“İnformasiya-kommunikasiya texnologiyaları ili” İKT sahəsində böyük layihələrin başlanğıc ili olacaq
- Əli müəllim, 2013-cü il Azərbaycanda "İKT ili" elan olunub. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
-"Elm və texnologiyalar əsri" adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox gözəl anlayır. Məhz bu mövqeyinə görə bu gün ən qlobal missiyalar, ən güclü layihələr texnologiyalara söykənilərək həyata keçirilir. Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil.
Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya və kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir.
Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır.
Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.
Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair "Tədbirlər Planı"nı hazırlayıb, bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncamın icrasından dərhal sonra nazirlikdə bu istiqamətdə işlərə başlanılıb. Belə ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə yaradılmış İşçi Qrup artıq fəaliyyətdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti üzvlərinin daxil olduğu İşçi Qrupun ilk iclası keçirilib. Hazırlanacaq "Tədbirlər Planı"nda əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi zamanı dövlət və qeyri-dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əsas prinsip götürülüb. Artıq bununla bağlı təkliflərin verilməsi üçün bu sahədə çalışan müxtəlif qurumlara nazirlik tərəfindən məktubla müraciət olunub, vətəndaşlardan təkliflərin toplanılması üçün nazirlikdə "qaynar xətt" yaradılıb. Təkliflər toplanılaraq İşçi Qrup tərəfindən müzakirə edildikdən sonra məqsədəuyğun hesab edilən təkliflər "Tədbirlər Planı"na daxil ediləcək və hazırlanmış yekun layihə müvafiq qaydada təqdim olunacaq.
- "İKT ili"ndə hansı irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
- Bu gün RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə də mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi "İKT sahəsində böyük layihələrin başlanğıc ili" adlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır.
Məlum olduğu kimi, artıq fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldıracaq. İlk peykimiz olan "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan "Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.
Artıq ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın "Azərspace-1" birinci peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya da başlayıb. ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərdikləri məktublarda Birləşmiş Ştatlar ilə ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verilir, qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağırırlar.
"İKT ili" çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, "Azərbaycanda evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.
Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və "Bakutel" İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk "Azərbaycan-ABŞ İKT forumu"ndan sonra RİTN daha bir ilkə imza atacaq. Belə ki, fevralın 27-28 tarixlərində birinci "Yaponiya - Azərbaycan İKT forumu" keçiriləcək. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün də başlanacağını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur.
- Əli müəllim, ölkəmiz İKT-nin inkişaf səviyyəsinə görə bu gün hansı mövqedə dayanır?
- Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır.
Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə Ümümdaxili Məhsulun (ÜDM) həcmi 54.0 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17.3 faiz artaraq 1503.4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17.4 faiz, İT sektorunda 8.6 faiz, eyni zamanda, poçt sektorunda 18.2 faiz, informasiya sektorunda isə 50.1 faiz təşkil edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir.
Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb.
Belə ki, "Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012" ("The Global Information Technology Report 2012") hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir.
Həmçinin, Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2012-2013" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və beləliklə, yenə də MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi "Measuring the Information Society - 2012" adlı hesabatında "İKT inkişaf indeksi" (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət və optimist fikirlər səsləndirirlər.
Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək. Qazanılan uğurlarla kifayətlənməyən Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" prinsipi əsasında artıq gələcəyini müəyyən edərək məqsədyönlü şəkildə irəliyə doğru hərəkət etməkdədir.
- Prezident İlham Əliyev Davosda keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfərdə olub. Səfər çərçivəsində forumda İKT ilə bağlı hansı təşəbbüslər irəli sürülüb?
- Heç təsadüfi deyil ki, ölkə başçısı bu yaxınlarda Davosda Dünya İqtisadi Forumu (DİF) çərçivəsində keçirilən və "Mərkəzi Asiya üçün yeni üfüqlər" mövzusuna həsr olunmuş sessiyada çıxışında İKT-nin ölkəmizdə prioritet sahə elan edildiyini, dövlətin bu sahənin inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə dəstəyi verəcəyini, eləcə də bu ilin "İKT ili" elan edildiyini bir daha beynəlxalq birliyə bəyan edib.
Həmçinin prezident İlham Əliyev Davosda "Booz&Co", "McKinsey", "Microsoft" və "ThalesAlenia" şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə də İKT, internet, peyk sənayesi və əlaqədar sahələrin ölkəmizdə vüsətlə inkişafını təmin etmək üçün kompleks işlərin görüləcəyini potensial investorların diqqətinə çatdırıb.
Bildirim ki, cari ilin 7-8 aprel tarixlərində DİF və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə "WEF Baku Summit" beynəlxalq tədbiri keçiriləcək və burada İKT müzakirə olunacaq 3 əsas mövzudan biri seçilib.
Tədbir çərçivəsində keçiriləcək sessiyalarda İKT-nin qlobal inkişafı perspektivləri və Azərbaycan təcrübəsi müzakirə ediləcək.
- Gələcək perspektivlərdə hansı istiqamətlər müəyyənləşdirilib?
- İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf, əldə edilən uğurlu göstəricilər hazırda ölkəmizin öz qarşısına daha yüksək məqsədlər qoymasına və onlardan irəli gələn vəzifələrin istiqamətləndirilməsinə kifayət qədər imkan verir. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi və genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapıb.
Qeyd etdiyim kimi, konsepsiya artıq bazar iqtisadiyyatına keçidi adlayan, bu keçidi geridə qoyan və hazırda strateji kursun uğurla həyata keçirilməsinin təzahüru kimi ortaya çıxaraq, yeni iqtisadi inkişaf mərhələsinin astanasında olan bir ölkə üçün olduqca mühümdür.
Bu gün ölkəmiz təhsil-innovasiya-elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşmasına doğru inamla irəliləməkdədir. Növbəti illərdə prioritet sayılan sahələrin daha da inkişaf etdirilməsi üçün bu üçlükdən ibarət sütun iqtisadi inkişafın əsas meyarı kimi götürülür.
Təsadüfi deyil ki, sözügedən konsepsiyada da texnologiyaların, innovasiyaların inkişafı, onların digər sahələrdə də geniş tətbiqindən əldə olunacaq uğurlu gözləntilərə ümidlər böyükdür.
Elə bu səbəbdən də konsepsiyanın ən əsas hədəfi 2020-ci ilə Azərbaycanda ümumdaxili məhsulun həcminin 2 dəfə artırılması, bu artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi, iqtisadiyyatda böyük çəkiyə malik neft amilindən asılılığın aradan qaldırılması ilə iqtisadiyyatın diversifikasiyasına nail olunması və Azərbaycanda biliklər iqtisadiyyatının qurulması hesabına həyata keçirilməsidir. Bu, çox böyük, məsuliyyətli və ambisiyalı hədəfdir. Digər tərəfdən, innovativ yeniliklərin sürətlə irəliləməsi, onların istehsal sahəsində daha geniş tətbiqi dünya iqtisadiyyatında artımın məhz texnologiyalar hesabına baş verməsini şərtləndirir ki, bu da hazırda bütün beynəlxalq proqnozlarda öz əksini tapmaqdadır.
Getdikcə artan qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması və bu xətt üzrə genişlənməsi müasir dövrün çağırışlarında mühüm istiqamətlərdən birini tutur ki, Azərbaycan da bu qlobal mühitdə digər ölkələrdən kənarda qala bilməz. Dünya iqtisadiyyatına inteqrasiya yolunda bu inkişafdan geri qalmamaq üçün ölkəmiz ənənəvi iqtisadiyyatı arxada buraxaraq, inkişaf tempini məhz texnologiyaların inkişaf etdirilməsi hesabına artırmağı hədəfləyir. Beləliklə, konsepsiyanın icrası nəticəsində Azərbaycanın rəqabətqabiliyyətini artıraraq, iqtisadi və siyasi cəhətdən daha çox inkişaf etmiş bir ölkəyə çevriləcəyi gözlənilir.
Bunun üçün də artıq qeyd etdiyim kimi, İKT-yə böyük ümidlər bəslənilir və "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq.
Eləcə də 2020-ci ilə qədər "Elektron hökumət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq. "Elektron hökumət"in həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır.
Ümidvarıq ki, hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə "Elektron hökumət" layihəsi əhəmiyyətli rol oynayacaq.
Həmçinin qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması isə ölkəni daha etibarlı peyk rabitəsi ilə təmin edəcək, bu da öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Konsepsiyaya uyğun olaraq, telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək.
Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcək.
Rəqəmli TV-yə keçidin başa çatdırılması və əhaliyə yüksəkkeyfiyyətli radio-TV yayımının təşkili qarşımızda duran əsas məsələlərdən biridir. Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə, xüsusilə genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası hesabına LTE texnologiyasının tətbiqinə başlanılıb.
2020-ci ilə qədər ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək.
Onu da əlavə edim ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaq. Eyni zamanda Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway) layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.
RİTN-in qarşısına qoyduğu ambisiyalardan biri də Azərbaycanı region ölkələri üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevirməkdir. Artıq bu istiqamətdə də işlər aparılır. Belə ki, bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir.
"Azərbaycan 2020: inkişaf konsepsiyası"na əsasən İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 mlrd. dollara çatdırmaqdır. Bu, əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT mərkəzlərinin və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması və güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.
Konsepsiya üzrə həyata keçiriləcək işlər sırasında innovativ sahibkarlığın dəstəklənməsi, İT şirkətlərinə imtiyazlı və münbit biznes mühitinin yaradılması, bu yolla ölkədə yeni sahibkarlığın inkişafını gücləndirmək də yer alıb.
Artıq bu ildən RİTN-in nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə başlayacaq ki, onun da əsas istiqaməti informasiya-kommunikasiya texnologiyaları sektorunda stimullaşdırmanı həyata keçirməkdir.
Fond bu sahədə innovasiyaların tətbiqi, eləcə də tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə dəstək verməklə bu sahənin inkişafına təkan verəcək. Biliklər iqtisadiyyatının inkişafı istiqamətində daha bir addım Azərbaycanın dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya etdiyi bir zamanda texnoparkların yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 05.11.2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə yaradılmış "Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.
Həmçinin, "Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcəkdir.
Hal-hazırda "YT Park"ın fəaliyyətinin təmin olunması istiqamətində işlər aparılır. "İKT ili"ndə, həmçinin qarşıdakı illərdə insan kapitalının yaradılması da diqqət mərkəzində olacaq ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri də məhz İT sahəsində kadrların hazırlanması ilə bağlı tədbirlərdən ibarətdir. Artıq bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü tədris ilindən tələbə qəbuluna başlanacaq. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm bir qərardır.
Eyni zamanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində də İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tululur.
- Əli müəllim, necə düşünürsünüz, RİTN qarşısına qoyulan bütün məqsədlərə nail ola biləcəkmi?
-Ümumiyyətlə, hədəfimiz Azərbaycanın Ümumdaxili məhsulunu qarşıdan gələn 8 il ərzində 100 milyard manata çatdırmaqdır. Hesablamalara görə, məqsədə nail olmaq üçün bu illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 6-6,5 faiz ətrafında olmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarını aparıcı, prioritet sahə, həmçinin də ümumi inkişafa təsir edən müsbət bir amil kimi nəzərdən keçirərək, qarşımıza böyük məqsədlər qoymuşuq.
Nazirliyin bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, ümumi inkişafa öz töhfələrimizi vermək üçün qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4.5-5.0 dəfə artırmalıyıq.
Qeyd etdiyim kimi, artıq hədəflər müəyyənləşib, məqsədimiz aydındır. Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür və biz bu gözləntilərə nail olmaq üçün tam gücümüzlə çalışacağıq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL