Təhlükəsiz internet və Azərbaycan
Artıq 7 ildir ki, Avropa Şurasının təşəbbüsü ilə hər il 28 yanvar Məlumatın Qorunması Günü kimi qeyd olunur. Bununla yanaşı, Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi - “İNSAFE” tərəfindən 2004-cü ildə təsis edilmiş Beynəlxalq Təhlükəsiz İnternet Günü hər il dünyanın bütün qitələrində (təqribən 74 ölkədə, o cümlədən Avropa Birliyinin 27 üzv dövlətində) qeyd edilir.
Cari ildə 5 fevral tarixinə təsadüf edən 10-cu “Təhlükəsiz İnternet Günü” “İnternetdə “Online” hüquq və vəzifələrimiz” (“Online rights and responsibilities”) devizi altında keçirildi. Məlumat üçün bildirək ki, Təhlükəsiz İnternet Günü uşaqlar və gənclər üçün internetin təhlükəsiz məkana çevrilməsi üçün səylərin birləşdirilməsi məqsədilə təsis edilib. İlk olaraq yalnız “İNSAFE” şəbəkəsinə daxil olan ölkələrdə qeyd edilən Təhlükəsiz İnternet Günü təhlükəsiz internet mühitinin informasiya cəmiyyətinin inkişafı üçün zəruriliyi nəzərə alınaraq 2009-cu ildən bütün dünyada qeyd edilməyə başlayıb.
Yeri gəlmişkən vurğulamaq lazımdır ki, hər iki əlamətdar gün hər il olduğu kimi bu il də Azərbaycanda qeyd olundu və geniş miqyasda müzakirələr aparıldı, görülən işlər barəsində cəmiyyətimizə məlumat verildi.
İnternet təhlükəsizliyi
Azərbaycan dövləti ölkədə internetin təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və bu istiqamətdə əhəmiyyətli addımlar atmaqdadır. Buna misal olaraq bildirilməlidir ki, Azərbaycan Respublikası “Kibercinayət haqqında” Avropa Konvensiyasına qoşulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri 2012-ci ildə də dünya əhəmiyyəti daşıyan beynəlxalq tədbirlərdə, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Kibertəhlükəsizliyə başlıca təhdid olan kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda düzənlənən seminarlarda iştirak ediblər. Məlumat üçün qeyd edək ki, Avropa Şurası tərəfindən 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində qəbul edilmiş “Kibercinayətkarlıq haqqında” konvensiyaya Azərbaycan 30 sentyabr 2009-cu ildə qoşulub. Ölkəmiz bu konvensiyadan irəli gələn bütün tədbirləri həyata keçirir.
RİTN-in informasiya təhlükəsizliyinin təmini istiqamətindəki fəaliyyəti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə internet təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirib və bu fəaliyyət davam etdirilməkdədir. 2012-ci il ərzində RİTN-in dəstəyi və təşkilatçılığı ilə ayrı-ayrı dövlət qurumlarının iştirakı ilə “Fərdi məlumatların mühafizəsi”, “Rəqəmsal dünyanı birgə və təhlükəsiz kəşf edək”, “İKT-də qadın və qızların rolu”, “ISO 27001:2005 beynəlxalq standartı əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi məsələləri”, “Kibertəhlükəsizlik” və digər mövzularda seminarlar keçirilib. Ölkədə internetin təhlükəsizliyinin təmin olunması üçün müvafiq qanunvericiliyə bəzi dəyişikliklər edilməsi üçün layihələr həyata keçirilir. Hazırda bəzi yeni qanun layihələri və ya normativ hüquqi aktların hazırlanması istiqamətində işlər aparılır.
İnformasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı cənab prezident İlham Əliyev 2012-ci il 6 sentyabr tarixində fərman imzalayıb. Bu fərmana əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması barədə tapşırıq verilib və artıq sözügedən mərkəzin əsasnaməsinin hazırlanması istiqamətində işlər aparılır. Əsasnamə tam formada təyin olunan müddət ərzində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq. Güman edilir ki, yaxın günlərdə mərkəzin əsasnaməsi də təsdiq olunacaq.
Məlumat üçün bildirək ki, Elektron Təhlükəsizlik Mərkəzi bilavasitə biznes sektoruna və vətəndaşlara xidmət göstərəcək.
Qeyd olunmalıdır ki, burada söhbət məsələlərin yerində həll edilməsi deyil, hər hansı bir şikayətlər, təhdidlər olduğu halda onlara qarşı görülə biləcək tədbirləri müəyyənləşdirib əhalini məlumatlandırmaq istiqamətində atılacaq addımlardan gedir.
Bu addımlara mütəmadi olaraq beynəlxalq əməkdaşlıq etmək və bu əməkdaşlıq səviyyəsində müəyyən olunacaq təhdidlərin aşkarlanmasıdır. Yəni hər hansı bir ölkədə təhdid və ya virus mövcuddursa və bu, ölkəmizə hələ gəlib çıxmayıbsa, bununla bağlı əhalinin maarifləndirilməsi həyata keçiriləcək. Məlumdur ki, bu sahədə ölkədə mövcud olan kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri fəaliyyət göstərir. Elektron Təhlükəsizlik Mərkəzində onların fəaliyyətinin də əlaqələndirilməsi nəzərdə tutulub.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda informasiya təhlükəsizliyi üzrə standartlar qəbul olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən beynəlxalq standartlara əsasən hazırlanan Azərbaycanın 14 yerli standartı artıq təsdiq olunub. İnformasiya təhlükəsizliyinin təmin olunması istiqamətində görülən əlavə tədbirlərlə bağlı o da bildirilməlidir ki, RİTN tərəfindən bir sıra seminarlar təşkil olunub. Bu seminarlarda əsasən dövlət qurumlarının nümayəndələrinə internet təhlükəsizliyi ilə bağlı mühazirələr oxunub.
Fərdi məlumatların mühafizəsi
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə RİTN tərəfindən dövlət informasiya ehtiyatlarının reyestrinin, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının (reyestrinin) aparılması üçün proqram təminatı hazırlanıb istifadəyə verilib. Reyestrlərin operatoru olaraq, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və ləğv edilməsi RİTN-ə həvalə edilib və hazırda müvafiq dövlət qurumları, aidiyyəti hüquqi və fiziki şəxslərin malik olduğu informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərə daxil edilməsi istiqamətində RİTN tərəfindən lazımi işlər görülür. Qanunvericiliyə uyğun olaraq, yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq reyestrin operatoruna təqdim edilməlidir.
Həmçinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir. İnformasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması üçün qurumlar elektron imza və ya RİTN tərəfindən təqdim olunan kod-parol vasitəsilə sistemə daxil olaraq lazımi məlumatları (müraciət ərizəsi, qeydiyyat kartı və s.) sistemə daxil edə bilərlər.
Qeydiyyata alınma, ləğv edilmə və düzəliş edilməsi qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları” ilə müəyyən olunmuş tələblər çərçivəsində fərdi məlumatların informasiya sistemləri qeydiyyata alınır, onların qeydiyyatı ləğv edilir və ya onların qeydiyyatına hər hansı düzəlişlər edilir. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması üçün yalnız mülkiyyətçi və ya operator (müraciət edən) adıçəkilən qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ərizə ilə reyestrin operatoruna müraciət edir.
Qaydaların 2 nömrəli əlavəsində nəzərdə tutulmuş qeydiyyat kartı doldurularaq, ərizə ilə birlikdə reyestr operatoruna təqdim edilir. Reyestrin operatoru İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması üçün müraciət edən tərəfindən təqdim edilən sənədləri qəbul edir, xüsusi kitabda qeydə alır, yoxlayır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq qeydə alındığı gündən başlayaraq, bir ay müddətində İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edir və məlumatları Dövlət Reyestrinə daxil edir. Müraciət edənə Dövlət Reyestrindən çıxarış verir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, reyestrin operatoru bu barədə müraciət edənə 5 iş gün ərzində yazılı məlumat verir. Çatışmazlıqlar müraciət edən tərəfindən aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra bir ay müddətində müvafiq qərar qəbul edilir.
Reyestrin operatoru zərurət yarandıqda, İnformasiya Sistemi haqqında müraciət edən tərəfindən təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya Sistemi ilə bilavasitə tanış ola bilər.
Qeydiyyat məlumatlarında hər hansı dəyişiklik olarsa, mülkiyyətçi bu barədə məlumatları 3 iş günü müddətində reyestrin operatoruna təqdim etməlidir. Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını aşağıdakı hallarda ləğv edir:
- mülkiyyətçi tərəfindən İnformasiya Sisteminin dövlət qeydiyyatının ləğvinə dair müvafiq ərizə təqdim edildikdə;
- bu barədə müvafiq məhkəmə aktı olduqda;
- fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinə dair tələblər il ərzində təkrar pozulduqda, reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını ləğv edə bilər.
- İnformasiya Sistemlərinin dövlət qeydiyyatı aşağıdakı hallarda öz hüquqi qüvvəsini itirir:
- dövlət və ya yerli özünüidarə orqanı, hüquqi şəxs olan mülkiyyətçi ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;
- mülkiyyətçi dövlət qeydiyyatından keçirilmiş İnformasiya Sistemini başqasının mülkiyyətinə verdikdə.
İnformasiya Sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə, reyestrdən çıxarış qüvvədən düşmüş hesab edilir və reyestrin operatoruna geri qaytarılmalıdır.
Ərizə formalarının doldurulması qaydaları
Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üzrə prosesin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə dövlət reyestrinin elektron şəkildə aparılmasını və qeydiyyata alınmaq üçün sənədlərin internet üzərindən təqdim edilməsini təmin edən proqram təminatı hazırlanıb.
Qeydiyyatın aparılması üzrə prosedurların həyata keçirilməsi üçün fərdi məlumatların informasiya sisteminin mülkiyyətçisi və ya operatoru bu saytda “Fərdi məlumatların informasiya sistemlərinin Dövlət Reyestri” bölməsinə daxil olmalı və “Profil Yarat” bölməsindən özünə xüsusi profil yaratmalıdır. Yaradılmış profilin aktivləşdirilməsi üçün daxil mülkiyyətçi və ya operator etdiyi elektron ünvana gələn məlumatı açmalı və proseduru tamamlamalıdır.
Bundan sonra “Profilinə daxil ol” bölməsindən ona verilmiş LOGİN və PAROL-dan istifadə etməklə şəxsi profilinə daxil olub qeydiyyatla bağlı əməliyyatları həyata keçirə bilər. Şəxsi profil üzərindən bir sıra əməliyyatlar həyata keçirilə bilər. Bu əməliyyatlara informasiya sisteminin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatına alınmış informasiya sistemi barədə məlumatlara düzəlişin edilməsi və ya informasiya sisteminin dövlət qeydiyyatının ləğv edilməsi üçün Ərizə və Qeydiyyat kartının doldurularaq reyestrin operatoruna göndərilməsi daxildir. Eləcə də sözügedən əməliyyatlara ərizə ilə birlikdə təqdim olunacaq sənədlərlə bağlı məlumatın əldə olunması, təqdim olunmuş ərizənin status barədə məlumatın əldə olunması, informasiya sistemi dövlət qeydiyyatına alındıqda bu barədə bildirişin alınması da aiddir.
Burada qeyd olunmalıdır ki, ərizə və qeydiyyat kartı doldurulduqdan sonra reyestrin operatoruna göndərilməzdən öncə diqqətlə oxunmalı, hər hansı səhvin olmaması barədə razılıq verilməlidir. Ərizə yadda saxlandıqdan sonra reyestrin operatorunun informasiya bazasına daxil olur. Bundan sonra mülkiyyətçi və ya operator “çap et” düyməsindən istifadə etməklə doldurulmuş ərizə və qeydiyyat kartını çap etməli, rəhbərin imzası ilə ərizə təsdiq edilməlidir. Müraciət edən hüquqi şəxs olduqda ərizə möhür ilə təsdiq edilməlidir.
Təsdiqlənmiş ərizə müvafiq sənədlərlə birlikdə qeydiyyata alınmaq üçün şəxsən reyestrin operatoruna təqdim edildikdən sonra qeydiyyata alınır. Təqdim edilməli əlavə sənədlərin siyahısı Qeydiyyat kartında doldurulmuş məlumatlara uyğun olaraq ərizədə öz əksini tapır.
Qeyd edək ki, ərizə sistemdə doldurularaq çap etdirildikdə onun yuxarı sağ küncündə 12 rəqəmli təkrarolunmaz kod qeyd olunur. Ərizə qeydiyyata alınmaq üçün təqdim edildikdə bu kod vasitəsilə təqdim olunmuş ərizə bazadan çıxarılaraq qeydiyyata alınmaq üçün müvafiq qaydada icra olunur.
Seymur Qasımbəyli
s.qasimbeyli@gmail.com
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL