waplog

AMEA Elmi İnnovasiyalar Mərkəzi hesabat verib


AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA Rəyasət Heyətinin foyesində 2012-ci ilə dair AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) tərəfindən təşkil olunmuş elmi nəşrlər nümayiş etdirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Azərbaycanın “Azerspace-1” adlı ilk telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib, bu hadisənin ölkəmizin tarixində çox əlamətdar və tarixi bir gün olduğunu diqqətə çatdırıb.

AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında çıxış edən mərkəzin direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov mərkəzdə elmi-tədqiqat işlərinin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş nizamnaməyə uyğun aparıldığını bildirib. O, EİM-in fəaliyyətinin əsas məqsədinin respublikada elmi-tədqiqat işlərinin elektron formada qeydiyyatını və təhlilini aparmaq, onların dövlət fondunda toplanması ilə yanaşı, ölkədə elmi-texniki sahədə informasiya resurslarının fondlaşdırılması ilə məşğul olmaq, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələr üzrə fəaliyyət göstərmək, dövlətimizi beynəlxalq səviyyədə innovasiya sahəsində təmsil edən qurum kimi bu istiqamətdəki bütün funksiyaları yerinə yetirməkdən ibarət olduğunu söyləyib.

F.Qasımov bildirib ki, hesabat dövründə EİM 129 elmi təşkilat və ali məktəbdə yerinə yetirilən 741 elmi-tədqiqat, texniki-konstruktor işlərinin qeydiyyatını aparıb və 2273 hesabat sənədi fondlaşdırılıb. Fonda yığılan işlər və avtoreferatlar əsasında 7 məlumat bazası yaradılıb. 2012-ci il ərzində EİM-də innovasiya fəaliyyətinin qiymətləndirilməsində məlumat bazalarının ümumu strukturunun formalaşdırılması, normativ hüquqi, metodoloji mexanizminin formalaşması və informasiya təminatı, sahə innovasiya sisteminin və regional innovasiya sisteminin metodoloji bazalarının yaradılması və tətbiqi, innovasiya fəaliyyətinin qiymətləndirilməsi istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirilib.

Mərkəzdə beynəlxalq əlaqələrin genişləndirildiyini diqqətə çatdıran F.Qasımov bildirib ki, il ərzində “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması Proqramı” üzrə işlər icra edilib, Ukrayna Dövlət Elm, İnnovasiya və İnformasiyalaşdırma Məsələləri Agentliyi və Belarus Elmi-Texniki Sahənin Sistem Təhlili və İnformasiya Təminatı İnstitutu ilə elmi-texniki sahədə innovasiya layihələri müştərək işlənilib.

2012-ci ildə EİM-də AR Dövlət Statistika Komitəsindən AMEA-ya daxil olan 5, digər nazirliklərdən 30 sənədə rəy və təkliflər verilib. Mərkəz hesabat dövründə yüksəkixtisaslı kadrların hazırlanması prosesinə cəlb edilib, 8 nəfər doktorant və dissertant informasiya-innovasiya problemləri üzrə tədqiqatlarını davam etdirib. AMEA Elmi İnnovasiyalar Mərkəzinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirə olunaraq AMEA RH-nin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL