olunub. Ötən il rabitə sahəsində 15,9% artım olub.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev danışıb. 2012-ci ildə qazanılmış iqtisadi nailiyyətlər barədə məlumat verən nazir bildirib ki, ölkədə illik inflyasiya 1,1% təşkil edib. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 milyard dollar investisiya yatırılıb ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır.
Ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracı 11,2% artıb. Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olub ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam edib, yeni müəssisələr, iş yerləri açılıb. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilib.
Şahin Mustafayev qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilib, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilib. İqtisadi inkişaf naziri Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə bir sıra tapşırıqların verildiyini vurğulayıb.
Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL