Bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrindən 43 bank və 21 BOKT istifadə edib
Bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulması prosesi 2012-ci il ərzində də davam etdirilib və sistemin tələb olunan parametrlərinə cavab verən bütün BOKT-lərin MKR-ə qoşulması prosesi başa çatdırılıb.
İl ərzində reyestrdən 43 bank və 21 BOKT istifadə edib. Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə 2012-ci ilin yekunları barədə “ICTnews” elektron xəbər xidmətinə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, dövr ərzində reyestrdə 1,026,730, o cümlədən banklar və BOKT-lər tərəfindən 1,024,558 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (2011 – 503,163) 2.04 dəfə artıb. 2,043 (2011 – 1,494) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib.
Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1,540,096, kredit məlumatlarının sayı isə 4,249,977 olub. Cəmi zaminlərin sayı isə 545,629-a çatıb.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit üçün müraciət edən tərəfi qiymətləndirmək məqsədilə yalnız banklara və haqqında məlumat toplanmış borcalanlara məxsusdur.
1 fevral 2011-ci il tarixindən bank olmayan kredit təşkilatlarının da MKR-ə qoşulmasını nəzərdə tutan “MKR haqqında” qaydalara əlavə və dəyişikliklər qüvvəyə minib. MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanunla müəyyən edilmiş bank olmayan kredit təşkilatlarının (BOKT), cari və potensial borcalanları haqqında etibarlı məlumatlar almaq, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etmək və bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədilə yaradılıb. Reyestrdə borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL