Gürcüstanın İKT siyasəti
«Rabitə dünyası» bu dəfə Azərbaycanın qonşuluğunda yerləşən Gürcüstan Respublikasının informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurları, həyata keçirdiyi layihələri, İKT bazarını və gözləntiləri analiz edib. Qeyd edək ki, aparılan təhlillər zamanı təkcə Gürcüstan hökumətinin İKT ilə bağlı açıqladığı rəsmi məlumat və rəqəmlərdən istifadə olunmayıb, eyni zamanda bu ölkədə İKT üzrə fəaliyyət göstərən müstəqil ekspertlərin fikir və analizlərinə də istinad edilib.
Gürcüstanın İT bazarı
Dünyada son onilliklər ərzində rabitə və informasiya-kommunikasiya texnologiyalarının kəskin transformasiyası olub. Vaxt ötdükcə ümumdünya miqyasına uyğun olan standartların təkmilləşdirilməsi və yeni imkanların yaradılması məsələləri üzə çıxır.
Bundan başqa, tədqiqatlar təsdiq edir ki, İKT ölkələrin inkişafında və rəqabətə davamlılığın artımında daha da əhəmiyyətli rol oynayır. Eləcə də iqtisadi və sosial vəziyyətin müasirləşdirilməsi, inkişaf edən dövlətlərin iqtisadi artımı və yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Hazırkı dönəmdə dövlətlərin iqtisadi artımı informasiya texnologiyaları sahəsindəki hazırlığından və nəticələrindən daha çox asılı hala gəlir. Bu gün bütün postsovet ölkələrində olduğu kimi, Gürcüstanın İT bazarı həm yenidir, həm də yüksək templərlə artır.
Bu tendensiya öz biznesinin genişlənməsi üçün yeni üfüqlər axtaran xarici şirkətlər üçün çox yaxşı göstəricidir. Çünki böyük xarici investisiyalar birinci növbədə bir qayda olaraq, regionun risklərinin qiymətləndirilməsini aparırlar. Və əsas risk amili ölkənin və onun hökumətinin spesifikasıdır. Gürcü hökuməti tez-tez ölkənin qapılarının xarici investorlar üçün açıq olduğunu bildirir. Hökumət bu açıqlamalarla həm ölkəsinə maliyyə vəsaitinin daxil olmasına, həm yeni iş yerlərinin açılmasına, həm də İKT üzrə sıçrayışlı inkişafa nail olmağa çalışır.
«Standard&Poor's»un reytinq agentliyinin qiymətləndirməsinə görə, ölkədə biznesin inkişafı üçün aşağı vergilər və əlverişli iqlim Gürcüstanı investorlar üçün cazibədar edir. Bu ölkədə hesab edirlər ki, əlverişli investisiya mühitinin dünya reytinqində Gürcüstan regionda lider mövqeyini tutur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, 2011-ci ildə Gürcüstan ən islahatçı ölkə statusunu alıb.
Gürcüstanın İT bazarında əsasən simsiz texnologiyalar hesabına artımların olduğu bildirilir. Bu zaman o da qeyd olunmalıdır ki, son bir neçə ildə ölkənin mobil rabitə bazarı 8,9% böyüyüb. Mobil rabitə bazarında 3 əsas şirkət fəaliyyət göstərir və bununla da kifayət qədər rəqabətə davamlı mühiti təcəssüm etdirildiyi bildirilir.
Elektron xidmətlər
Gürcüstan “elektron hökumət” quruculuğu istiqamətində yeni-yeni addımlar atır. Lakin bu istiqamətdə yeni başlasa da, artıq bir çox nailiyyətlər əldə edə bilib.
Misal üçün, bildirək ki, artıq ölkənin demək olar ki, bütün nazirlikləri öz xidmətlərinin böyük əksəriyyətini elektronlaşdıra bilib. Doğrudur, müstəqil ekspertlər hesab edir ki, əhalinin istifadəsinə təqdim olunan e-xidmətlərdən istifadə qaydaları olduqca çətindir və onların sadələşdirilməsi istiqamətində işlər görülməlidir. Lakin bütün bunlarla yanaşı, hazırda Gürcüstan əhalisi vergilərin bütün növlərinin elektron ödənişini və lazımlı informasiyanın alınmasını həyata keçirə bilir.
Azad İqtisadi Zona
Gürcüstanda 2011-ci ildən İKT xidmətlərinin ixracı sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergilərdən azad zona yaradılır. Bu zonada informasiya texnologiya biznesi gəlir vergisindən azad edilib. Eləcə də İT üzrə əlavə dəyər vergisi də aradan qaldırılır. Gürcüstan hökuməti hesab edir ki, İnformasiya texnologiyalarının azad zonasının yaradılması bu ölkə üçün böyük əhəmiyyətə malikdir.
Gürcülər təkcə yerli şirkətlərə deyil, eyni zamanda xarici şirkətlərə də vergilərdən azad sahədən istifadə etməsinə şərait yaradır. Gürcü ekspertlərinin qənaətincə, bu ölkədə proqram təminatının istehsalı, regionun çox dövlətləri ilə müqayisədə daha ucuz başa gəlir.
İnternet
2010-cu ilin məlumatına görə, Gürcüstanda internetin tətbiqinin indeksi 28.3 % təşkil edir. Yəni internetdən 1,300,000 nəfər istifadə edib. Amma bu göstərici növbəti illərdə artan xətt üzrə gedib. Belə ki, 2009-cu ilin məlumatına görə, internet istifadəçilərinin sayı üzrə Gürcüstan 216 ölkə arasında 91-ci yerdə qararlaşıb. Ölkənin əsas internet domeni «ge»dir. Bu domendən dövlət qurumları da istifadə edir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Gürcüstanda fəaliyyət göstərən universitetlər artıq internetə qoşulub və tələbələrə ondan istifadə edilməsi üçün geniş imkanlar yaradılıb. Eyni zamanda ölkənin orta məktəblərində də internetə çıxış otaqları yaradılıb. Lakin burada qeyd olunmalıdır ki, əsasən paytaxtda və böyük şəhərlərdəki orta məktəblərdə şagirdlər internetə daxil ola bilirlər. Gürcüstanın Təhsil Nazirliyinin əsas proqramlarından biri də bütün orta məktəblərin internetlə təmin olunmasından ibarətdir.
Bu ölkənin əhalisinin təxminən yarıdan çoxu internetdən istifadə edir. Onların da böyük əksəriyyəti genişzolaqlı internetin abunəçiləridir. Lakin məlumat üçün bildirək ki, Gürcüstanda mənzillərdən internetə daxil olma səviyyəsi bir sıra postsovet ölkələrindən geri qalır. Bunun da əsas səbəbi ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı olması ilə izah olunur. Amma o da qeyd olunmalıdır ki, bu ölkədə internetin qiyməti qonşu respublikalarla müqayisədə baha deyil, əksinə, bəzilərindən hətta ucuzdur da.
İT üzrə təhsil
Gürcüstan hökuməti İT üzrə mütəxəssislərin yetişdirilməsinə xüsusi önəm verir. Buna görə də ölkədə fəaliyyət göstərən universitetlərin bir çoxunda kompüter və informatika bölmələri və fakültələri yaradılıb. Universitetlərdə elmi tədqiqat işlərinin aparılmasına da böyük önəm verilir.
Lakin qeyd olunmalıdır ki, elm mərkəzləri İT üzrə tədqiqatların aparılması üçün lazım olan miqdarda vəsaitlərə malik deyillər. Yalnız ölkədə xarici təşkilatların köməyinin sayəsində aktual tədqiqatlar aparılır və xarici institutlarla əməkdaşlığı qaydaya salınır. Gürcü təşkilatları, şirkətləri İT sahəsində yüksəkixtisaslı və sertifikatlaşdırılmış mütəxəssislərə böyük önəm verirlər. Buna görə də tələbələr İT sahəsinə son illərdə daha çox gəlməyə başlayıblar. Məlumat üçün bildirək ki,Yüksək Enerjilər İnstitutunda və Gürcüstan Elmlər Akademiyasının Hesablama Riyaziyyatı İnstitutunda beynəlxalq təşkilatların fəaliyyəti nəticəsində qeyri-kommersiya internet mərkəzləri yaradılıb ki, burada da İT mütəxəssisləri hazırlanır.
Amma İT təhsili istiqamətində görülən bir sıra işlər gürcü ekspertləri qane etmir. Onların fikirlərinə görə, ilk növbədə İT üzrə təhsildə islahatlar aparmaq lazımdır. Əhalinin bu istiqamətə marağı artırılmalıdır. Ekspertlərin qənaətincə, bu sahə üzrə nə qədər çox mütəxəssis hazırlanarsa, bir o qədər çox sektorun inkişafı dinamik ola bilər.
Ölkənin İKT-nin inkişafı üçün müəyyənləşdirdiyi prioritetlər
Gürcüstan ekspertlərinin bildirdiyinə görə, informasiya texnologiyaları bir neçə istiqamətə bölünüb. Burada proqram təminatından, xidmətlərdən tutmuş, müxtəlif İT məhsullarının istehsalı nəzərdə tutulur. Burada düşünürlər ki, istehsal ən azı ölkədə olan tələbatı ödəməli və üstəlik, qonşu ölkələrə də ixrac olunmalıdır. Lakin bunu əldə etmək üçün ilk növbədə rəqabətə davamlı malların ixtirası və onların yüksək keyfiyyətinin təmin olunması lazımdır. Eyni zamanda Gürcüstanda hesab edirlər ki, region və eləcə də Qərblə Şərq üçün əhəmiyyətli olan tranzit xətlərinin bu ölkədə salınması İT üzrə gəlirlərin artmasına səbəb ola bilər.
İKT-nin inkişaf etdirilməsi üçün mütəxəssis hazırlığına da xüsusi önəm verilir. Bu ölkədə artıq belə bir deyim də yaranıb: «Yekunda əhəmiyyətli avadanlıq deyil, insandır».
Seymur Qasımbəyli
s.qasimbeyli@gmail.com
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL