İnsanların ən sevimli markasından təəssüf doğuracaq səhvlər
"Apple" ticarət markasının dünyada ən yaxşı olduğunu hesab edən yüz milyonlarla tərəfdarı qəzəblənib. Səbəb isə yeni "iOS 6" əməliyyat sistemində quraşdırılmış xəritənin problemli olması, "iPhone 5"-in korpusunun asanlıqla cızılmasıdır.
"Mükəmməlliyə can atan şirkət işlərə artıq başdansovdu yanaşmağa başlayıb, Cobsun sağlığında belə deyildi" – deyə sevimli markanın istifadəçiləri təəssüflərini ifadə ediblər. Lakin "Apple" şirkətinin tarixində bundan da acınacaqlı hadisələr baş verib. Bu məqalədə onları sizin nəzərinizə çatdıracam.
"Apple Macintosh 128K" kompüterini nə üçün toster adlandırırdılar?
"Macintosh 128K" kompüteri bir dönüş nöqtəsi kimi xatırlanır: o, qrafik interfeys dövrünün başlanğıcını qoyub. Onun üçün çəkilmiş reklam çarxı "Advertising Age" jurnalının versiyasına görə, 1980-ci illərin ən yaxşı reklamı adına layiq görülüb.
Həmçinin "Macintosh 128K"-dən başlayaraq "Apple" kompüterlərini "mak" adlandırmağa başlayıblar. Lakin bu kompüterin satış həcmi gözlənildiyindən az olub. Əsas səbəblərdən biri ventilyatordan imtina edilməsi idi: Stiv Cobs çox istəyirdi ki, kompüter işləyəndə səs-küy yaratmasın.
Nəticədə qızmadan yaranan problemlər o qədər çoxaldı ki, modeli "qəhvəyi toster" adlandırdılar. 1987-ci ildə "Apple" şirkəti yeni "Macintosh SE" modelini ventilyatorla təchiz edərək problemi aradan qaldırıb.
"Newton" mobil platforması
1993-cü ildə "Apple"-a Con Skalli rəhbərlik edib və o dövrdə şirkət sensor ekranla təchiz edilmiş və "Newton OS" sistemi ilə işləyən qurğusunu təqdim edib. Lakin qurğu gözlənilən ümidləri doğrultmayıb. Bunun bir sıra səbəbləri olub ki, onlardan biri Stiv Cobs üçün daha çox önəm təşkil edib: məlumatları daxil etmək üçün stilus qurğusu.
Deyilənə görə, Cobs şirkət rəhbərliyinə yenidən qayıtdıqdan sonra bu istiqaməti bağlayıb.
Dəyirmi "siçan": gözəl, lakin qıcıqlandırıcı
"iMac" seriyasından birinci kompüteri ictimaiyyətə ilk dəfə təqdim edən Cobs onun şayba formasında hazırlanmış "siçan"ını dünyanın ən yaxşı manipulyatoru adlandırıb. Müştərilərin "iMac" kompüterini bəyənməsinə baxmayaraq, eyni sözləri "siçan" haqqında söyləmək mümkün deyildi.
Problem dəyirmi formada hazırlanmış "siçan"ı idarə etməyin çətin olmasında idi. Nəticədə şirkət əvvəlcə ona kiçik dəyişikliklər etdi, daha sonra ənənəvi formaya qayıtdı.
"Power Mac G4 Cube" kompüteri
"Şüşə kub" şirkətin dizayneri Conatan Ayvın ən effektiv həllərindən biri idi: Bu həll əbəs yerə Nyu-York Müasir İncəsənət Muzeyinə düşməmişdi. Onun qiyməti 1799 dollar təşkil edirdi.
Tələbat az olduğuna görə, artıq 2001-ci ildə modelin istehsalı dayandırıldı.
Cobs onun sayəsində özünütənqidi öyrənib
"iPhone 3G" ilə eyni anda iki internet-layihə ("App Store" proqramlar mağazası və "MobileMe" onlayn-xidmətlər dəsti) də istifadəçilərin ixtiyarına verildi. Birinci populyarlıq qazandığı halda, ikinci "Apple" üçün başağrısına çevrildi.
Mətbuatda bu xidmət tənqid edildiyinə görə Cobs hətta bir dəfə əməkdaşlarının üstünə də qışqırıb. Nəticədə 3 il sonra o "iCloud" ilə əvəz olundu. Yeni xidməti təqdim edərək onun üstünlüklərindən danışan Cobs "MobileMe" xidmətinin problemlərini özü də etiraf etmişdi.
"iPhone 4"-ün antenası: xırda mühəndislik qüsuru və böyük PR səhv
Dördüncü nəsil "iPhone"-da aşkar edilmiş problemlər "antennaqeyt" qalmaqalı ilə nəticələndi: "Apple" şirkəti, hətta tənqidlərə cavab vermək üçün xüsusi tədbir təşkil etməli olmuşdu.
Tədbirdə çıxış edən Cobs bütün istifadəçilərin qurğusunu xüsusi çexollarla pulsuz təchiz etməyə söz vermişdi.
Əslində milçəkdən fil düzətmişdilər: çoxsaylı sorğuların nəticəsinə əsasən, problem yalnız az sayda istifadəçidə qeydə alınmışdı. Lakin istifadəçidən "Mən iPhone qurğumu metal hissədən tutduqda onda rabitə itir" məzmunlu məktub alan Stiv Cobs ona kəskin cavab vermişdi:
"Sadəcə, onu başqa cür saxlayın". Qeyd edək, "iPhone 4" və "iPhone 4S" telefonlarının kənar hissələri metaldan ibarətdir, hər hansı bir əməliyyat zamanı faktiki olaraq smartfonu başqa formada tutmaq mümkün deyildir.
Görünür, Cobs o zaman zarafat etmək istəmiş, bu cavab bir çoxlarını hiddətləndirmişdi.
"Ping" sosial xidməti
Artıq 2010-cu ildə hamıya aydın idi ki, gələcəyin interneti sosial xidmətlər üzərində qurulacaq və ona görə də bu "qatar"a tezliklə minmək lazımdır. "Facebook" haqqında film çəkilmiş, "Like" düyməsi milyonlarla sayta inteqrasiya olunmuşdu.
Bu ərəfədə "Google" isə öz sosial şəbəkəsini yaratmağı planlaşdırırdı. "Apple" şirkəti də dəblə ayaqlaşaraq dostlara musiqi məsləhət görməyə imkan verən "Ping" musiqi şəbəkəsini yaratmağa qərar verdi. 2 il keçdikdən sonra tamamilə aydın oldu ki, bu ideya, necə deyərlər, "tutmadı". Beləliklə, 2012-ci ilin yayında "Ping" şəbəkəsini ləğv etdilər.
"iPhone 5": başqa cür ola da bilməzdi
Yeni "iPhone"-a qarşı irəli sürülən iki əsas iddia odur ki, birincisi, yeni kartoqrafiya tətbiqi əvvəlki ilə müqayisədə çox zəifdir, ikincisi, arxa panel son dərəcə asanlıqla cızılır. Yeni xəritə doğrudan da mükəmməldən uzaqdır. Qeyd edim ki, əvvəlki tətbiqdə "Google Maps"-ın məlumatlarından istifadə olunurdu.
"Apple" yeni tətbiqində isə "Google Maps"-dən imtina edib. Alüminium korpusun cızılmağına gəldikdə, müxtəlif nəşrlərin testlərinə görə, "iPhone 5" doğrudan da sələfi ilə müqayisədə daha asanlıqla cızılır. Məsələ burasındadır ki, alüminium əvvəllər istifadə edilmiş şüşə ilə müqayisədə cızıqlara qarşı o qədər dayanıqlı deyil.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL