Rəşad Nəbiyev: “Azerspace-1” telekommunikasiya peykinin erkən orbit əməliyyatları plana uyğun müvəffəqiyyətlə davam edir”
"Azerspace-1" telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Kuru kosmodromundan təyin olunmuş geostasionar keçid orbitinə çıxarıldıqdan dərhal sonra peykin sistemləri yoxlanılıb və saz olduğu təsdiq olunub. Hazırda peykin erkən orbit əməliyyatları plana uyğun müvəffəqiyyətlə davam edir.
Orbitin çevrələnməsi üçün tələb olunan mühərrik istifadəsi artıq bir neçə dəfə uğurla yerinə yetirilib"- bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC-də keçirilən mətbuat konfransında qurumun sədri Rəşad Nəbiyev məlumat verib. O bildirib ki, peykdən qəbul edilən məlumat həm Azərbaycandakı stansiyalardan, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzlərindən, həm də dünya üzrə bir neçə stansiyadan izlənilir.
Qurum rəhbərinin sözlərinə görə, peykin idarəetməsi orbitdə aparılan sınaqlar başa çatdıqdan sonra, təqribən mart ayının sonlarına doğru tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcəkdir və müstəqil olaraq "Azərkosmos" ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. "ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peykinin buraxılışı Fransanın "Arianespace" şirkəti tərəfindən "Ariane-5" raketdaşıyıcısı ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur.
Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3.2 ton çəkisi olan "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir.
Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub".
"Azerspace-1" peykinin ölkəmiz üçün gətirəcəyi dividendlərə gəlincə, R.Nəbiyev qeyd edib ki, peykimiz orbitə buraxılandan sonra Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaqdır. "Azerspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Güclü strateji tərəfdaşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri "Azərkosmos" ASC tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstəriləcəyinə olan etimadı artıraraq layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir".
Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan önəmli addım kimi dəyərləndirən R.Nəbiyev bildirib ki, bu layihə ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası üçün mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir. "Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Əlamətdar haldır ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40 faizi artıq uzunmüddətli icarə razılaşması əsasında Malayziyanın peyk operatoru olan "MEASAT" şirkətinə satılıb. Məlumdur ki, Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-nə ehtiyac vardır, tutumların qalan hissəsi üzrə isə xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılıb, təkliflər qəbul olunub və bir çox razılaşmalar əldə olunub. Hazırda, daha çox satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport şirkətləri ilə danışıqlar aparılır, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə iş aparılır".
"Azerspace-1" peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə gəlincə, qurum rəhbəri qeyd edib ki, orbitdə baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azerspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaqdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL