waplog

RİTN-də “İnformasiya təhlükəsizliyi və məlumatların mühafizəsi” mövzusunda “dəyirmi masa” keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuş "İnformasiya təhlükəsizliyi və məlumatların mühafizəsi" mövzusunda "dəyirmi masa" keçirilib.

Təhlükəsiz İnternet Gününün mahiyyətindən söz açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə xüsusən də uşaqların təhlükəsiz internetlə təmin edilməsinin vacibliyinə toxunaraq, əhali arasında bu istiqamətdə maarifləndirmə işlərinin daha da gücləndirilməsinin önəmli olduğunu vurğulayıb. Nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov isə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq barədə danışıb: "İKT bəşəriyyətin son illərdə əldə etdiyi ən böyük nailiyyətdir.

Eyni zamanda bu nailiyyətin yaratdığı təhlükələr də istisna deyil. Bu da öz növbəsində təhlükəsizlik məsələlərini önə çəkir, xüsusən də kibertəhlükəsizlik amilini aktuallaşdırır". Bu gün kibercinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsinin əhəmiyyətindən də danışan B.Məmmədovun sözlərinə görə, bu proses Avropa Şurasının 2001-ci il Budapeşt konvensiyası ilə tənzimlənir:

"Azərbaycan da kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin də qoşulduğu "Kibercinayətkarlıq haqqında" Konvensiya və digər sənədlər beynəlxalq müdafiə sisteminin formalaşdırılması üçün geniş imkanlar yaradır". Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Treninq və monitorinq şöbəsinin müdiri Ramil Süleymanov təhsildə yaradılan təhlükəsiz internet mühitindən söz açıb.

Şöbə müdiri qeyd edib ki, şagirdləri internetin mənfi təsirindən qorumaq üçün hazırda ümumtəhsil müəssisələrində "Websense" proqramı tətbiq olunur: "Proqram avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir. Əgər internet-resurs qadağa qoyulan kateqoriyalara aiddirsə, ona girişi qadağan edir. "Websense" proqramı vasitəsilə internetdə yerləşən video və audio fayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir".

Digər çıxışçılar da internet istifadəçilərinin əksər hallarda təhlükəsizlik məsələlərindən məlumatsız olduqları, fərdi məlumatları qoruyan parolların çox sadə formada seçilməsi, bəzi hallarda isə təhlükəsizlik məsələlərinə etinasız yanaşdıqlarını vurğulayıblar. Tədbir müzakirələrlə yekunlaşıb və "İKT ili"ndə internet istifadəçiləri arasında məlumatlandırma kampaniyalarına daha çox yer ayrılması qərara alınıb.

Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il fevral ayının ilk çərşənbə axşamı keçirilən Beynəlxalq Təhlükəsiz İnternet Gününun əsas məqsədi dünya üzrə uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL